Erməni prezident tərəddüd içindədir
Qondarma Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonrakı hadisələr Ermənistanın və qarabağlı ermənilərin vəziyyətlərinin nə qədər pis, nə qədər ağır olduğunu göstərdi. Sözügedən hadisə ilə bağlı İrəvandakı Ermənistan Strateji və Milli Tədqiqatlar Mərkəzinin icraçı direktoru Karapet Kalençyan "Dağlıq Qarabağdakı müharibənin nəticələri nədir?" başlıqlı məqaləsində bildirir ki, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"də Ermənistan, birmənalı olaraq uduzub: "Ermənistan iqtidarı və hakimiyyət elitası ölkəmizin üzləşdiyi xarici siyasət və daxili siyasət çağırışlarını adekvat dəyərləndirə bilmədilər, gərəkli cavabı bacarmadılar. Ermənistandakı ermənilərlə yanaşı, xaricdə yaşayan ermənilər gördülər ki, Ermənistan, əslində, Rusiyanın Cənubi Qafqazdakı alətidir. Prezident Serj Sarkisyan isə müstəqil davranışa dəlalət edə biləcək heç nə, hətta ən primitiv addımları belə atmır və atmağa da qorxur. Prezidentimiz qorxaq, silahımız yox, özümüz də biçarə".
Müəllif onu da vurğulayır ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri əla bilirlər ki, Dağlıq Qarabağ münaqişəsində dövlətin ərazi bütövlüyü ilə millətin öz müqəddəratını həll etməsi prinsipləri tam ziddiyyət təşkil edir: "Avropa, Rusiya və ABŞ-ı razı salan məqam da odur ki, sabiq prezident Levon Ter-Petrosyanın hakimiyyəti illərindən bəri Ermənistan, daha doğrusu, ölkəni idarə edənlər Dağlıq Qarabağı və ətrafdakı 7 rayonu Azərbaycana qaytarmaq istəyirlər. Amma Ter-Petrosyan buna cürət etmədi, sonra Robert Köçəryan və Serj Sarkisyan da qorxdular. Rusiya da Azərbaycana yardım edir. Halbuki biz MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya Birliyinin üzvüyük. Üstəlik, bu müstəvilərdə Rusiya ilə qarşılıqlı müqavilələrimiz var. Amma ordumuz zəifdir. Bu səbəbdən də, bir ordu təpədən-dırnağədək silahlı olanda, o biri ordunun isə heç nəyi olmayanda, nəticənin necə olacağı bəllidir. Hazırda ordumuzda olan silah və hərbi texnika köhnədir, sursatlar başa çatır, anbarlarda isə güllə və mərmi ehtiyatları yoxdur".
Ermənistanın yarıtmaz xarici siyasəti
K.Kalençyan, daha sonra vurğulayıb ki, Vyana görüşünə qatılaraq danışıqlarda iştirak etmiş Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağın münaqişə tərəfi kimi tanınmaması ilə, faktiki olaraq razılaşıb və belə şəraitdə ermənilərin vəziyyəti daha da ağırlaşıb: "Dağlıq Qarabağ ermənilərinin rəhbərləri də Ermənistan hakimiyyətindən asılı olduğu üçün onları yaxşı heç nə gözləmir. Vəziyyət kritikdir. Ermənistanın müdafiə və xarici işlər nazirləri nə işlə məşğul olurlar: Ermənistan ordusunda əsgərlər intihar edirlər, zabitlər oğurluq edir, rüşvət alırlar - kimsə bu biabırçılıqların qarşısını aldımı? Bir neçə nəfəri "dördgünlük müharibə"dən sonra işdən çıxardılar. Amma əsas rüşvətxorlara toxunan olmadı. Bəs Xarici İşlər Nazirliyi nə işlə məşğul olur?! Bizə deyirlər ki, diplomatların fəaliyyəti gözə görünmür, hər şey kuluarlarda həll olunur. Yaxşı, hesab edək ki, inandıq. Hanı o "məxfi fəaliyyət"in nəticələri? "Dördgünlük müharibə" Ermənistanın xarici siyasətinin yarıtmaz, hətta sarsaq səviyyədə olduğunu göstərdi. XİN belə nəticələrin olmaması üçün nə etdi?! Heç nə. Çünki MDB daxilində bir sıra təşkilatlarda birgə təmsil olunduğu Belarus Azərbaycanı, birmənalı olaraq dəstəklədi. Üstəlik, Minskin qəbul etdiyi yeni hərbi doktrinaya görə, Belarusun qoşunları ölkə xaricində hər hansı hərbi əməliyyatlarda iştirak edə bilməz. Qazaxıstan da Azərbaycanı dəstəklədi. Belədirsə, KTMT və Avrasiya Birliyi Ermənistanın nəyinə gərəkdir?! Belarus və Qazaxıstan Azərbaycanı dəstəkləyirsə, Rusiya da Azərbaycana silah satırsa, MDB-dəki təşkilatlarda niyə hələ də qalırıq - anlamıram. ATƏT sədri Pedro Aqramunt, ABŞ, Rusiya, Avrasiya Birliyi və KTMT-dəki bütün ölkələr Azərbaycana dəstək olursa, Brüsseldə Ermənistanın məğlubiyyəti sayıla biləcək "Sərsəng qətnaməsi" qəbul olunursa, görün biz nə gündəyik.
Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu "dördgünlük müharibə" zamanı çox fəal işlədisə, Ermənistanın səfiri, ümumiyyətlə, gözə dəymədi".
Qriqoriy Trofimçuk: "Sarkisyan Qarabağ döyüşünü uduzur"
"Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında ABŞ və Rusiyanın fərqli məqsədi var". Bunu Rusiya Strateji İnkişafın Modelləşməsi Mərkəzinin birinci vitse-prezidenti, politoloq Qriqoriy Trofimçuk Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşünü şərh edərkən deyib. Onun sözlərinə görə, Rusiyanın əsas istəyi problemi "1994-ci ildəki vəziyyət" adlandırdıqları duruma qaytarmaqdır. ABŞ-ın məqsədi isə aprel ayında cəbhədə yaranan gərgin vəziyyətdən istifadə edərək, problemin həllinə öz təsir gücünü daha da artırmaqdır. Rusiya və ABŞ rəsmiləri problemin sülh yolu ilə həllindən danışsalar da, 20 ildən çoxdur ki, bu istiqamətdə heç bir iş görməyiblər".
Rusiyalı politoloq bildirib ki, hazırda rəsmi Moskva öz təsiri ilə gərginliyin genişmiqyaslı müharibəyə çevrilməsinin qarşısını ala bilib. Lakin bunun qarşılığında öz üzərinə həll edə bilməyəcəyi öhdəliklər götürüb. ABŞ isə gözləmə mövqeyində dayanıb".
Qriqoriy Trofimçuk, həmçinin Vyana görüşü zamanı diqqəti çəkən Rusiya XİN rəhbəri Serqey Lavrovun Sarkisyanın yandında oturmasını siyasi səhv adlandırıb: " Ehtimal ki, bununla müttəffiq ölkə olduqlarını bəyan etymək istəyirdilər. Lakin bunun əsl görünüşü odur ki, artıq Rusiya və Ermənistan birgə olaraq hadisələrə cavabdehdilər. Rəsmi Moskvanın Ermənistanı maksimum dəstəkləməsini nümayiş etdirmək istəyi bundan artıq ola bilməzdi".
Sarkisyan nüfuzsuz və satqındır
Politoloq Sarkisyanın ölkədə və cəmiyyət arasında nüfuzunun aşağı olduğunu da vurğulayıb: "Artıq Sarkisyanın nüfuzu ölkəsində düşüb. Bundan sonra Sarkisyanın danışıqlar istiqamətində atdığı hər bir addım milli maraqların satılması kimi qiymətləndiriləcək. Ermənilər üçün Azərbaycan aqressiya nümayiş etdirən tərəf olduğu üçün onlarla danışıqlara gedilməməlidir. Cəmiyyətdə (erməni-red) hesab edilir ki, səni vurublar, sənsə danışıqlar masasına əyləşirsən". Bu, bir çoxları üçün kənardan belə görünür. Ermənistan Azərbaycanın hücumunu dəf etsəydi, öz şərtlərini diktə edərdi. Uduzan tərəf bəllidir.
Politoloq bildirib ki, Ermənistan "dördgünlük müharibə"də geri çəkildiyini etiraf edib. Lakin bu geriləmə davam edir və ermənilər işğal etdikləri torpaqları tərk edincəyədək davam edəcək. Baş verənlər isə, Serj Sarkisyanı qorxudur. Çünki aclıq içərisində yaşayan ermənilər Sarkisyanın məğlubiyyətinə etiraz edir və ondan üz döndərirlər.
Bu isə, Ermənistanda gec-tez vətəndaş müharibəsi başlayacağını bir daha təsdiqləmiş olur. Nəticədə, Serj Sarkisyan istəyindən asılı olmayaraq, işğal olunan ərazilərimizin geri qaytarılmasını təmin edəcək.
A.SƏMƏDOVA