Bugün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında "Fitnə" filminə kütləvi baxış keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, filmin ssenari müəllifi Nadir Bədəlov və məsul şəxslər, eləcə də gənclər iştirak ediblər.Rektor, akademik Urxan Ələkbərov tədbirin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərimizə bağlılığının qorunması, milli yaddaşın möhkəmlənməsi, ölkəmizdə mövcud tolerant mühitin qorunması və təbliği baxımından böyük əhəmiyyət daşıdığını deyib.Rektor milli-mənəvi dəyərlərin qorunub saxlanması, gənc nəslə aşılanması, gənclərin radikal dini cərəyanların təsiri altına düşməməsi və bu istiqamətdə məlumatlandırılmasının təmin edilməsi üçün maarifləndirici tədbirlərin daha çox keçirilməsinin önəmini qeyd edib.Komitə sədri Mübariz Qurbanlı bildirib ki, "Fitnə" filminə müxtəlif qurumlarda, xüsusilə ali təhsil ocaqlarında kütləvi baxış keçirilməsi planlaşdırılır: "Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini radikalizmə qarşı tədbirləri kəmiyyət və keyfiyyət baxımından yeni mərhələdə, ardıcıl və intensiv şəkildə həyata keçirir. Dini radikalizmlə mübarizə çərçivəsində respublikanın bütün bölgələrində regional konfranslar təşkil olunur, çoxsaylı seminarlar, görüşlər keçirilir, həmçinin müxtəlif kitab və digər çap materialları nəşr edilərək yayılır. Lakin aparılmış təhlillərin nəticəsi təsdiqləmişdir ki, dini radikalizmin fəsadlarını cəmiyyətin bütün təbəqələrinə çatdırmaq və insanları məlumatlandırmaqla onları bu mübarizəyə cəlb etmək üçün peşəkar səviyyədə sənədli filmin çəkilməsinə ciddi ehtiyac var. Bu səbəbdən də Dövlət Komitəsi dini radikalizmlə mübarizə çərçivəsində sənədli filmin təbliğat baxımından qısa vaxtda ciddi uğur qazanacağını hesab edərək, radikalizmlə mübarizənin dini, psixoloji, hüquqi, siyasi və mənəvi tərəflərinin işıqlandırıldığı "Fitnə" adlı sənədli film hazırlayıb".Komitə sədri deyib ki, film vasitəsilə dini radikalizmin qurbanı olmuş insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərin timsalında bu problemin cəmiyyət və dövlətimiz üçün nə qədər təhlükəli olduğu dolğun şəkildə açıqlanır. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olmuş birlik və bərabərlik, xalqımızın tolerantlıq keyfiyyətləri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.Daha sonra filmə tamaşa edilib və film ətrafında müzakirələr aparılıb.
sia.az