Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində 28 May Respublika Günü münasibəti ilə təntənəli tədbirlər keçirilir, şəxsi heyətə Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə, xalqımızın müstəqillik və dövlətçilik ənənələri haqqında ətraflı məlumatlar verilir. SİA-nın məlumatına görə, bu əlamətdar gün münasibəti ilə keçirilən tədbirlərdə Xalq Cümhuriyyətinin varisi olan müasir müstəqil Azərbaycan dövlətinin yaranmasında, möhkəmlənməsində və dünyada tanınmasında Ulu Öndər Heydər Əliyevin misilsiz tarixi xidmətləri minnətdarlıq hissi ilə qeyd edilir.Respublika Günü münasibəti ilə Dövlət Sərhəd Xidmətinin Akademiyasında may ayının 26-da keçirilən tədbirdə çıxış edən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Musa Qasımlı, Dövlət Sərhəd Xidməti Akademiyasının rəisi polkovnik Elşən Verdiyev Xalq Cümhuriyyətinin yaradılmasını xalqımızın ictimai-siyasi və mədəni inkişafının, milli oyanışının məntiqi nəticəsi olduğunu bildiriblər. Şərqin və türk dünyasının ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti dövründə etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlara bərabər hüquqların verilməsi, qadınların seçki hüquqlarının tanınması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun, hüquq-mühafizə və təhlükəsizlik strukturlarının, sərhəd mühafizə qüvvələrinin yaradılması, müstəqil dövlət quruculuğunda qazanılan digər nailiyyətlər iftixar hissi ilə xatırlanıb.Tədbirdə Xalq Cümhuriyyətinin sərhədlərin mühafizəsi istiqamətindəki fəaliyyəti xüsusi qeyd olunub, bolşevik işğalı nəticəsində yarımçıq qalmış işlərin müstəqillik illərində uğurla davam etdirilməsi, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi sayəsində mühüm xidməti nailiyyətlərin qazanılması, Dövlət Sərhəd Xidmətinin peşəkar kadrlarla, müasir silah və texnika ilə təmin edilərək qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan quruma çevrilməsi vurğulanıb.Tədbirin sonunda Respublika Günü münasibəti ilə təşkil olunan sərgiyə baxış keçirilib.
sia.az