Azərbaycan Respublikasının Dövlət Mükafatına təqdim olunmuş Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laureatı, tibb elmləri üzrə fəlsəfə doktoru Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabının (I və II cildi) müzakirəsi keçirildi.
2 saylı Bakı Baza Tibb Kollecində keçirilən müzakirəni giriş sözü ilə açan kollecin həmkarlar ittifaqının sədri Simuzər Zeynalova Ulu Öndər Heydər Əliyevin Azərbaycan siyasi natiqliyinin təşəkkül tapmasında mühüm rolu olduğunu qeyd edərək, Nağdəli Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabında Onun nitq mədəniyyətinin elmi şəkildə üzə çıxarıldığını vurğuladı.
Tədbirdə çıxış edən kollecin Azərbaycan dili müəllimi Zemfira Müslümova qeyd etdi ki, müəllifinin ixtisasca həkim olmasına baxmayaraq, kitaba yazılan rəylərdən bəlli olur ki, elmi araşdırması dilçi-mütəxəssis alimlər tərəfindən rəğbətlə qarşılanıb və əməyi dəyərincə qiymətləndirilib. O, ilk dəfə olaraq Heydər Əliyevin nitqindəki məntiqi ardıcıllığın, poetik duyğuların, üslub xüsusiyyətlərinin geniş və əhatəli şəkildə öyrənildiyini diqqətə çatdırdı.
Müzakirədə çıxış edən YAP Yasamal rayon təşkilatı 2 saylı Bakı Baza Tibb Kollecinin ərazi ilk partiya təşkilatının sədri Gülər Quluzadə kollecin tədris işləri üzrə müdir müavini Vəfa Əliyeva və digərləri çıxışında kitab haqqındakı fikirlərini bölüşərək, sözügedən nəşrdə Ulu Öndər Heydər Əliyevi nitq mədəniyyətinin müəllif tərəflərdən aradıcıl olaraq öyrənildiyini diqqətə çəkərək, hər iki cildin dilçilik elmi tarixində rolunu qeyd edib, gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb edəcək elmi tədqiqat əsəri olduğunu bildirdilər.
Müzakirədə bu nəşrin təqdim olunduğu yüksək mükafatı almağa tam layiq olduğu vurğulandı və N.Zamanovun "Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti" kitabı 2016-cı il üçün elm sahəsində Azərbaycan Respublikasının Ali Dövlət Mükafatına namizədliyinin dəstəklənməsi ilə bağlı qərar qəbul olundu.
Nəzakət ƏLƏDDİNQIZI