"Ümumiyyətlə indiyədək Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi İrəvana çox səfərlər olub. Həmin səfərlərin hansısa uğuru haqqında söz söyləmək isə çox çətindir. Vyana danışıqlarından sonra məsələlər bir qədər ciddiləşə bilər. Xüsusilə Azərbaycanın aprelin əvvəllərindəki uğurlu döyüşlərindən sonra bir növ hərbi müstəvidə Ermənistanı Azərbaycanın əlindən almaq istəyirlər. Ona görə də Rusiya Baş naziri Dmitri Medvedevin rəsmi İrəvana səfəri ola bilsin ki, yaxın zamanlarda nəzərdə tutulan danışıqlar üçün Ermənistanın müəyyən razılıqlara gəlməsinə xidmət edir". Bunu SİA-ya politoloq Cümşüd Nuriyev deyib.Onun sözlərinə görə, bütün hallarda arxayın olmaq olmaz ki, danışıqlar Azərbaycanın xeyrinə həyata keçirilən bir danışıqlardır: "Azərbaycanın hazırki mövqeyi daha düzgündür. Yəni biz həm danışıqları davam etdirməliyik, həm də hərbi hazırlığımızı daha yüksək səviyyəyə çatdırmalıyıq. İnanmıram ki, Rusiya nə vaxtsa hansısa məsələlərdə Ermənistanı buraxıb Azərbaycanı tam dəstəkləsin. Onlar çalışacaqlar ki, proseslər 50-50-yə olsun. Ona görə də Medvedevin İrəvana səfəri də məhz ona uyğundur. Hətta Rusiya mediasının xəbərlərinə görə, Vladimir Putinin Bakıya səfəri də gözlənilir. Hesab edirəm ki, Putinin Bakı səfəri daha ciddi səfər ola bilər. Çünki Putin söz sahibidir. Medvedev isə Putinin sözlərini Ermənistana çatdırır. Amma Qarabağ məsələsinin həllində son nöqtəni Putin qoya bilər".
sia.az