YAP Quba rayon təşkilatında şura iclası keçirilib. İclasda bir sıra məsələlər, o cümlədən YAP Quba rayon təşkilatının üzvlərinin sayının həm keyfiyyət, həm kəmiyyət baxımdan artırılması, bir sıra idarə və müəssisələrdə ilk partiya təşkilatlarının yaradılması və sair məsələlər müzakirə olunub.
Tədbiri giriş sözü ilə açan YAP Quba rayon təşkilatının sədri Yusif Abidov Yeni Azərbaycan Partiyasının zaman baxımından elə də çox olmayan tarixi dövründə şərəfli yol keçərək, Azərbaycanın ictimai-siyasi həyatında aparıcı qüvvəyə çevrildiyini bildirib:"YAP-ın gücü ondadır ki, bu partiyaya Ümummilli Lider Heydər Əliyevin ideyalarının layiqli davamçısı, Azərbaycanı lider dövlətə çevirmək uğrunda yorulmaz fəaliyyət göstərən Cənab İlham Əliyev rəhbərlik edir. Əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş inkişaf strategiyası ölkə başçısı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkədə əsaslı islahatlar, genişmiqyaslı fundamental layihələr, uğurlu daxili və xarici siyasət həyata keçirilir. Regionlar inkişaf etdikcə, yerlərdə iqtisadi fəallıq və siyasi düşüncə durmadan artır. Əbədi müstəqilliyimizin təminatı üçün yaradılmış iqtisadi və sosial dayaqlar daha da möhkəmləndirilir. Ümummilli Lider Heydər Əliyevin banisi olduğu müasir Azərbaycan dövləti Cənab İlham Əliyevin rəhbərliyi altında inkişaf dövrünü yaşayır".
O, qeyd etdi ki, YAP Quba rayon təşkilatı yarandığı və fəaliyyətdə olduğu illər ərzində təşkilat böyük inkişaf yolu keçərək, öz sıralarını Heydər Əliyev siyasətinə sədaqətli, mübariz üzvlər hesabına genişləndirib. Y.Abidov bildirdi ki, X konfransdan ötən müddət ərzində, yəni 29 aprel 2016-cı ildən bu günə qədər partiya sıralarına 566 nəfər yeni üzv qəbul olunub. Bundan sonra da bu proses mütəmadi davam etdiriləcək və boy sıralarının artırılması istiqamətində rayon təşkilatı işini daha da gücləndirəcəkdir.
Tədbirdə Milli Məclisin üzvü Yevda Abramov, Quba rayon icra hakimiyyətinin başçısı Yaşar Məmmədov və başqaları çıxış edərək, qeyd ediblər ki, ölkəmizdə həyata keçirilən dinamik inkişafın, yeniləşmənin, tərəqqinin əsasında Ulu Öndər Heydər Əliyevin dövlətçilik ideyaları durur. Həyata keçirilən tədbirlər, bütün sahələrdə qazanılan uğurlar Möhtərəm Prezident, Yeni Azərbaycan Partiyasının Sədri Cənab İlham Əliyevin apardığı uğurlu və məqsədyönlü siyasətə əsaslanır.
NƏZAKƏT