PDF Oxu

Siyasət

  • 37

Vyana görüşü Azərbaycanın qətiyyətli mövqeyinin göstəricisidir

Vyana görüşü Azərbaycanın qətiyyətli mövqeyinin göstəricisidir

İlham Əliyev: "Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır"

Məlum olduğu kimi, aprelin 16-da Avstriyanın paytaxtı Vyana şəhərində Azərbaycan və Ermənistan prezidentlərinin görüşü baş tutdu. Qeyd edək ki, bu görüş aprelin əvvəlində Azərbaycan Ordusunun cəbhə xəttində qazandığı uğurlar nəticəsində mümkün oldu. Yəni bu görüş cəbhədə qazanılan uğurların diplomatiyada davamı idi.

Eyni zamanda, bu görüş Azərbaycanın Dağlıq Qarabağ problemi ilə bağlı yürütdüyü xarici siyasətin də effektivliyini göstərdi.

Bu gün Azərbaycanın xarici siyasətinin başlıca məqsədlərindən biri ərazi bütövlüyümüzün bərpa olunmasına xidmət edən beynəlxalq fəaliyyətin həyata keçirilməsidir. Məhz bu uğurlu fəaliyyətin nəticəsidir ki, Ermənistan bütün dünyada işğalçı kimi tanınır, Azərbaycana qarşı hərbi təcavüzünün beynəlxalq ictimaiyyətə çatdırılması ölkəmizin xarici siyasətinin həyata keçirilməsində iştirak edən bütün subyektlərin fəaliyyətlərində prioritet yer tutur. Xarici siyasətimiz qarşısında hücum strategiyasını müəyyən edən Prezident İlham Əliyev həm də erməni yalanlarının ifşa edilməsi və dünya miqyasında yayılması istiqamətində də Azərbaycan diplomatları qarşısında ciddi tapşırıqlar qoyub. Məhz bu istiqamətdə atılan təsirli addımların nəticəsidir ki, Ermənistanın hərbi təcavüzü şəraitində Azərbaycanın ümumi inkişafı və xarici siyasət strategiyası yüz ildən artıq bir dövr ərzində erməni ideoloqları tərəfindən formalaşdırılan böyük bir xülyanı tamamilə boşa çıxarıb. Xüsusilə də, bu günlərdə hər iki dövlətin prezidentlərinin Vyanada keçirilən görüşlərinin nəticəsi də bir daha göstərdi ki, dünya birliyi ölkəmizlə hesablaşır.

Zahid Oruc: "Vyana görüşü Azərbaycanın maraqları baxımından çox əhəmiyyətli hadisə idi"

Milli Məclisin deputatı Zahid Oruc Vyana görüşü ilə bağlı münasibətini bildirərəkən, bu görüşün Azərbaycanın maraqları baxımından çox əhəmiyyətli hadisə olduğunu bildirib: "Atəşkəsdən keçən 22 il ərzində müxtəlif danışıqlar ayrı-ayrı təşəbbüslərin şahidi olmuşuq. Aprel döyüşlərindən sonra Ermənistan tərəfi müxtəlif iddialar və şərtlər irəli sürməyə başlamışdı. Sanki 20 faiz ərazimizin Ermənistan tərəfindən işğalı beynəlxalq hüquqi cinayət deyilmiş, amma aprel döyüşlərində pozulmuş atəşkəsə tutarlı cavab verməyimiz məsuliyyət olaraq bizim üzərimizdə cəmləşibmiş. Ermənistanın günahları dövlətimizin üzərinə yıxmaq cəhdləri, hadisələri dünya ictimaiyyətinə Azərbaycanın avantürası kimi sırımaq istəyi və Azərbaycana qarşı hansısa təzyiqlərin göstərilməsinə cəhd kimi qiymətləndirilməlidir. Vyanada Azərbaycan Prezidenti ilə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federiko Moqerininin, həmçinin ABŞ-ın dövlət katibi Con Kerrinin çox yüksək səviyyəli görüşü oldu. Ermənistan bir daha gördü ki, Azərbaycan mövqeyini qətiyyətlə müdafiə edir və dünya ictimaiyyəti, siyasi liderlər isə Azərbaycanın haqlı mövqeyini dərk edirlər və Ermənistanın əsassız olaraq Azərbaycanı sülh danışıqlarına zərbə vuran tərəf kimi göstərmək istəyi baş tutmadı".

