PDF Oxu

Siyasət

  • 57

Milli Məclis amnistiya aktını yekdilliklə qəbul edib

Milli Məclis amnistiya aktını yekdilliklə qəbul edib

Mehriban Əliyeva: "Təhlillər göstərir ki, amnistiya təklif olunan şəxslərə qarşı humanizm və mərhəmət nümayiş etdirilməlidir"

Dünən Milli Məclisin xüsusi iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüskarı olduğu "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinin müzakirəsinə həsr olunmuş xüsusi iclası keçirildi.

Ziyafət Əsgərov: "Ölkəmizdə qəbul olunan əfv və amnistiya aktları hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir"

İclası açın elan edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bildirdi ki, 1995-ci ildən indiyədək ölkəmizdə 61 əfv fərmanı, 10 amnistiya aktı qəbul edilib: "Bu, hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini göstərir. İndiyə qədər amnistiya aktlarından üçü Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilib. Bir neçə gün əvvəl isə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva dördüncü amnistiya aktının qəbul olunması təşəbbüsü ilə Milli Məclisə müraciət edib".

Mehriban xanım Əliyeva: "Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir"

Milli Məclisin plenar iclasında Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva təşəbbüskarı olduğu 28 May - Respublika Günü münasibəti ilə amnistiya elan edilməsi ilə bağlı çıxış etdi. Mehriban xanım çıxışında bildirdi ki, 28 may 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına mühüm və əlamətdar hadisə kimi əbədi olaraq daxil olub: "Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini qazanmamışdan öncə Heydər Əliyev Xalq Cümhuriyyətinin ideallarını yaşadaraq, onun varisi olduğunu təsdiq edib və Naxçıvana rəhbərlik etdiyi dövrdə Cümhuriyyətin üçrəngli bayrağı ilk dəfə rəsmi olaraq dalğalandırılıb. 1993-cü ildə Heydər Əliyev xalqın təkidi ilə hakimiyyətə qayıdaraq Azərbaycanı parçalanmaq və müstəqil dövlətçiliyimizi məhv olmaq təhlükəsindən xilas edib. Tarixə Azərbaycan Respublikasının qurucusu kimi daxil olmuş Heydər Əliyevin ideyalarını yeni nəsillərə aşılamaq zərurətindən yaradılmış müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak etməklə ölkənin inkişafına öz töhfəsini verməkdədir".

Mehriban xanım Əliyeva qeyd etdi ki, məhkum edilmiş şəxslər və onların ailə üzvlərinin son vaxtlar Heydər Əliyev fonduna ünvanladığı çoxsaylı müraciətlə əlaqədar aparılan təhlillər cinayətlərin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və digər zəruri hallar nəzərə alınmaqla, həmin şəxslərə münasibətdə humanizm və mərhəmət prinsiplərinin nümayiş etdirilməsini zəruri edir: "Heydər Əliyev Fondu yarandığı dövrdən bir neçə amnistiya aktının qəbul edilməsinin təşəbbüskarı olub. Milli Məclis tərəfindən qəbul edilmiş 2007-ci il 8 may tarixli qərarla 9877, 2009-cu il 17 mart tarixli qərarla 9564, 2013-cü il 7 may tarixli qərarla isə 10040 məhkum barəsində amnistiya tətbiq edilib. Heydər Əliyev ideallarını yaşadan, humanizm, mərhəmətlik və insanpərvərlik ənənələrini davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasəti rəhbər tutaraq və amnistiyanın tərbiyəvi əhəmiyyətinə inanaraq, cinayət törətmiş şəxslərin öz əməllərini və onların nəticələrini dərk etməklə islah olunacaqlarına ümid edərək, 28 May - Respublika Günü münasibəti ilə amnistiyanın elan edilməsini təklif edirəm. Amnistiya aktı layihəsinə əsasən, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ya ikinci qrup əlil övladı olanlar, Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazilərinin bir hissəsinin işğalı nəticəsində, öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrumetmə cəzasından azad ediləcəklər.

Həmçinin, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsi 1 ildən artıq olmayan məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən, islah işləri ictimai işlər cəzalarına məhkum edilmiş bütün şəxslərə, habelə cərimə cəzasına məhkum edilmiş, cəzasının çəkilməsi təxirə salınmış, şərti məhkum edilmiş və digər qruplara daxil olan bir sıra məhkumlar amnistiya tətbiq edilməklə cəzadan azad olunmaları gözlənilir. Aparılan təhlillərə əsasən, təqribən 10 min şəxsin amnistiya aktının təsiri altına düşməsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi proqnozlaşdırılır".

Mehriban xanım Əliyeva onu da bildirib ki, hər birimiz azadlığa çıxan insanlara yardımçı olmalıyıq: "Mərhəmət və humanizm prinsipi ilə yaşayan cəmiyyətlər həmişə inkişaf edir. Bir dəfə səhv etmiş insanların bağışlanmaq hüququ var. Biz onlara bu şansı verməliyik. Ümidvaram ki, amnistiyaya düşən şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olacaqlar".

