PDF Oxu

Siyasət

  • 33

Prezident İlham Əliyevin İstanbul zirvəsi

Prezident İlham Əliyevin İstanbul zirvəsi

Beynəlxalq aləmin diqqəti növbəti dəfə Azərbaycana tərəf yönəldi

Məlum olduğu kimi, Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) "Ədalət və sülh üçün birlik və həmrəylik" devizi altında iki gün davam edən XIII sammitində 56 ölkənin dövlət və hökumət başçıları, yüksək səviyyəli rəsmi şəxsləri iştirak ediblər. Bu toplantıda bütün islam aləmi üçün əhəmiyyəti olan qərarlar qəbul edilib. Təşkilatın fəaliyyətini təkmilləşdirmək üçün konkret təkliflər irəli sürülüb. Onların sırasında İƏT ölkələrinin ortaq polis təşkilatının yaradılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində fəallıq göstərmək, Fələstinə dəstək və ümumiyyətlə, dünyanın hər hansı yerində olan müsəlmanların problemlərinin həllinə çalışmaq kimi əhəmiyyətli məqamları qeyd etmək olar.

"Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırımı törədib"

Sammitdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Prezidentin çıxışının əsas leytmotivini Dağlıq Qarabağ münaqişəsi və bu münaqişə nəticəsində 1 milyondan çox soydaşımızın qaçqın və köçkünə çevrilməsi təşkil edib: "Azərbaycanın 1 milyondan artıq əhalisi qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Ermənistan Azərbaycana qarşı etnik təmizləmə həyata keçirib, əhaliyə qarşı soyqırımı törədib. Ermənistan silahlı bölmələrinin 1992-ci il 26 fevral tarixində törətdiyi Xocalı soyqırımı dünyanın 10-dan çox ölkəsi tərəfindən tanınıb".

Azərbaycan Prezidenti bildirib ki, Ermənistan silahlı qüvvələri bu il aprelin əvvəlində Azərbaycanın dinc əhalisinə qarşı yeni hücumlar təşkil edib: "Ermənistanın aprel hücumu zamanı Azərbaycanın əsgər və zabitləri, o cümlədən 6 dinc sakini ölüb, 30-a yaxın sakin yaralanıb. Həmin vaxt Ermənistan silahlı birləşmələri Azərbaycan əhalisinə qarşı qadağan olunmuş kimyəvi silah olan fosforlu bombadan istifadə edib. Azərbaycan silahlı qüvvələri dinc əhalisini qorumaq məqsədi ilə Ermənistan birləşmələrinə layiqli cavab verib və bundan sonra hücumlar dayanıb. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf 7 rayonunu işğal altında saxlayır. Bu ölkə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir".

İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək

İstanbul Sammiti başa çatdıqdan sonra Prezident Rəcəb Tayyib Ərdoğan, xarici işlər naziri Mövlud Çavuşoğlu və İƏT-in baş katibi İyad bin Amin Mədəni birgə keçirilən mətbuat konfransında da Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını qəti şəkildə bildiriblər və bildirilib ki, İƏT problemin həllində Azərbaycana dəstəyini davam etdirəcək. Baş katib əminliklə vurğulayıb ki, İƏT-in İstanbul Sammiti digər müsəlman ölkələrindəki münaqişələr kimi, Dağlıq Qarabağ problemi barədə də ədalətli və qətiyyətli mövqe nümayiş etdirəcək.

Müsəlman ölkələrinin sərhəd toxunulmazlığı, münaqişələrin həlli və qarşısının alınması, sabitliyin bərpası və inkişaf istiqamətlərinin müəyyən edilməsinə dair aparılan müzakirələr və qəbul olunan qərarlardan bəhs edən Türkiyə dövlətinin başçısı Prezident Rəcəb Tayyib Ərdoğan, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin yaranması və problemin bu vaxtadək həll edilməməsinin səbəbləri barədə də məlumat verib. İƏT-in bir daha Azərbaycanın sərhəd toxunulmazlığını dəstəklədiyini diqqətə çatdıran Türkiyə Prezidenti BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qəbul etdiyi qətnamələrin indiyədək yerinə yetirilməməsindən, ATƏT-in Minsk Qrupunun məsələnin həlli ilə bağlı yarıtmaz fəaliyyətindən söhbət açıb. Vurğulayıb ki, İƏT ciddi səylərlə müsəlman ölkələrindəki problemlərin, silahlı münaqişələrin, o cümlədən Dağlıq Qarabağ münaqişəsinin həllinə öz təsirini göstərməlidir.

Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamə

Xüsusilə, vurğulanmalı başqa bir məqama zirvə toplantısının Yekun Bəyannaməsinin qəbul olunmasıdır. Yekun Bəyannamədə deyilir ki, İslam Əməkdaşlıq Təşkilatının İstanbul Sammiti Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qəti mövqeyini bir daha təkrarlayıb, ərazilərin güc yolu ilə əldə edilməsinin BMT Nizamnaməsi, beynəlxalq hüquqa əsasən qəbuledilməz olduğunu təsdiqləyib və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsinə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və digər ərazilərindən dərhal, tamamilə və qeyd-şərtsiz çıxarılmasına çağırıb.

Sənəddə münaqişənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və suverenliyi çərçivəsində həllinə çağırış yer alıb: "Təcavüzkarın silahla təchiz edilməsi, mədəni irsin və müqəddəs yerlərin dağıdılması, qeyri-qanuni iqtisadi fəaliyyətlər həyata keçirərək, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki olaraq dəyişdirilməsinə yönəlmiş fəaliyyətlərdən narahatlıq ifadə edir. Bu baxımdan, sammit üzv dövlətləri milli qanunvericiliklər əsasında tədbirlər görməyə çağırır".

Toplantı iştirakçıları Ermənistanın mülki insanların əziyyət çəkməsi, məscidlərə hücum edilməsi, dua edən insanların ölümü və sosial-iqtisadi infrastrukturun dağıdılması ilə nəticələnən davamlı hücumlarını qınayıblar: "Azərbaycanın bu hücumlara qarşı durmaq və öz əhalisini müdafiə etmək səylərini dəstəkləyirik".

Prezident İlham Əliyev sammitdəki çıxışında İƏT-in Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədləri yüksək qiymətləndirib, eyni zamanda, Ermənistanın buna məhəl qoymadığını ifadə edib. Dövlət başçısı vurğulayıb: "Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyən ədalətli qətnamələrə görə İƏT-ə səmimi minnətdarlığımı bir daha ifadə edirəm".

Bütün bunlardan belə nəticəyə gələ bilərik ki, İƏT təşkilat olaraq bütün islam aləmi üçün daha geniş miqyasda işlər görməyə hazırlaşır. Onun fəaliyyət proqramları və struktur təkmilləşmələri həmin məqamlar nəzərə alınaraq aparılır. Bu bağlılıqda Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində İƏT-in təsirli və uğurlu addımlar atacağını gözləmək olar.

RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər