"Növbəti görüşdən ümidverici nəsə gözlənilmir və müharibənin baş verməsi qaçılamzdır"
Məlum olduğu kimi, Vyanada ATƏT-in Minsk Qurupunun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüşü keçirilib. Maraqlı məqam ondan ibarətdir ki, aprelin əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin həmləsi nəticəsində Ermənistan ordusu ağır məğlubiyyətə düçür olub, bir neçə yüksəkliyi və yaşayış məskənlərini itirdikdən sonra S. Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqların dayandırıldığını bəyan etmişdi. Nə baş verdi ki, Sarkisyan sözünü tutmaqdan imtina etmək məcburiyyətində qaldı? Bu görüş də nəticəsiz qalsa Azərbaycan müharibə variantını seçə bilərmi? Bu sualları cavablandırarkən, müsahiblərimiz növbəti görüşdən ümidverici nəsə gözlənilmədiyini və müharibənin qaçılmaz olduğunu bildirdilər.
Millət vəkili, professor Musa Qasımlı: "Hərbi əməliyyatların başlanması Ermənistan üçün fəlakətlə nəticələnəcək"
- Ermənistan başçısının görüşə razılıq verməsi ona edilən təzyiqlər və Azərbaycanın son döyüşlərdə qazandığı qələbə ilə bağlıdır. Hesab edirəm ki, Minsk Qrupunun həmsədr ölkələri əgər həqiqətən, işğala son qoymaq istəyirlərsə, onda təcavüzkar və təcavüzə məruz qalan arasında fərq qoymalı, ikili standartlardan əl çəkməlidirlər. Ermənistan isə görüşləri imitasiya etməməlidir. Əks- təqdirdə, gərginlik davam edəcək. Azərbaycan bir qarış torpağını güzəştə getməyəcək və nəyin bahaslna olursa-olsun, işğaldan azad edəcək. Hərbi əməliyyatların başlanması Ermənistan üçün fəlakətli nəticələnəcəkdir.
Politoloq Elçin Mirzəbəyli: "Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, Azərbaycanın Ordusu yenə də öz sözünü deyəcəkdir"
- Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində keçirilən görüşlə bağlı öncədən müzakirə olunacaq məsələlər məlum idi. Bu, ilk növbədə cəbhə xəttində atəşkəsin qorunması və təhlükəsizlik tədbirlərinin görülməsi ilə əlaqədar idi. İndiki şəraitdə bu görüşə kifayət qədər diqqət var. Lakin görüş ərəfəsində Ermənistanın verdiyi bəyanatlar və aqressiv davranışlar görüşdə hər hansı bir irəliləyişin baş verməsi ilə bağlı ümidverici notlar üzərinə köklənməyə imkan vermir. Amma əgər bu görüşdə yenə işğalçı ölkə olan Ermənistan ənənəvi qaydada özünün aqressiv siyasətini davam etdirəcəksə, bundan sonrakı söz, şübhəsiz ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin və Dağlıq Qarabağ münaqişəsinin həllində cavabdeh olan və BMT qətnamələrinin yerinə yetirilməsinə görə, məhsuliyyət daşıyan həmsədr dövlətlərin üzərinə düşür. Ermənistan özünün işğalçılıq siyasətini davam etdirəcəksə, Azərbaycanın Ordusu yenə də öz sözünü deyəcəkdir.
GÜLYANƏ