Partiyanın sədr böhranı böyüyür
2015-ci ilin parlament seçkiləri ərəfəsində Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədrliyindən gözlənilməz şəkildə istefa verən Yusif Bağırzadənin ardınca adıçəkilən siyasi təşkilat ciddi böhranla üz-üzə qalıb. Artıq yarım ildir ki, sədrsiz qalan AMİP, eyni zamanda yeni sədrin seçilməsində də problemlər yaşayır. Buna qədər bir neçə dəfə AMİP-in qurultayının keçiriləcəyini bəyan edən funksionerlər hələ ki, təşkilatın ali tədbirini keçirməkdə çətinlik çəkməkdədirlər.
Etibar Məmmədovun hadisələrə öz dəyərləndirməsini etməsi vacibliyi labüdləşsə də…
Maraqlı məqamlardan biri də partiyanın ilk sədri və hazırkı lideri Etibar Məmmədovun sözügedən vəziyyətə müdaxilə etməməsidir. Çünki partiyada vəziyyət o həddə qədər dalana dirənib ki, istər-istəməz onun yaradıcısı olan E.Məmmədovun hadisələrə öz dəyərləndirməsini etməsi vacibliyi labüdləşir. Lakin buna rəğmən, o, hələ də susqunluq sərgiləməklə partiyadaxili vəziyyəti öz axarına buraxdığını sərgiləməkdədir. Düzdür, müəyyən vaxtlarda AMİP-in aparıcı yetkililəri siyasi təşkilatın rayon təşkilatlarında konfransların keçirildiyini desələr də, ortada real nəticənin olmaması bəzi məqamları yenidən üzə çıxarmaqdadır.
Üç əsas iddialı var
Bəllidir ki, AMİP sədrliyinə iddialılar arasında əsasən, baş katib Arzuxan Əlizadə, partiyanın mərkəzi şurasının təmsilçisi Əli Orucov və təşkilat sədrinin xarici əlaqələr üzə müavini Elşən Mustafayevdir. Adıçəkilən hər üç şəxs uzun illərdir ki, bu partiyada təmsil olunmaqla yanaşı, onların hər biri, bilavasitə lider E.Məmmədova xüsusi yaxınlıqları ilə də seçilirlər. Hazırda AMİP-ə qeyri-rəsmi rəhbərliyi A.Əlizadə etsə də, digər iki şəxs də idarəçilik funksiyası istiqamətində hərəkət etməkdədirlər. Onlar Y.Bağırzadənin istefasından sonra mətbuat vasitəsilə verdikləri açıqlamalarında aşkar olmasa da, sətiraltı şəkildə AMİP-in sədr postu uğrunda iddia irəli sürəcəklərini gizlətməyiblər. Artıq onlar arasında "niyə də mən olmayım?" düşüncəsi formalaşıb ki, bu amilin özü də müəyyən mənada adıçəkilən şəxslər arasında gizli mübarizənin aparıldığını göstərməkdədir.
Hazırkı iddialıların isə partiyaya xərcləmək istiqamətində demək olar ki, maliyyə resursları yoxdur
Daha bir nüans isə AMİP-də maliyyələşmə məsələsidir. Bildiyimiz kimi, istənilən siyasi təşkilatın ayaqda saxlanılması, müxtəlif proseslərə sirayət etməsi üçün maliyyə resursunun olması vacibdir. Y.Bağıırzadədə bu imkanlar var idi. Çünki onun sədrliyi dövründə AMİP bir neçə beynəlxalq tədbirlərdə iştirak etmiş, partiyanın fəaliyyətində müəyyən nəzərəçarpacaq məqamlar gözə dəymişdi. Söz yox ki, burada siyasi fəaliyyətdən əlavə biznes fəaliyyətinin olması da sirr deyil. Məhz həmin biznesdən əldə edilən gəlirlər vasitəsilə sabiq sədr AMİP-i siyasi arenadan silinməsinə imkan vermirdi. İndi isə bu, baş vermir.
AMİP nəinki mərkəzi aparatı, heç aşağı strukturları belə idarə edə bilməyəcək
Hazırkı iddialıların isə partiyaya xərcləmək istiqamətində demək olar ki, maliyyə resursları yoxdur. Onların hər biri yaxşı bilirlər ki, AMİP sədrinin kürsüsündə əyləşəcək siyasinin maliyyə qaynaqlarının olması şərtdir. Maliyyə resursu olmadığı halda, AMİP nəinki mərkəzi aparatını, heç aşağı strukturlarını belə idarə edə bilməyəcək. Bu baxımdan, AMİP-in qurultayı hər dəfə təxirə salınmaqla ayrı vaxtlara təyin olunur. Ara məsafəsində isə sədrliyə iddialılar maliyyə axtarışına çıxırlar. Amma bu "kəşfiyyatlar" hələ ki, uğursuzluqla nəticələnir. Artıq belə görünür ki, son anda AMİP lideri E.Məmmədov bu məsələyə müdaxilə etməli olacaq.
Etibar Məmmədov ya sədrliyə qayıtmalı, ya da üç iddialı arasında qəti seçim etməlidir
Onun daha öncələr bir daha partiyaya sədr kimi qayıtmayacağı barədə dediyi fikirlər geri götürülə və Məmmədov yenidən sədr postuna qayıda bilər. Yaxud E.Məmmədov son anda yuxarıda adları çəkilən üç şəxs arasında yekun seçim edərək, onlardan birinə maliyyə yardımı göstərib, sədr kürsüsünə əyləşdirə bilər. Amma bu hal yaşanarsa, digər iki iddialı şəxsin partiyada qiyam qaldıraraq, özlərinin sədr olma haqlarını müdafiə etmələri gözlənilə bilər. Bu hal isə AMİP-ə heç də yaxşı gələcək vəd edə bilməz. Dayaqları zəifləmiş partiya, hətta maliyyə resursları təmin olunsa belə, bundan artığına dözə bilməz və parçalanar. Çox yəqin ki, bir dəfə parçalanaraq VİP-ə (Vətəndaş və İnkşaf Partiyası, sədr Əli Əliyevdir-R.R.) ayrılan təşkilat bu dəfə də eyni aqibətini yaşamalı olacaq. Hər halda, qurultayın təxirə salınması da belə qənaətə gəlməyə zəmin yaratmış olur.
Rövşən RƏSULOV