PDF Oxu

Siyasət

  • 27

Dünya Humanitar Sammiti humanitar problemlərin həllinə çağırış oldu

Dünya Humanitar Sammiti humanitar problemlərin həllinə çağırış oldu

İlham Əliyev:"Sammitin nəticələri bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcək"

Yaşadığımız iyirminci yüzillikdə dünyada humanitar böhran getdikcə dərinləşir və müasir insan humanitar yardıma və sosial müdafiəyə daha çox ehtiyac duyur. Milyonlarla insanın belə bir vəziyyətdə yaşadığı halda, onların problemlərinin aradan qaldırılması sivil dünyanı düşündürən məsələ kimi ortaya çıxıb. Dünya böhran həddinə çatdığı zamanda, Birləşmiş Millətlər Təşkilatı fəaliyyət göstərdiyi 70 il ərzində, ilk dəfə humanitar məsələlər üzrə Dünya Sammitinin keçirilməsinə qərar verib. Bu qərar dünyada münaqişələrin qarşısının alınmasına bir çağırışdır. Sammitin məqsədi beynəlxalq humanitar sistemi gücləndirmək, 2030-cu ilə qədər yerini dəyişmiş şəxslərin sayının yarıyadək azaltmaq, qaçqınlar üçün ən yaxşı həll yollarının tapılması kimi məsələlərin həllidir. Xatırladaq ki, 130 milyon insanın sağ qalmaq üçün köməyə ehtiyacı duyulduğu halda bu problemlərin aradan qaldırılması zəruriyyəti yaranıb.

Elə bu günlərdə İstanbulda keçirilən Birinci Dünya Humanitar Sammitinin əsas hədəfi müxtəlif zəmində baş verən münaqişələrin həllinə və onların baş verməsinin qarşısının alınmasına, humanitar fəlakətlərə yol verilməməsi üçün güclü norma və prinsiplərin bərqərar edilməsinə, humanitar sahəyə böyük sərmayələrin yatırılmasına yönəlmişdi. Sammitdə iştirak edən dünya liderlərinin çıxışlarından bəlli oldu ki, dünyanı fəlakət bölgələrindəki mövcud vəziyyət və həmin ərazilərə yardımların çatdırılması çox narahat edir. Siyasi sabitsizliyin mövcud olduğu ölkələrdə baş qaldıran problemlər mülki şəxslərin mühafizəsinin zəruriliyini diqqətə çəkir. Münaqişə və müharibələrdən əziyyət çəkən milyonlarla insanlar öz vətənlərini tərk etmək məcburiyyətində qalır, qaçqına, köçkünə çevrilirlər. Belə bir vəziyyətdə bütün dövlətlərin sülhə, əmin-amanlığa dəstək olması, həmrəylik nümayiş etdirməsi vacib məsələlərdəndir ki, bu da sammitdə diqqət mərkəzində saxlanılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında sammitin dünyada ehtiyac içində yaşayan milyonlarla insanın problemlərinin həlli baxımından mühüm imkan olduğunu bildirib. Qeyd edib ki, müharibələr, təbii fəlakətlər bəşəriyyətin təhlükəsizliyindən xəbər verir. Bu baxımdan, silahlı münaqişələrdə mülki şəxslərin həlak olmasının qarşısının alınması üçün səylərin artırılması vacib məsələlərdəndir. Yeni meyarların müəyyənləşdirilməsi, bütün dövlətlərin və beynəlxalq təşkilatların humanitar böhranın aradan qaldırılmasına fəal dəstək verməsi mühüm əhəmiyyət daşıyır.

Bu gün Azərbaycan dövlətinin sülhməramlı bir ölkə olmasına, həmrəyliyə, dostluğa, birliyə, sülhə çağrışlar etdiyi zamanda, əfsuslar olsun ki, törədilən terror aktlarından, münaqişələrdən insanlar əziyyət çəkirlər. 20 ildən artıq zamandır ki, Ermənistanın hərbi təcavüzkarları tərəfindən torpaqlarımız işğal olunub. Bir milyondan artıq azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilib. Sammitin plenar iclasında çıxış edən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev azərbaycanlıların qaçqınlığın və məcburi köçkünlüyün nə demək olduğunu çox yaxşı bildiklərini iştirakçıların diqqətinə çatdırıb. Qeyd edib ki, Ermənistan azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı törədib:"1992-ci ildə Ermənistanın törətdiyi Xocalı soyqırımı 10-dan artıq ölkə tərəfindən soyqırımı kimi tanınıb. Xocalı soyqırımı nəticəsində 613 mülki şəxs qəddarcasına qətlə yetirilib. Onların arasında 106 qadın, 63 uşaq, 70 yaşlı insan olub. Mindən artıq adam itkin düşüb. Ermənistan Azərbaycana qarşı təcavüzkar siyasətini davam etdirir".

Sammitin nəticələrinin bütün dünyada humanitar böhrandan əziyyət çəkən insanların həyat səviyyəsinin yaxşılaşmasına öz töhfəsini verəcəyini bildirən Cənab İlham Əliyev 2016-cı ilin aprelində Ermənistanın dinc Azərbaycan vətəndaşlarına qarşı yeni hücum həyata keçirdiklərini də vurğulayıb. Bu hücum nəticəsində əsgər və zabitlərimiz, o cümlədən 6 mülki şəxsin qətlə yetirilməsi, 30-dan artıq mülki şəxsin yaralanması Ermənistanın təcavüzkar siyasətini bir daha ortaya qoymuş olur. "Bizim kəndlərimizin atəşə tutulması nəticəsində 500-dən artıq evə ziyan dəyib, 100-dən çox ev tamamilə dağıdılıb və yandırılıb. Ermənistan ordusu mülki şəxslərə qarşı qadağan olunmuş kimyəvi silahdan, xüsusilə ağ fosfor bombalarından istifadə edib" – deyən Azərbaycan Prezidenti Ermənistan tərəfindən törədilən bütün müharibə cinayətlərinin sənədlərlə sübuta yetirildiyini və bu sənədlərin beynəlxalq müşahidəçilərə təqdim olunduğunu vurğulayıb. Qeyd edək ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnaməsinə illərdir ki, məhəl qoymur. Cənab Prezident Ermənistanın bu qətnamələrə əməl etməsini, əks halda bu ölkəyə qarşı sanksiya tətbiq olunmasını qətiyyətlə sammit iştirakçılarının diqqətinə çatdırıb.

"Azərbaycan səbəbkarı Ermənistan olan humanitar fəlakətin fəsadlarının öhdəsindən gəlmək üçün əlindən gələni edir", - deyən Cənab İlham Əliyev bizim qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üçün 6 milyard dollardan artıq vəsait sərf olunduğunu bildirib. Belə ki, qaçqın və məcburi köçkünlər arasında yoxsulluq səviyyəsi 75 faizdən 12 faizə endirilib: "Ümumilikdə, son 12 ildə Azərbaycanda yoxsulluq səviyyəsi 50 faizdən 5 faizə enib. Azərbaycan oxşar problemlərdən əziyyət çəkən ölkələrə yardım edir və edəcək. Biz BMT-nin "Ebola" virusu ilə mübarizə və bərpa tədbirlərinə maddi yardım ayırmışıq. Biz əhalinin qabaqcadan xəbərdarlıq sistemi və fəlakət riski ilə bağlı informasiyaya çıxışını təmin etmək üçün müvafiq təsisatlar və maraqlı tərəflər arasında əməkdaşlığın təbliğinə sadiqik".

Sammitdəki çıxışlar, qaldırılan məsələlər mövcud böhranların qarşısını almaqda hazırlığın təmin edilməsində dönüş mərhələsi olacağından xəbər verir. Dünya liderləri ölkələrdə baş verən böhranların insan həyatı üçün nə qədər təhlükə yaratdığı ilə bir daha tanış oldular. Bu toplantıda, həqiqətən də dünyada baş verən humanitar problemlərin həlli üçün beynəlxalq ictimaiyyətə mühüm çağırışlar oldu. Qaçqın probleminin qarşısının alınmasında yeni forma və ideyaların yaradılması diqqətə çəkildi. Dünyanın müxtəlif ölkələrində münaqişələrdən, təbii fəlakətlərdən əziyyət çəkən insanların üzləşdikləri çətinliklərin aradan qaldırılmasına bütün dünya ölkələri eyni məsuliyyətlə yanaşmalıdır. Böhran içərisində olan milyonlarla insanın problemlərinin həllində bütün dövlətlər həmrəylik nümayiş etdirməyə çağırıldı.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər