Dünən Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi və YAP Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə 28 May- Respublika Günü münasibətilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva bildirib ki, bu tarixi gün Azərbaycan xalqının həyatına əlamətdar kimi daxil olub. O, qeyd edib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirib.
Tədbirdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxış edərək bildirib ki, müstəqilliyini bərpa etdikdən sonra hər il 28 May- Respublika Gününün ölkəmizdə böyük təntənə ilə qeyd edilir. Hikmət Babaoğlu onu da vurğulayıb ki, müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti ölkəmizin çoxəsrlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafının, xalqımızın milli oyanışı və dirçəlişi proseslərinin məntiqi nəticəsi kimi meydana gəlib. Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın siyasi şüur səviyyəsinin, intellektual və mədəni potensialının, yüksək istedad və qabiliyyətinin göstəricisi idi.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib.
Daha sonra çıxış edən YAP Sabunçu rayon təşkilatı gənclər birliyinin fəalları vurğulayıblar ki, bu gün Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli və layiqli varisi kimi 1918-1920-ci illərdə əsası qoyulmuş demokratiya, demokratik dövlət quruculuğu proseslərini sürətlə həyata keçirir və inkişaf etdirir. Müasir, milli dövlətçilik strategiyasının bariz nümunəsi isə 1993-cü ildən Azərbaycanın əldə etdiyi tarixi əhəmiyyətli nailiyyətləridir. İlk əvvəl ictimai-siyasi sabitliyin bərqərar olması, milli inkişaf strategiyasının əsasının qoyulması, uğurlu və gələcəyə doğru yönləndirilmiş neft strategiyası, demokratik-hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində əldə olunan nailiyyətlər bu göstəricilərdəndir. Hazırda müasir Azərbaycan Respublikası beynəlxalq birliyin etibarlı üzvü kimi qəbul olunub, dünya birliyinə sürətli inteqrasiya yolunu uğurla davam etdirir. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası yeni çalarlarla bugünümüzdə də tətbiq olunur.
R.KAMALQIZI