Leyla Əliyeva Azərbaycan ilə Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə və fiziki imkanları məhdud şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə MDHİU-nun fəxri professoru adına layiq görülüb
Ölkənin reallıqlarını ictimai fəaliyyəti ilə Azərbaycan sərhədlərindən kənarda təbliğ edən Heydər Əliyev Fondunun vitse-prezidenti, fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri, Rusiya Azərbaycanlı Gənclər Təşkilatınin sədri Leyla Əliyeva irimiqyaslı layihələri ilə böyük uğurlara imza atır. Ulu Öndər Heydər Əliyevin ölkənin sosial-iqtisadi, sivil dünya birliyinə inteqrasiyası, xalqın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi, işləyib-hazırladığı siyasətin öyrənilməsinə, təbliğinə önəm yetirir. Rusiyanın müxtəlif regionlarında aktual mövzularla bağlı təşkil olunan konfrans və seminarlar, məhz bu məqsədə xidmət göstərir. Dini tolerantlığın bərqərar olmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyaya inteqrasiya prosesində milli-mənəvi dəyərlərin qorunub-saxlanılmasına dəstək olan RAGT fəaliyyətini, birmənalı olaraq davam etdirməkdədir. Bu fəaliyyət Azərbaycan-Rusiya əlaqələrinə də öz töhfəsini verir. Uğurlu fəaliyyətinə və fəal mövqeyinə görə, Rusiyanın azərbaycanlı gənclərini ətrafına toplayaraq kifayət qədər əhəmiyyətli nəticələr əldə edib. Daim coğrafiyasını genişləndirmək ideyasını gerçəkləşdirən qurumun bu gün azərbaycanlı gənclər klubları Moskvada və Sankt-Peterburqda, Arxangelsk, Tver, İvanov, Yekaterinburq və digər regionlarda fəaliyyətdədir. Qurumun "Xocalıya ədalət", "Qanın milləti yoxdur", "Sağlamlığına əmin ol - xəstəliyə "YOX" de" və digər müxtəlif məzmunlu layihələri təkcə Moskvanı deyil, RF-nin regionlarını da əhatə edir. Dünya dövlətlərinə inteqrasiyada maraqlı olan qurum sivilizasiyaların və mədəniyyətlərin yaxınlaşmasına, beynəlxalq gənclər dialoquna, habelə Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə doğru addımlarını davam etdirir. Azərbaycandan kənarda iri məzmunlu layihələrin əsasında bəşəriyyətə humanizm dəyərlərini əxz etmək, dinindən, dilindən asılı olmayaraq, qeyri-millətləri dialoqa cəlb etmək kimi qlobal mahiyyət kəsb edən məsələlərin icrasında artıq özünü təsdiqləyən bir qurum olaraq, ətrafında yüksək fikirlər formalaşdırıb. Bu gün RAGT-ın fəaliyyəti və onun rəhbəri Leyla Əliyevanın təşkilatçılıq istedadı yüksək qiymətləndirilir. Belə səmərəli fəaliyyət yüksək qiymətini alır. Rusiya Federasiyasının prezidenti Vladimir Putin tərəfindən "Puşkin" medalı ilə təltif edilib. Qeyd edək ki, Leyla Əliyeva "Puşkin" medalına "Rusiya Federasiyası ilə dostluq və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və xaricdə rus dili və mədəniyyətinin qorunub-saxlanılması və populyarlaşmasına verdiyi töhfələrə görə" layiq görülüb. "Puşkin" medalı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın layiq görüldüyü ilk Rusiya təltifi deyil. Leyla Əliyeva "Həştərxan vilayəti qarşısında xidmətlərinə görə", "Volqoqrad vilayəti qarşısında xidmətlərə görə" medallarına, habelə III dərəcəli Müqəddəs Mələksima "Knyaginya Olqa" ordeninə layiq görülüb. Bu təltiflər onun əməyinə verilən qiymətdir. Bu günlərdə isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru diplomunun təqdim olunması da əməli fəaliyyətinin qiymətidir. Bu ali təhsil müəssisəsi MDB məkanında fiziki imkanları məhdud olan insanların təhsil aldıqları yeganə universitetdir. Burada onların rahat hərəkət etmələri və təhsil almaları üçün bütün şərait yaradılıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva 9 il əvvəl universitetin qonağı olub, təhsil ocağının müəllim-tələbə heyəti ilə görüşüb. Universitetin 20 illiyində Leyla Əliyevanın təşəbbüsü ilə ali təhsil ocağının kompyuter otağı müasir texnologiya ilə təchiz edilib, linqvistika otağına yeni avadanlıqlar hədiyyə olunub. Universitetdə təhsil alan azərbaycanlı tələbələr Leyla Əliyevanın rəhbərlik etdiyi Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin fəal üzvləridir. Məhz bu əməli fəaliyyətə - Azərbaycan ilə Rusiya arasında təhsil sahəsindəki xidmətlərinə və fiziki imkanları məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyasına verdiyi töhfəyə görə Leyla Əliyevanın Moskva Dövlət Humanitar İqtisad Universitetinin fəxri professoru adına və diplomuna layiq görülüb.
Həqiqətən də, Leyla Əliyeva ölkələr arasında mehriban qonşuluq münasibətlərinin möhkəmlənməsi üçün çox işlər görür və bu əməli fəaliyyət yüksək qiymətini alır.
NƏZAKƏT