Vyana görüşü ilk növbədə 2016-cı ilin aprelin 2-də təmas xəttində baş verən məlum hadisələrdən sonra Azərbaycan ordusunun əldə etdiyi nailiyyətlərin davamı kimi yadda qaldı. Vyana görüşü hərbiçilərimizin əldə etdiyi böyük üstünlüyün diplomatik cəbhədə də davam etdirilməsi kimi yadda qaldı. Ona görə də sözügedən görüş hesab edirik ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yeni mərhələ yaratdı. Bu mərhələ intensiv danışıqlar mərhələsi kimi səciyyələndirilə bilər". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Millət vəkilinin sözlərinə görə, Vyana görüşlərində diqtə edən tərəf Azərbaycan idi: "Ölkəmiz qüdrətli ordunun, diplomatiyanın nümayindəsi kimi Vyanada təmsil olunurdu. Ermənilər aprel döyüşlərindən sonra danışıqlardan imtina etmək məsələsini irəli sürmüşdülər. Onların məqsədi ondan ibarət idi ki, təmas xəttində aprel ayının 2-nə qədər olan status-kvo bərpa edildikdən sonra yalnız danışıqlara gedə bilərlər. Ermənilər şərt qoymuşdular ki, aprelin 2-dən 5-ə qədər olan döyüşlərdə Azərbaycan ordusu əldə etdiyi yüksəklikləri, əraziləri geri qaytararsa bundan sonra danışıqlara gedə bilərlər. Ancaq əlbəttə ki, Azərbaycan və onun diplomatiyasının, hərbisinin gücü onları məcbur etdi ki, Vyana görüşlərində Azərbaycanın qarşısında gəlib danışıqlar masasında otursunlar. Artıq Azərbaycanın gücünü həm Ermənistan, həm də həmsədr ölkələr dərk edir".
H.Babaoğlu əlavə edib ki, Vyana görüşündə təşkil olunmuş formatın özündə də həmsədr ölkələrin xarici işlər nazirlərinin, xüsusi səfirlərin iştirak etməsi bir daha aprel ayındakı döyüşlərdən sonra Azərbaycanın nə qədər ciddi regional güc olduğunu əslində qəbul edilməsi idi: "Bu fonda ermənilərin görüşlə bağlı irəli sürdüyü heç bir təklif irəli keçmədi. Ermənilər Vyana görüşündə danışıqlara oturmağa məcbur idi. Artıq hər kəs başa düşür ki, nəticə verən görüşlər olmasa Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla təmin edə bilər".
sia.az