Mayın 31-dən iyunun 2-dək Belarusun paytaxtında MDB üzvü olan dövlətlərin təhlükəsizlik orqanlarının antiterror bölmələrinin və xüsusi xidmətlərinin rəhbər heyətinin toplantısı keçiriləcək. Bu barədə AZƏRTAC-a təşkilatın Minskdəki qərargahının mətbuat xidmətindən məlumat verilib.Belarus Dövlət Təhlükəsizlik Komitəsinin dəstəyi ilə keçirilən tədbirin təşkilatçısı MDB üzvü olan dövlətlərin antiterror mərkəzidir (MDB ATM).Toplantı çərçivəsində MDB üzvü olan dövlətlərin "Kiber-Antiterror-2016" birgə antiterror təliminin birinci mərhələsinə yekun vurulacaq, təlimin son fazası – strateji əhəmiyyətli obyektdə (Lukomol DRES) girovların azad edilməsi və terrorçuların neytrallaşdırılması üzrə əks-terror əməliyyatı keçiriləcək, Birlik ölkələrinin elmi birliyinin nümayəndələrinin iştirakı ilə MDB ATM yanında Elmi-Məşvərət Şurasının iclası olacaq.Tədbirdə Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və digər ölkələrin səlahiyyətli orqanlarının, MDB İcraiyyə Komitəsinin, Müdafiə Nazirləri Şurasının Katibliyinin, Sərhəd Qoşunları Komandanlarının Əlaqələndirmə Şurasının, Maliyyə-Kəşfiyyat Bölmələrinin Rəhbərləri Şurasının, mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni əlaqələndirmə bürosunun, Dövlətlərarası Aviasiya Komitəsinin, regional və beynəlxalq təşkilatların nümayəndə heyətləri iştirak edəcəklər.
AZƏRTAC