PDF Oxu

Siyasət

  • 26

Ermənistanın "müharibə" ritorikası

Ermənistanın "müharibə" ritorikası

Boğazdan yuxarı bəyanatlar nəyə hesablanıb?

Cəbhə xəttində baş verən və tarixə "dördgünlük müharibə" kimi düşən məlum olaylardan sonra istər siyasi-diplomatik, istərsə də hərbi cəhətdən dalana dirənən Ermənistan rəhbərliyi düşdüyü vəziyyətdən çıxmaq üçün ötən dövrdə müxtəlif gedişlərdən istifadə etsə də, istədiyi nəticəni əldə edə bilmədi. Hətta Vyana görüşündə əldə edilən razılaşmaya görə iyun ayında növbəti görüşdə Qarabağ probleminin həlli istiqamətində müəyyən ilkin kompromislərə gedəcəyi istisna edilməyən Ermənistanın hazırda yenidən nala-mıxa döyəcləməsi belə qənaətə gəlməyə zəmin yaradır ki, işğalçı ölkə düşdüyü məğlub durumu ilə barışmaq istəmir. Bu isə əlbəttə ki, həm Ermənistan hakimiyyətini, həm də sadə erməni xalqını daha acınacaqlı günlərə doğru aparan əsas amil kimi qiymətləndirilə bilər.

Erməni generalı Arkadi Ter-Tadevosyan: "Müharibə etməliyik…Yoxsa həmin yüksəkliləri itirdiyimizə görə daha çox itirməkdə davam edəcəyik"

Bu arada "kommandos" ləqəbli erməni general-mayoru Arkadi Ter-Tadevosyan "Novosti Armeniya"ya verdiyi müsahibəsində etiraf edib ki, "erməni tərəfi çox mühüm strateji və əhəmiyyətli yüksəkliləri itirib və onları geri qaytarmaq lazımdır". Bununla da erməni "kommandos" açıq şəkildə Ermənistan rəhbərliyini Azərbaycanla yeni müharibəyə səslədiyini nümayiş etdirib.

General bildirib ki, hərbi komandanlıq vaxtında lazım olan qərarları qəbul etmədiyinə görə, belə bir vəziyyət yaranıb. Yeri gəlmişkən, onu da qeyd edək ki, Arkadi Ter-Tadevosyan özünü müxalif düşünücəli fərd kimi aparsa da, bilavasitə Sarkisyan rejiminə yaxın olan şəxslərdən biri kimi tanınır. Bu baxımdan, onun bu rejimin hərbi strukturlarını tənqid etməsini hakimiyyətin sifarişi kimi də qiymətləndirmək olar. Əbəs yerə deyil ki, erməni general-mayor Serj Sarkisyan tərəfindən istefaya göndərilən yüksək rütbəli şəxslərin ardınca bu cür açıqlamalarla çıxış edib və guya bu bəyanatı ilə hakimiyyəti "tənqid edib".

Rəhbərliyə yaxınlığı ilə seçilən generalitet əsas maraq kimi Sarkisyan hakimiyyətini saxlamaqdan ötrü başqa çıxış yolu tapmır

"İndi isə məğlubiyyəti gizlətməkdən ötrü onlar deyirlər ki, yüksəkliklər elə də əhəmiyyətli mövqelər olmayıb. Əslində, çox əhəmiyyətlidir. İndi həmin yüksəkliləri geri qaytarıb Talışda, Mardakertdə (Ağdərədə) və Maqadisdə yaşayan insanların təhlükəsizliyini təmin etmək lazımdır"-deyə erməni generalı Sarkisyana və hərbi strukturlara Azərbaycana qarşı yeni müharibə çağırışları edib".

Beləliklə, Ter-Tadevosyan guya öz təşəbbüsü ilə çıxış etdiyini məharətlə nümayiş etdirərək, Ermənistan rəhbərliyini və müdafiə nazirliyini itirilmiş yüksəkləri geri qaytarmağa səsləyib: "Biz şimal cəbhəsində çox itirmişik və həmin yüksəkliləri itirdiyimizə görə, daha çox itirməkdə davam edəcəyik. Talışda insanlar yaşamır, Qarabağın böyük şəhərlərindən olan Mardakert (Ağdərə) atəş altındadır".

Nəticədə, aydın olur ki, məhz Vyana danışıqlarından sonra Ermənistan rəhbərliyi və rəhbərliyə yaxınlığı ilə seçilən generalitet əsas maraq kimi Sarkisyan hakimiyyətini saxlamaqdan ötrü başqa çıxış yolu tapmır. Baxmayaraq ki, onlar müharibə çağırışları edirlər, ağır məğlubiyyətdən sonra cəmiyyətə "ruh yüksəkliyi" sırımağa çalışırlar, görünən isə budur ki, bütün sözlər boğazdan yuxarı deyilir.

Edvard Nalbandyan: "Qarabağ rəhbərliyinin iştirakı olmadan heç bir sənədə imza atmayacağıq"

Elə götürək Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın sərsəm bəyanatlarını. Prezidentlər arasında iyunda planlaşdırılan görüşə "Qarabağ rəhbərliyinin iştirakı olmadan heç bir sənədə imza atmayacağıq" –deyə bildirən erməni nazir bununla Vyana görüşünün yenidən dalana dirənməsinə yönəldilmiş addım atıb.

Lakin Nalbandyanın bu fikirləri dərhal Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Hikmət Hacıyev tərəfindən cavablandırılıb.

Azərbaycan XİN: "Əgər Ermənistanı atəşkəs rejiminin davam etdirilməsi təmin edirsə, bu zaman Azərbaycanın işğal altındakı ərazilərdəki mövcudluğuna son qoyulmalıdır"

XİN sözcüsü bildirib ki, artıq sözlə oyun oynamağın vaxtı çoxdan qurtarıb və problemin çoxtərəfli həlli üçün, ilk növbədə status-kvo dəyişilməlidir. Erməni silahlı qüvvələri isə işğal altında olan ərazilərdən çıxmalıdırlar.

"Əgər Ermənistanı atəşkəs rejiminin davam etdirilməsi təmin edirsə, bu zaman Azərbaycanın işğal altındakı ərazilərdəki mövcudluğuna son qoyulmalıdır"-deyə vurğulayan Hikmət Hacıyev bildirib ki, əslində Ermənistanın xarici işlər naziri öz xalqını sülhə hazırlamalı və sülh danışıqları prosesi barədə həqiqətləri çatdırmalıdır: "Təəssüf ki, biz əksini görürük. Azərbaycan dəfələrlə bəyan edib ki, istər çoxtərəfli, istərsə də ayrı-ayrılıqda keçirilən danışıqlara hazırdır".

Göründüyü kimi, Ermənistan tərəfinin Qarabağ üzrə danışıqlar çərçivəsində bu və ya digər şəkildə, hər zaman olduğu kimi, növbəti cığallıqlara əl atması, üstəlik, müharibə çağırışları etməsi, hətta bir sıra hakimiyyət nümayəndələrinin ölkələrinin atom bombasına malik olması barədə sərsəm bəyanatlar səsləndirməsi heç nəyi həll etmir. Əksinə, belə davam edərsə, Azərbaycanın əzəli torpaqlarının erməni işğalından azad edilməsi istiqamətində sərgilədiyi qətiyyətli mövqeyi daha da artır.

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər