Nəriman Əliyev: "Mehriban Əliyeva cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir"
Mayın əvvəllərindən başlayaraq, amnistiya veriləcəyi barədə yayılan xəbərlər reallığa çevrilməyə başlayır. Belə ki, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib.
Bununla bağlı "Səs" qəzetinə açıqlamasında Milli Məclisin deputatı Nəriman Əliyev bildirib ki, artıq bu təklif Mehriban xanım Əliyeva tərəfindən dördüncü dəfə reallaşdırılıb: "Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə çalışan Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu mötəbər təklifi, əlbəttə ki, insanları sevincinə səbəb olan böyük hadisədir. Digər tərəfdən, Onun tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış bu amnistiya aktı böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb edir. Amnistiya aktının qəbulu ilə bağlı Milli Məclisə müraciət edən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın ötən amnistiya aktı təklifi verərkən səsləndirdiyi fikirlərini bir daha xatırlatmaq istərdim. O, qeyd etmişdi ki, bu təşəbbüsü irəli sürərkən səhv etmiş, cinayət törətmiş insanlara bir daha imkan verməliyik ki, onlar azad həyata qayıtsınlar, ailələrinə, yaxınlarına qovuşsunlar, cəmiyyətdə öz yerlərini tapa bilsinlər. Ağır cinayət törətməyən insanları bağışlayarkən, biz həm onları normal həyata qaytarırıq, həm də müstəqil Azərbaycanın humanizm prinsipləri əsasında inkişaf etdiyini nümayiş etdiririk. Mən əminəm ki, cəmiyyətdə bütün ağır və çətin problemləri xeyirxahlıqla, insansevərliklə, mərhəmətlə həll etməyə çalışmaq lazımdır. Bu, vətəndaş cəmiyyətinin formalaşmasında ən əsas şərtlərdən biridir".
"Bu vətəndaş cəmiyyətinin inkişafı, onun qorunması istiqamətində çox mühüm bir addım olacaq"
Bəli, bu, həqiqətən də belədir. Vətəndaş cəmiyyətinin inkişafı, onun qorunması, inkişaf etdirilməsi üçün bu, çox mühüm bir addım olacaq. Nəriman Əliyev qeyd edib ki, bundan öncəki amnistiya aktlarında, əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum olunmuş qadınlar, birinci qrup əlillər və sair insanlar Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxslər, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumları, 1948-1953 və 1988-ci illərdə etnik təmizləmə, terrorçuluq və soyqırımı siyasəti nəticəsində Ermənistandan deportasiya olunmuş, 1988-1993-cü illərdə Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş, 1990-cı il 20 Yanvar faciəsində və ya Xocalı soyqırımında əlil olmuş şəxslər və ya şəhid olmuş şəxslərin yaxın qohumları, bəzi digər kateqoriyalardan olan şəxslər məhkumluq cəzasından azad ediliblər: "Bu dəfə də bir çox vətəndaşlarımız azad olunaraq öz doğmalarına və yaxınlarına qovuşacaqlar. Təsəvvürünüzə gətirin, 3500 nəfər azadlığa çıxaraq, həyatlarında yeni səhifə açacaqlar. Bir çoxlarının isə həbs müddətləri azaldılacaq. Ona görə də amnistiya qərarlarının qəbulu ilə bağlı ölkədə formalaşmış müsbət ənənənin Heydər Əliyev Fondu tərəfindən geniş miqyasda davam etdirilməsi Azərbaycanda humanist dəyərlərin ictimai şüurda möhkəmlənməsinə xidmət edir. Ümummilli Liderin humanist siyasətinə daim yüksək sədaqət nümayiş etdirən fondun prezidenti Mehriban xanım Əliyeva bu təşəbbüsün vətəndaşların qanunlara hörmət ruhunda tərbiyəsinə müsbət təsir göstərəcəyinə ümid edərək, cəzadan azad edilən şəxslərin cəmiyyətə qayıdaraq vətəndaş cəmiyyətinin qurulmasına müsbət töhfələrini verəcəklərinə inanaraq, 28 May Respublika Günü ərəfəsində məhkumların ailələrinə qovuşmalarını arzulayaraq, belə bir missiya ilə çıxış edib. Təbii ki, Milli Məclis bu nəcib təşəbbüsü dəstəkləmiş, qəbul olunmuş növbəti amnistiya aktına əsasən, böyük ictimai təhlükə törətməyən və az ağır bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, birinci və ya ikinci qrup əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar və bəzi digər kateqoriyalardan olan məhkumlar cəzalarından azad ediləcəklər. Həmçinin, azadlıqdan məhrum edilmiş və cəzalarının bitməsinə bir il qalmış qadınlara və altı ay qalmış kişilərə, azadlığın məhdudlaşdırılması cəzalarının bitməsinə iki il qalmış qadınlara və bir il qalmış kişilərə, islah işləri, ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlara amnistiya tətbiq edilməklə onların cəzadan azad olunmaları gözlənilir".
Millət vəkili son olaraq, onu da qeyd edib ki, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dördüncü dəfə amnistiya təşəbbüsü ilə çıxış etməsi yüksək insani dəyərlərin, mərhəmət hissinin cəmiyyətə aşılanmasına, ictimai şüura hakim kəsilməsinə yönəlmişdir: "Fond cəmiyyəti mərhəmət və humanizm ruhunda kökləməyə yönəlmiş nəcib addımlarını bu gün də inamla davam etdirir. İnanırıq ki, Heydər Əliyev Fondu bundan sonra da insan hüquq və azadlıqlarının keşiyində etibarlı dayanmaqla, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu siyasətinə öz töhfəsini verəcəkdir. Biz də Mehriban xanımın bu addımını dəstəkləyir, Ona gələcəkdə də bu cür humanizm prinsiplərinə dəyər verəcək uğurlu addımlar atmasını arzulayırıq".
R.HÜSEYNOVA