"Sarkisyanın hakimiyyəti illərində Ermənistan böyük borca düşdü, cəbhədə hərbi əməliyyatlarda məğlub oldu, Ermənistan bütün regional layihələrdən kənarda qaldı, əhalinin sosial təmiantı sıfıra endirildi"
Ermənistanın məşhur rəssamlarından biri Nikol Ağbabyan Serj Sarkisyan iqtidarını sərt şəkildə tənqid edib. O bildirib ki, məhz prezident Serj Sarkisyan hakimiyyətinin yürütdüyü siyasət nəticəsində erməni gənclər həlak olurlar: "Hakimiyyətimiz bu cinayətlərə görə cavab verməlidir. Məsuliyyətə cəlb olunma vəzifədən çıxarılma ilə bitmir. Hərbi tribunal qurulmalıdır. Çünki övladlarımızı itiririk və o gənclərdən hər biri ailəsi üçün bir işıqdır. Ermənistandan çıxıb getməyən, hələlik, ölkədə qalıb mühacirət etməyən insanların 80 faizi ölkəni tərk etmək istəməyən adamlardır. Bu, belədir. Amma qurbanlarımızın əsas səbəbinin bu hakimiyyət olduğunu bilərək, daim qurbanlar verməyə hazır olduğumuzu düşünmürəm. Bu adamlar hakimiyyətdən könüllü getməlidirlər. Düşünürəm ki, onlar çaşqınlıq içindədir, hakimiyyətdən getmək istəyirlər. Amma qorxurlar ki, iqtidarı tərk etsələr, milli düşüncəsi olan qüvvələrin hakimiyyətə gəlməsindən sonra cəzalarını alacaqlar, indiyədək qarət etdikləri nə varsa, əllərindən alınacaq. Prezident Serj Sarkisyanın iqtidarının bundan sonra dəyişəcəyinə və ermənilərin xeyrinə, dövlətin və millətin maraqları naminə addımlar atacağına, qərarlar qəbul edəcəyinə inanmıram. Onlar əsla düzələn deyillər. Onlara çox şans verdik, amma heç bir müsbət addım atmadılar, ağıllı və ya gərəkli qərar vermədilər. Ermənilərin başlıca və əsas düşməni indiki hakimiyyətdir".
Rəssam Ağbabyan onu da qeyd edib ki, Sarkisyan iqtidarı bizə dost yox, düşməndir: "Onları qovmalıyıq. Bu insanların yeri zindandır. Çünki xalqı və ölkəni qarət etdikləri bəs deyilmiş kimi, əlləri bu qədər insanın qanına batıb. Axı nə qədər dözməliyik?! Yetər artıq. Belə davam edərsə, xalqın səbr kasası daşacaq. Ya mühacirət dalğası artacaq, ya üsyan olacaq, ya da Qarabağla yanaşı, Ermənistanı da itirəcəyik. Bütün bunların olmaması üçün normal seçkilər keçirərək, bu bandadan, quldur və cinayətkar yığınından qurtulmaq daha asan yol deyilmi? Bu yırtıcılar xalqımızı parçalayır və ölkəmizi dağıdırlar. Bir düşünün: Qarabağda müharibə oldu, amma Sarkisyan elə davrandı ki, sanki Ermənistanın prezidenti yoxdur".
Siyasi şərhçi Ülvi Məmmədov erməni rəssamın fikirlərini şərh edərkən bildirib ki, artıq Ermənistanda xalqda belə bir əminlik yaranıb ki, Sarkisyan onları uçurumun dibinə atıb: "Aprelin əvvəllərində baş verən hərbi əməliyyatlar zamanı ermənilər özlərini, həqiqətən də prezidentsiz hiss edirdilər. Sarkisyan qorxusundan bir küncə çəkilmişdi, baş verənlərə görə necə cavab verəcəyindən narahat idi. Poetik şəkildə desək, erməniləri paytaxt Yerevanda da Sarkisyan məğlub eləmişdi. Erməni rəssamın dedikləri siqnaldır, Serj bunu dəyərləndirməlidir. Əslində, Sarkisyanın hakimiyyətində qalmasını labüd edən heç bir səbəb qalmayıb. Onun hakimiyyəti illərində Ermənistan böyük borca düşdü, cəbhədə hərbi əməliyyatlarda məğlub oldu, Ermənistan bütün regional layihələrdən kənarda qaldı, əhalinin sosial təmiantı sıfıra endirildi. Hər bir erməni kimi, rəssas Ağbabyan da bilir ki, biz öz torpaqlarımızı tezliklə azad edəcəyik".
Samir