"Ümumiyyətlə yetkinlik yaşına çatmayan şəxlərin cinayət əməllərinə cəlb olunması haqqında materialların dərci xüsusi həssaslıq və diqqət tələb edən bir məsələdir". Bunu SİA-ya Mətbuat Şurasının sədr müavini, Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşviq Ələsgərli Prezident İlham Əliyevin "Kütləvi informasiya vasitələri haqqında" qanunda dəyişikliklər edilməsi barədə" qanunun tətbiqi barədə sərəncamına münasibət bildirərkən deyib.Sədr müavinin sözlərinə görə, sözügedən məsələ xüsusi diqqət və yanaşma tələb edir: "Niyə görə? Çünki azyaşlılar hələ yetkinlik yaşına çatmayıblar və özünü idarəetmə vəziyyətində deyillər. Təbii ki, onlar haqqında yayılan informasiyaların gələcəkdə hansı fəsadlar törədə biləcəyini dəqiqləşdirmək imkanında deyillər. Bu baxımdan Azərbaycan qanunvericiliyində, KİV haqqında qanunda, həm də digər qanunvericilik aktlarında yetkinlik yaşına çatmayan şəxslər haqqında informasiyalar verilərkən mütləq onların valideyinlərinə və yaxud da valideyinləri olmadığı təqdirdə qəyyumluq işini icra edən şəxslərə məlumat verilməlidir. Bu indiyədək belə idi".M.Ələsgərli əlavə edib ki, dəyişiklikdən sonra isə valideyin və himayəsində olduğu şəxslərlə yanaşı baş vermiş hadisə üzrə məsələni araşdıran hüquq-mühafizə orqanların razılığının alınması da gündəmə gətirilib: "Təbii ki, bu da kifayət qədər aktual məsələdir. Çünki biz praktikada tez-tez rastlaşırdıq ki, azyaşlı cinayət əməllərinə cəlb olunur və onun haqqında informasiya yayılır. Hətta çox zaman onun adı, soyadı və yaxud da hadisənin detalları olduğu kimi media qurumlarında dərc olunur. Bu da gələcəkdə o şəxs haqqında neqativ halların formalaşmasına səbəb olur. Çünki yayılmış informasiyalar internetdə, KİV qurumlarında qorunub saxlanılır və gələcəkdə həmin şəxslər özü haqqında neqativ informasiyaların ortalığa çıxmasının şahidi olur. Hətta çox zaman cinayət məsuliyyətinə cəlb olunmuş azyaşlının, yetkinlik yaşına çatmayan şəxslərin valideyinləri də çox vaxt qanunvericilik haqqında məlumatsız olurlar. Bu praktika ilə biz mediada tez-tez rastlaşırıq. Bu baxımdan hesab edirəm ki, qanunvericilikdəki dəyişiklik yerində verilmiş bir qərardır".
sia.az