"Təbii ki, Azərbaycan və Ermənistan prezidentlərinin Vyanada keçirilən görüşünün bütün mahiyyəti bizə tam bəlli deyil. Şübhəsiz ki, danışıqlar prosesinin ictimaiyyətə açıqlanmayan məqamları da var. Amma orada verilən bəyanatlar ümidvericidir". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini, politoloq Elçin Mirzəbəyli deyib.Politoloqun sözlərinə görə, ABŞ, Rusiya təmsilçilərinin, bütövlükdə isə bütün vasitəçilərin proseslərin gedişi ilə bağlı pozitiv bəyanatları var: "Hətta növbəti danışıqların baş tutacağı təqdirdə problemin həllinə xeyli yaxınlaşacağı fikirləri də səsləndirilir. Bunların nə qədər real olub-olmadığını zaman göstərəcək. Təcrübəmizindən çıxış edərək bir məqama xüsusi olaraq diqqət çəkmək mümkündür ki, indiyədək belə bəyanatlar çox verilib. Hər prosesdən sonra danışıqlar prosesinin irəliləcəyi, problemin həll olunacağı barədə ATƏT rəsmiləri, həmsədrləri tərəfindən ümidverici bəyanatlar səsləndirilib. Bundan sonra da Ermənistanın məlum davranışları nəticəsində proses yenidən pozulub. İndiki şəraitdə reallıqlar fərqlidir. Burada Azərbaycanın öz mövqelərini möhkəmləndirməsi qabarıq şəkildə görünür. Bu həm hərbi müstəvidə, həm də siyasi, beynalxalq müstəvidə də özünü büruzə verir. Təbii ki, bu reallıqlar Ermənistanın mövqeyinə də müəyyən təsir göstərir. Nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil siyasət yürüdən dövlət deyil".E. Mirzəbəyli əlavə edib ki, Ermənistan hər hansı bir formada ciddi qərarlar qəbul etmək imkanında və potensialında deyil: "Əgər regional, beynəlxalq güclər bu prosesdə Ermənistana təzyiqlərini davam etdirərlərsə və onu münaqişənin həlli istiqamətində konkret addımlar atmağa sövq edərlərsə, o zaman təbii ki, prosesin irəliləməsində müəyyən qədər irəliləyişə nail olmaq olar. Ümumiyyətlə bu danışıq prosesi Azərbaycan üçün son mərhələdir. Ermənistanın təxribatlarına qarşı həyata keçirilən əməliyyatlar ona görə dayandırıldı ki, Azərbaycan beynəlxalq təşkilatların, ATƏT-in Minsk qrupunun həmsədrlərinin çağırışlarını eşitdi və sülh danışıqlarına sadiq olduğunu bəyan etdi. Lakin bu bəyanat, prinsiplər ölkəmizə növbəti mərhələdə daha sərt addımlar atmağa imkan verir".
sia.az