Zahid Oruc S.Sarkisyanın Avropa İttifaqından müşahidəçi istəməsini xüsusi olaraq vurğuladı: "Sarkisyan bu davranışı ilə həm də bilavasitə göstərdi ki, Ermənistan Rusiyadan haradasa şikayətçidir və Kremlin bu problemdə birbaşa rəsmi Yerevanın tərəfində durmamasından incik düşüb. Bu, əslində, erməni siyasi rəhbərliyinin çoxdan şahidi olduğumuz xüsusiyyətidir. Onlar indi də özlərinə başqa sahib axtarışına çıxıblar. Lakin bütün bunlara baxmayaraq, niyyət və məqsədlərindən asılı olmayaraq, Azərbaycan buna da hazırdır. Ən azından Avropa İttifaqının müşahidəçilərinin 20 faiz torpaqlarımızın işğal faktını gözləri ilə görmələri bizim üçün bir imkandır. Bu görüşdən çıxan ən böyük nəticə isə odur ki, ordumuzun gücü və aprel döyüşlərində düşmən üzərində qələbəsi diplomatik mövqelərimizi xeyli gücləndirdi: "Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan vurduğu zərbələr hesabına, sadəcə erməniləri təhdid edən mövqe tutmur, həm də ədalətli mövqeyimizi ortaya qoyur. Ermənilərin qalib ədası, qalib mifi bu dəfə sınmış oldu. Sarkisyanın ötən ay döyüşlər gedən zaman verdiyi bəyanatlarından da göründüyü kimi, düşmən qorxu və təlaş içində idi".

Milli Məclisin deputatı Rusiya xarici işlər nazirinin bəyanatına diqqət çəkərək dedi: "Sergey Lavrov bəyan etdi ki, tərəflər iyun ayı ərzində, məhz Rusiyanın irəli sürdüyü təkliflərin son prinsiplərinin razılaşdırılması üçün toplaşacaqlar. Əlbəttə, çox istəyirik ki, bu zaman Rusiya mühüm bir məqamı nəzərə alsın. Rusiyanın dövlət başçısı Vladimir Putin indi Ermənistan tərəfindən ona görə ittiham olunur ki, aprel döyüşlərində Azərbaycan Ordusunun əməliyyatlarının qarşısında rus əsgəri dayanmadı, rus generalı gəlib Azərbaycanda əməliyyatlara rəhbərlik etmədi, yaxud da Azərbaycan siyasi cəhətdən Rusiya rəhbərliyi tərəfindən qınanılmadı və ya günahlandırılmadı. Lavrovun bəyanatını belə şərh edə bilərik ki, bu gün V.Putinin imkanı var ki, birlik və ədalət naminə münaqişədə haqlı tərəfin istəyinə dəstək versin. Beləliklə, Vyana görüşü onu deməyə əsas verir ki, digər həmsədrlər Moskvanın münaqişənin həlli yollarını öz əlində cəmləşdirməsində maraqlı deyillər. Rusiyanın bu münaqişəyə təsir etmək imkanları, hərçənd ki, digər həmsədrlərdən dəfələrlə yüksəkdir. Azərbaycan tərəfi artıq ermənilər qarşısında daha iddialı danışa bilir, bizim bütün cəmiyyət və dövlət strukturları bu məsələdə Prezidentin yanındadır".

Göründüyü kimi, bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə düşünülmüş və məqsədyönlü xarici siyasətin nəticəsidir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin birinci rübünün sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında respublikamızın xarici siyasətdəki uğurlarından bəhs edərək deyib: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli bizim əsas vəzifəmizdir. Azərbaycan həm siyasi, həm iqtisadi və bütün başqa sahələrdə gücləndikcə, əlbəttə ki, bu münaqişənin həlli daha da yaxın olacaqdır. Biz inkişaf dinamikamızı daha da sürətləndirməliyik və Azərbaycanda dayanıqlı inkişaf davam etməlidir. Son illər ərzində iqtisadi və siyasi sahələrdə əldə edilən uğurlar onu göstərir ki, biz düzgün yoldayıq. Hər zaman olduğu kimi, birinci rübdə də bizim çox fəal xarici siyasətimiz olmuşdur. Ancaq hesab edirəm ki, biz birinci rübdə daha da fəal işləmişik. Mən birinci rübdə bir çox xarici səfərlərdə olmuşam - həm rəsmi, həm işgüzar səfərlərdə. Davos İqtisadi Forumunda, Münxen Təhlükəsizlik Konfransında, Londonda Suriyaya dəstək konfransında iştirak etmişəm. Birləşmiş Ərəb Əmirliklərinə, İran İslam Respublikasına, Türkiyəyə, Amerika Birləşmiş Ştatlarına səfərlərim olubdur. Bütün bu səfərlərin coğrafiyası özlüyündə bir göstəricidir. Onu göstərir ki, Azərbaycan çox fəal və çoxşaxəli xarici siyasət aparır, bizim dostlarımızın sayı artır".

Beləliklə də, qeyd olunanlar təsdiq edir ki, Prezident İlham Əliyevin qətiyyəti ilə reallaşan uğurlu xarici siyasətin nəticəsi olaraq dünya birliyi Azərbaycana böyük hörmət və rəğbətlə yanaşır.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər