PDF Oxu

Siyasət

  • 78

Mehriban Əliyevanın təşəbbüsü humanizm etalonu kimi qiymətləndirilir

Mehriban Əliyevanın təşəbbüsü humanizm etalonu kimi qiymətləndirilir

İctimai rəy də, məhz bu cür düşünməyə zəmin yaradır

Mayın əvvəllərindən başlayaraq, amnistiya veriləcəyi barədə yayılan xəbərlər artıq reallığa çevrilib. Belə ki, Milli Məclisin deputatı, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva 28 May - Respublika Günündə yeni amnistiya aktının qəbul olunması ilə bağlı Milli Məclisə müraciət edib və parlament bu təşəbbüsü dəstəkləyib.

Bununla bağlı qəzetimizə münasibətlərini bildirən siyasi ictimai xadimlər qeyd ediblər ki, atılan bu addım hər bir vətəndaş tərəfindən tükənməz sevinc hissi ilə qarşılanıb.

Tahir Süleymanov, millət vəkili:

- Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın 28 May - Respublika Günü münasibəti ilə "Amnistiya aktı" haqqında qanun layihəsinin qəbul olunması ilə bağlı Milli Məclisə müraciəti vətəndaşlarımız tərəfindən böyük humanizm addımı kimi qəbul edilir. Belə ki, Ulu Öndər tərəfindən qoyulan bağışlama siyasəti artıq bir ənənə xarakteri alıb və davamlılığı ilə seçilir. Əhəmiyyətli cəhətlərdən biri də budur ki, artıq bu prosesə Heydər Əliyev Fondu, onun prezidenti, hörmətli millət vəkilimiz Mehriban xanım Əliyeva da öz böyük töhfələrini verir. Bundan öncə Onun imzası ilə Milli Məclisə təqdim edilmiş amnistiya təşəbbüsü cəmiyyətimizdə geniş rezonans və hədsiz dəstək doğurdu və bu amil Mehriban xanımın, həqiqətən də humanizm prinsiplərnə sadiqliyini təsdiq etmiş oldu.

Xüsusilə, qeyd etmək istərdim ki, öz ictimai fəaliyyətində, gündəlik həyatında insanlara qayğı, kimsəsizlərə diqqət kimi çox vacib cəhətləri əsas götürən Mehriban xanım məhz buna görə belə bir mühüm aktla Milli Məclisə müraciət etmişdir. Bu baxımdan, həmin layihənin keçməsi, onun dəstəklənməsi fözlənilən idi. Həm millət vəkilləri olaraq bizim tərəfimizdən, həm də ictimai rəy tərəfindən. Beləliklə, artıq tam əəminliklə vurğulaya bilərik ki, Mehriban xanımın təşəbbüsü ilə yüzlərlə ailəyə sevinc bəxş olunacaq. Mən də öz adımdan Mehriban xanım Əliyevaya sonsuz təşəkkürlərimi bildirir, Ona bu kimi fəaliyyətində uğurlar arzulayıram.

Mehriban Abasquliyeva, YAP Sabunçu rayon təşkilatının sədri:

- Bildiyimiz kimi, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü ilə çıxış edərək amnistiya haqqında qərar layihəsini Milli Məclisə təqdim etdikdən sonra bu təşəbbüs çox böyük vüsət aldı və xalqımız tərəfindən dəstəkləndi. Ona görə də deyə bilərik ki, bu, təkcə hümanizm yolunda atılmış müsbət addım deyil, bu həm də Azərbaycanın öz tarixinə, xalqa olan münasibətin sübutudur. Bilirsinizmi, mən bir fakta toxunaraq, qeyd etmək istərdim ki, ümumiyyətlə, Heydər Əliyev Fondu yarandığı vaxtdan bu istiqamətlərdə mühüm addımlar atıb və xalqın inamını, etibarını qazanıb. Əbəs yerə deyil ki, insanlar Mehriban xanım Əliyevaya çoxsaylı müraciətlər ünvanlayır, Onu humanizm etalonu kimi qiymətləndirirlər.

Mehriban xanımın fəaliyyəti yalnız bir prinsip üzərində qurulmayıb. O, Heydər Əliyev Fondunun prezidenti olmaqla, həm də Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət daşıyır. Bu baxımdan, Mehriban xanım Əliyevanın amnistiya elan olunması ilə bağlı müraciətləri həm Milli Məclis, həm siyasi partiyalar, vətəndaş cəmiyyəti, ümumiyyətlə xalq tərəfindən birmənalı şəkildə müsbət qarşılanır.

Beləliklə deyə bilərik ki, azadlıqdan məhrum edilmiş insanlara mərhəmət göstərilməsi dövlətin hümanistliyinin nümunəsidir. Ölkə başçısının artıq ənənəyə çevrilmiş əfv sərəncamları insan haqlarına verilən yüksək qiymətdir. Məhz bu cür amnistiya aktları daha çox insanı əhatə edir ki, bu da daha çox ailələrə sevinc hissi bəxş edir. Biz bu işdə Ona davamlı müvəffəqiyyətlər arzulayır və hər zaman bütün təşəbbüslərini dəstəkləməyə hazır olduğumuzu bildiririk.

İsa Həbbibəyli, millət vəkili:

- Bildiyimiz kimi, Azərbaycanda hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, hakimiyyət bölgüsünə və demokratik təsisatların yaranmasına, qanunun aliliyinə təminat verən Yeni Konstitusiya hazırlanması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ona görə də əminliklə deyə bilərik ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın bu müraciəti də xalqımıza qarşı olan sevgidən irəli gəlir. Çünki Mehriban xanım Əliyeva cəmiyyətin həyatını dəyişmək keyfiyyətinə malik, ən aktual məsələləri dərk edən, prinsipial mövqe tutaraq, onu qiymətləndirməyi bacaran bir dəyərli şəxsiyyətdir. Azərbaycan qadınına, Azərbaycan anasına məxsus ən nəcib, ən ali keyfiyyətləri, mənəvi-əxlaqi dəyərləri özündə birləşdirən və ölkəmizi bütün dünyada ləyaqətlə tanıdan Mehriban xanım Əliyeva öz böyük həyat yolu və tarixi fəaliyyəti ilə bütün dünyada tanınır. Belə ki, Onun cəmiyyətimizin inkişafı naminə gördüyü işlər Azərbaycan vətəndaşlarının ictimai-siyasi fəallığını daha da artırır. Təbii ki, bütün bunlar Azərbaycanın birinci xanımını cəmiyyətdə daha yüksək zirvələr fəth etməyə səsləyir. Biz bunu Onun tərəfindən irəli sürülən Amnistiya Aktından da gördük və növbəti dəfə sübut olundu ki, Mehriban xanım Əliyeva insan hüquq və azadlıqlarının müdafəsində daim yaxından iştirak edib, bundan sonra da etməkdə davam edəcək. Xüsusilə, bir faktora toxunaraq, demək istərdim ki, Azərbaycan Parlamentarizmi tarixində ilk dəfə, məhz Milli Məclisin deputatı Mehriban xanım Əliyeva tərəfindən irəli sürülmüş və geniş ictimai dəstək almış amnistiya aktları böyük mənəvi-əxlaqi və siyasi məzmun kəsb edir, azərbaycançılıq dəyərlərimizi yüksəklərə qaldırır. Hətta deyə bilərik ki, bir çox inkişaf etmiş ölkələrdə bu cür əhəmiyyətli aktlar ya gec-gec qəbul edilir, ya da ümumiyyətlə, edilmir. Bu baxımdan, Azərbaycanda atılan bu addım bütün dünyaya humanizm, demokratiya və insanlığa verilən dəyər kimi də qiymətləndirilməlidir. Bütün Azərbaycan xalqını belə bir sevincli gün münasibətilə təbrik edirəm.

Rəfiqə KAMALQIZI

Digər xəbərlər