"Ermənistan tərəfi cəbhənin müxtəlif istiqamətlərində öz təxribatlarını hələ də davam etdirir. Hətta deyərdim ki, xeyli fəallaşıblar. Onlar ən xırda məqamlardan ("Avroviziya" mahnı müsabiqəsindən, başqa-başqa sərgilərdən və s) istifadə edərək, öz çirkin niyyətlərini həyata keçirirlər". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, rəsmi İrəvan qondarma erməni soyqırımının tanınması, Dağlıq Qarabağda qondarma rejimin tanınması ilə bağlı hər bir vasitəyə əl atır: "İndi də onlar Almaniya dövlətində diaspor fəaliyyətini gücləndiriblər və orada müəyyən erməni lobbiləri işləyir. Beləcə, Almaniya dövləti hazırda qondarma erməni soyqırımının tanınmasına hazırlaşır".A.Nağı əlavə edib ki, çox təəssüf ki, oradakı bu qanun layihəsinin təşəbbüskarlarından biri də Almaniya parlamentinin türk əsilli deputatıdır: "Həmin deputat həmçinin yaşlılar partiyasının həmsədridir. Burada bir növ qəribə proses gedir. Mən inanmıram ki, Almaniya parlamentində qondarma erməni soyqırımının tanınması ilə bağlı belə bir qərar, qətnamə qəbul edilsin. Bu, inandırıcı deyil. Çünki Almaniya parlamentinin əksəriyyəti düzgün düşünən və düşüncəli insanlardır. Amma yenə də o gündəliyin ortalığa çıxarılması ermənilər üçün bir təbliğat vasitəsidir. Hesab edirəm ki, bunun nəticəsi olmayacaq".
sia.az