Bu gün Vergilər Nazirliyində mətbuat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfranda vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov, vergilər nazirinin digər müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri İlkin Vəliyev, vergilər nazirinin müşaviri Habil Məmmədov və Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva iştirak ediblər.Vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Sahib Ələkbərov tədbiri açaraq bildirib ki, ölkədə yaranmış yeni iqtisadi şəraitə və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişlərinə uyğun olaraq, biznes mühitinin daha da yaxşılaşdırılması üçün, həm qanunvericilik səviyyəsində, həm də vergi inzibatçılığında geniş islahatlar həyata keçirilir, ölkədə sahibkarlığın inkişafına yönəldilmiş konkret addımlar atılır: "Sahibkarlıq subyektlərində dövlət qurumları tərəfindən aparılan bütün yoxlamalar və nəzarət tədbirləri vergi yoxlamaları istisna olmaqla, 3 il müddətinə dayandırılıb, sahibkarlığın inkişafına əngəl yaradan halların aradan qaldırılması, dövlət orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, şəffaflığın təmin edilməsi istiqamətində tədbirlər həayata keçirilir. Vergilər Nazirliyi də öz səlahiyyətləri çərçivəsində kiçik sahibkarlıq subyektlərindən səyyar vergi yoxlamaları və 3 istiqamət (əmək müqavilələrinin bağlanması, aksizli məhsulların satışı zamanı aksizlərin tətbiqinə nəzarət və dövriyyənin müəyyənləşdirilməsi üçün xronometraj metodu ilə müşahidələrin aparılması) istisna olmaqla əksər operativ nəzarət tədbirlərini dayandırıb. Ötən ilin 4 ayına nisbətən cari ilin müvafiq dövründə səyyar vergi yoxlamalarının sayı 45,1 faiz, kameral vergi yoxlamaları təxminən 2,5 dəfə, operativ nəzarət tədbirlərinin sayı isə 13 dəfə azaldılıb. Cari ilin əvvəllərində vergi qanunvericiliyinə edilmiş dəyişikliklərlə ölkədə vergi yükü azaldılıb, vergi inzibatçılığının çevikliyi təmin edilib. Bütün bunlar biznes mühitinin səmərililiyinə, vergi ödəyicilərindən daxil olan şikayətlərin azalmasına, sahibkarların rahat fəaliyyət göstərməsinə, vergi daxilolmaları üzrə proqnoz tapşırıqlarının icrasının təmin edilməsinə öz müsbət təsirini göstərib. 2016-cı ilin yanvar-aprel ayları ərzində Vegilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 2 milyard 204 milyon 972,7 min manat vəsait daxil olub, proqnoz tapşırığına 104,8 faiz əməl edilib".Bununla yanaşı, nəzarət tədbirlərinin sayının azaldılmasından sui-istifadə edərək biznes subyektlərinin uçot-hesabat işlərində qeyri-şəffaflığa, dövriyyənin gizlədilməsinə, fiziki şəxslərin əmək müqaviləsi bağlamadan işlərin yerinə yetirilməsinə cəlb edilməsinə, saxta aksizli əmtəələrin satışının təşkili vəs. kimi qanun pozuntularına yol verilməsi hallarının sayının hələ çox olduğunu diqqətə çatdıran S.Ələkbərov cari ilin ötən dövrü ərzində keçirilmiş xronometraj müşahidələr, habelə məsafədən məlumat ötürmə qurğuları nəticəsində bir sıra iri ticarət obyektlərində ticarət dövriyyəsinin dəfələrlə, hətta bəzən 10 dəfədən də çox azaldıldığının aşkar edildiyini bildirib. O, belə vergi ödəyicilərinə qarşı qanunvericilikdə nəzərdə tutulmuş inzibati tədbirlərin görüldyünü, həmin tədbirlərin bundan sonra da davam etdiriləcəyini və vergi qanunvericiliyinə əməl etməyənlərə qarşı daha sərt tədbirlər görüləcəyini vurğulayıb.Son günlər mətbuatda iri ticarət şəbəkələrinin sahiblərinin hökumətdən əlavə dəyər vergisi (ƏDV) ilə bağlı güzəşt istəməsi məsələsinə toxunan nazir müavini qeyd edib ki, həm yerli, həm də beynəlxalq ekspertlərin mövqeyi belədir ki, Azərbaycanda ƏDV-nin dərəcəsi ölkədəki iqtisadi reallıqlara, Avropa və MDB ölkələrindəki dərəcələrə tam uyğundur. S.Ələkbərov ƏDV-nin ümumi vergi daxilolmalarının təxminən 1/3-ni təşkil etdiyini, bu vergiyə münasibətdə güzəştlərin tətbiqinin büdcə gəlirlərinə ciddi təsir göstərə biləcəyini, beynəlxalq təcrübədə bu cür vergi güzəşlərinin, bir qayda olaraq, dövlətin inkişafını xüsusi nəzarətə götürdüyü istehsal, innovativ inkişaf və geniş investisiya qoyuluşu tələb edən sahələrin dəstəklənməsi, eləcə də ayrı-ayrı regionların və iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafını təmin etmək məqsədilə tətbiq olunduğunu nəzərə çatdırıb."Populist çıxışlarla bu məsələdən bir təzyiq vasitəsi kimi istifadə etməyə cəhd göstərənlər isə bilməlidirlər ki, vergi güzəştləri kiminsə istəyi, xahişi ilə deyil, dövlətin həyata keçirdiyi iqtisadi siyasətə uyğun olaraq, aidiyyatı dövlət qurumlarının ölçülüb-biçilmiş konkret iqtisadi hesablamalarına əsaslanan təhlillər nəciəsində, müəyyən müddətə edilir. Vergi qanunvericiliyində ayrı-ayrı sahələrin inkişafı üçün kifayət qədər güzəştlər mövcuddur. İndiki mərhələdə ayrı-ayrı ticarət şəbəkələrinə ƏDV ilə bağlı vergi güzəştlərinin verilməsi məqbul hesab olunmur" deyə, nazir müavini əlavə edib.Sonda nazirliyin rəhbər vəzifəli şəxsləri KİV nümayəndələrinin suallarını cavablandırıblar.
sia.az