Milli Məclisdə "Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında hava nəqliyyatı haqqında" Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi müzakirə olunub. SİA-nın xəbərinə görə, müzakirələr zamanı çıxış edən millət vəkili Siyavuş Novruzov bildirib ki, sözgedən sazişə qoşulmaq hər iki ölkənin siyasi iradəsindən irəli gələn məsələdir: "Burada siyasi iradədən söhbət gedir. Biz ABŞ-a hava nəqliyyatı ilə bağlı bitərəfli qaydada icazə vermişik. 2011-ci ildə Amerikada terror hadisələri baş verdiyi zaman Azərbaycan anti-terror koalisiyasına qoşuldu və bundan sonra ABŞ-ın hərbi və digər aviasiya növləri Azərbaycanın hava məkanından keçməklə müəyyən yüklərin, əhalinin, əsgərlərin daşınmasını həata keçirdi. Bu baxımdan hesab edirəm ki, belə bir sazişin bağlanması həm Azərbaycan, həm də ABŞ üçün də çox əhəmiyyətlidir".Layihə hərtəfəli şəkildə müzakirə olunduğunu deyən millət vəkili onun təsdiqlənməsinin tərəfdarı olduğunu bildirib: "Hər bir müqaviləyə, sazişə birtərəfli qaydada etiraz edib, şərt qoymaq olar. Lakin sözügedən saziş iki dövlət arasındadır. Azərbaycan bir sıra beynəlxalq sazişlərdə Ermənistanla olan maddələrə qoşulmur və şərt qoyuruq ki, bu məsələlər yerinə yetirilməsə, müqavilədə iştirak etməyəcəyik. Hesab edirəm ki, Azərbaycanın ABŞ-la istər iqtisadi, istər siyasi, istərsə də strateji müttəfiqiliyi bundan sonra davam etməli, əməkdaşlığımız daha da genişlənməlidir. Sözügedən saziş atılan ilkin addımlardan biridir. Düşünürəm ki, biz ABŞ-la digər sahələr üzrə də sazişlər imzalamalıyıq. Hər kəsi layihənin səs verməsinə çağırıram". Layihə müzakirələrdən sonra qəbul edilib.
sia.az