Təkcə BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 6 624 nəfərdir
Müasir dövrümüzdə Azərbaycanın turizm ölkəsinə çevirməsi və dünya arenasında öz sözünü deməsi üçün böyük potensialı vardır. Zəngin təbii sərvətləri, qədim tarixi və memarlıq abidələri, özünəməxsus mentaliteti, əlverişli ictimai-coğrafi mövqeyi, Xəzərin sahil zonaları turizmin inkişafında xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanda turizmin inkişafı məsələsi təkcə sosial-iqtisadi əhəmiyyət kəsb etmir. Çox mürəkkəb məkanda yerləşən ölkəmizin dünyaya daha real şəkildə təqdim edilməsinə də təsirini göstərir. Azərbaycanın ərazisinin bu gün 20 faizinin Ermənistan tərəfindən işğal altında olduğu zamanda təbliğat və təşviqat aparmaq, ölkəmiz haqqında reallıqları dünya xalqlarına çatdırmaq üçün turizm əlaqələrinin genişlənməsinin böyük əhəmiyyəti vardır.
Bu gün Azərbaycanın turizm imkanlarını geniş şəkildə təqdimatı məqsədilə müxtəlif tədbirlər keçirilir, turlar təşkil edilir, Azərbaycana gələn hər kəs ölkəmizin tarixini və coğrafi mövqeyini görür. Elə bu günlərdə Türkiyə mətbuatında Bakının turizm imkanlarilə bağlı geniş məqalələrin dərc olunması da elə türkiyəli qonaqların səfərlərinin təəssüratından qələmə alınıb.
Müəllif Bakının ən qədim hissəsi olan İçərişəhərin qədimliyini çoxsaylı oxucularına təqdim edir. İçərişəhərin əsas tarixi abidələri sırasında Şirvanşahlar Sarayı və Qız Qalasının adı, xüsusilə qeyd olunur. Romantik tarixçəsi olan Qız Qalası Bakının ən maraqlı yerlərindən biridir. Onun baxış meydançasından İçərişəhərin xeyli hissəsi göründüyündən, bu məkana xüsusi diqqət kəsilib. Məqalələrdə gəzib-dolaşmalı digər maraqlı yerlərin Şirvanşahlar Sarayı, səs-küylü bazar, milli kafe və restoranlar olduğu da türkiyəli oxucuların diqqətinə çatdırılır.
"Görmədən qayıtmayın" başlıqlı bölmədə Bayraq Meydanının da adı qeyd olunur və məlumat verilir ki, Ginnesin Rekordlar Kitabına dünyanın ən uzun dirəyi olaraq düşmüşdür. Bununla yanaşı, Heydər Əliyev Mərkəzi və Alov Qüllələrinin də adı bu bölmədə çəkilir.
Məqalələrdə Azərbaycanın mətbəxi, əhalisi, mədəniyyəti, təhsili, iqtisadiyyatı və s. haqqında məlumatlar da öz əksini tapır. Bütün bunlar qonaqların bir neçə günlük səfərləri zamanı şəhərimiz haqqında əldə etdikləri məlumatdan qaynaqlanıb.
Heç şübhəsiz ki, dünyanın bir çox ölkələrində aparılan təbliğat işinin, eləcə də nümayəndəliklərin olması ölkəmizə turist axınını sürətləndirir. BƏƏ-də Azərbaycanın təmsilçi ofisinin fəaliyyətə başlaması da bu ölkədən turist axınını təkan olmuşdur. Eyni zamanda, 2015-ci ilin noyabr ayından etibarən BƏƏ vətəndaşları üçün sadələşdirilmiş viza rejimindən istifadə imkanın yaradılması da ölkəmizə bu ölkənin turistlərin gəlməsinə şərait yaradıb. Belə ki, təkcə cari ilin aprel ayında BƏƏ-dən ölkəmizə səfər edən xarici vətəndaşların sayı 2,5 min nəfər təşkil etmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 27 dəfə çoxdur. Görülən tədbirlərin məntiqi nəicəsi göz öündədir. Hələ 2011-ci ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin "Atlantis Holidays" MMC şirkəti arasında "Körfəz əməkdaşlıq ölkələri - bazar əlaqələrində iştirakın istiqamətlənməsi və ictimai əlaqələr xidmətinin təmin edilməsi haqqında" müqavilə imzalanmış və həmin ildən etibarən sözügedən ölkədə nazirliyin təmsilçi ofisi fəaliyyət göstərməkdədir. Təsadüfi deyildir ki, 2015-ci il ərzində Fars körfəzi ölkələrindən Azərbaycana gələn xarici vətəndaşların sayında 16,1% artım baş verib. Bununla yanaşı, qeyd edək ki, BƏƏ-dən 2016-cı ilin ilk 4 ayı ərzində gələn xarici turistlərin sayı 6 624 nəfər, 2015-ci ilin müvafiq dövrü ərzində gələn xarici turistlərin sayı isə 363 nəfər olub.
Bununla yanaşı, xatırladırıq ki, cari ilin 1 fevral tarixindən etibarən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt, Yaponiya, Çin, Cənubi Koreya, Malayziya və Sinqapur vətəndaşlarına Azərbaycan Respublikasının bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilib. Bununla əlaqədar, yaxın zamanlarda sözügedən ölkələrdən də Azərbaycana gələcək turistlərin sayında artımın baş verəcəyi gözlənilir.
Dövlətimizin turizmə yaxından diqqəti və qayğısı bu sahənin gələcək inkişafına zəmin yaradır. Təsadüfi deyil ki, dövlət büdcəsinin 2025-2030-cu illərə kimi turizm sektorunun inkişafı hesabına genişləndirilməsi nəzərdə tutulur.
Nəzakət ƏLƏDDİNQIZI