O, deputat həmkarlarını "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsinə dəstək verməyə çağırıb.

Əli Hüseynli: "Bu təşəbbüs, həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir"

Sonra Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli bildirdi ki, amnistiya aktı qanunvericilik texnikası baxımından dürüst və amnistiya qərarlarının təcrübəsinə əsaslanaraq, mükəmməl şəkildə hazırlanıb: "Amnistiya aktlarının, məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və parlamentə təqdim edilməsi, artıq xalqımız tərəfindən alqışlanan bir ənənəyə çevrilib. Fondun bu amnistiya təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasətinin liberallaşdırılması, cinayətkarlığın profilaktikası baxımından, o cümlədən məhkumların sayının azadılmasına gətirib çıxaran vacib bir amilə çevrilib. Bu təşəbbüs, həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir".

Ə.Hüseynli qeyd etdi ki, yeni amnistiya aktının qəbulundan sonra 10 min şəxsin müxtəlif formalarda azadlığa buraxılması gözlənilir. Bu amnistiya aktı 3 min 500-ə yaxın şəxsin tam azadlığa buraxılmasını özündə ehtiva edir. Əvvəlki qərara əsasən, 2 min şəxs tam azadlığa çıxırdısa, budəfəki rəqəm kifayət qədər böyükdür. Hazırkı amnistiya aktı 10 min nəfərə şamil olunur ki, əvvəlkilərlə müqayisədə bu, min nəfər çoxdur.

Diqqətə çatdırıldı ki, amnistiya aktı haqqında Milli Məclisin qərarı 2016-cı il iyun ayının 15-də qüvvəyə minəcək. Qərarın ümumi icra müddəti dörd aydır. Respublika günü münasibətilə irəli sürülən amnistiya təşəbbüsü vətəndaşlarımızın dövlətə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasında mühüm rol oynayacaq, insanların haqq-ədalət inamını daha da möhkəmləndirəcək.

Müzakirələr zamanı çıxış edən Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Heydər Əliyev Fondu yarandığı gündən Onun fəaliyyətinin əsasında humanizm prinsipinin dayandığını vurğulayıb: "Heydər Əliyev Naxçıvanda olanda ilk dəfə Azərbaycan Xalq Cümhuriyyətinin atributları üzə çıxarılıb, üçrəngli bayrağımız ilk dəfə Naxçıvanda qaldırılıb. Məhz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra amnistiya aktları tətbiq edilməyə başlanıb. Heydər Əliyev ölüm hökmünə də moratorium qoydu. Ancaq AXC-Müsavat hakimiyyətinin bir ili ərzində 7 nəfər güllələndi ".

S.Novruzov Heydər Əliyev hakimiyyətə gəldikdən bu günə qədər qəbul olunmuş amnistiya aktları ilə bağlı qısa araşdırma apardığını söyləyib: "Bugünkü amnistiya aktı da nəzərə alınsa, Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən indiyə kimi amnistiya aktları 110 min insana şamil olunub. Bu insanlardan 40 min nəfəri Mehriban Əliyevanın təşəbbüsü ilə irəli sürülən amnistiya aktlarının təsiri altına düşüb".

Deputatlar müzakirələr zamanı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bu təşəbbüsünü çox humanist bir addım kimi qiymətləndirdilər. Amnistiya aktı Azərbaycan vətəndaşının hüquqlarının qorunması istiqamətində həyata keçirilən dövlət siyasətinin tərkib hissəsi və humanizm prinsiplərinin qorunub-saxlanması kimi xarakterizə edildi. Bildirildi ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə elan olunan amnistiyalar minlərlə insanı azadlığa qovuşdurub, onların qayıtmasını həsrət və intizarla gözləyən ana-bacıların, övladların, ahıl valideynlərin hədsiz sevincinə səbəb olub. Hər zaman humanizm məfkurəsindən çıxış edən birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə növbəti amnistiyanın elan edilməsi cəmiyyətimizin xoş olan əhval-ruhiyyəsini daha da canlandıracaq, neçə-neçə ailələrə səadət, sevinc bəxş edəcək. Amnistiya aktına əsasən, cəzadan azad edilmiş şəxslər müasir Azərbaycan dövlətinin layiqli vətəndaşı olacaq, qanunlara hörmət ruhunda davranaraq Vətənə və xalqa sədaqətlə xidmət edəcəklər. Birinci xanım Mehriban Əliyevanın bu təşəbbüsü Heydər Əliyev Fondunun humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir.

Müzakirələrdən sonra "28 May - Respublika Günü münasibətilə amnistiya elan edilməsi haqqında" qərar layihəsi səsə qoyularaq, yekdilliklə qəbul edildi.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər