Təhsildə olduğu kimi, elmdə də fasiləsizlik təmin olunmalı və magistrlara möhlət hüququ verilməlidir". SİA-nın xəbərinə görə, bu fikirləri millət vəkili Qüdrət Həsənquliyev Milli Məclisin bugünkü iclasında "Elm haqqında" qanun layihəsinin müzakirələri zamanı səsləndirib. Onun sözlərinə görə, magistrlara hərbi möhlət verilməlidir: "Aprel döyüşlərində 700 bal toplamış gəncimiz həlak oldu. Vətəni qorumaq hər bir azərbaycanlının borcudur. Lakin vətəni təkcə səngərdə deyil, öz sahəsində də müdafiə etmək mümkündür. Aprel döyüşlərində həlak olan gənc daha çox elmi sahədə töhfələr verə bilərdi. Bu baxımdan təklif edirəm ki, elmi fəaliyyətin davam etdirilməsi üçün magistratura və doktoranturaya qəbul olmuş şəxslər hərbi vəzifədən azad olunmalı, fəlsəfə doktorları isə orduya çağırılmamalıdır. Ermənilərə üstün gəlməyimizin bir yolu da elmin üstünlüyündən keçir".Deputat elm üçün ayrılmış vəsaitin və elmi işçilərin maaşlarının artırılmasına da toxunub: "Elmi işçilərin əmək haqqı artırılmalıdır. Gənc alimlərinin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. Buna görə ehtiyacı olan işçilərə sosial ipotekanın tətbiq edilməsi yaxşı olardı".Çıxış edən millət vəkili Fazil Mustafa gəncləri təhsildən ayıraraq hərbi xidmətə cəlb etməyin yanlış olduğunu deyib. O, təhsildə fasiləsizliyin təmin edilməsi ilə bağlı müddəanın qanun layihəsinə əlavə olunmasını təklif edib.
sia.az