Bu gün İqtisadiyyat Nazirliyinin "İslam bankçılığı" mövzusunda təlimin bağlanış mərasimi keçirilib.SİA-nın məlumatına görə, islam bankçılığı sahəsində kadr potensialının gücləndirilməsi məqsədi ilə təşkil edilən təlimin həmtəşkilatçıları İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Türk Katılım Bankaları Birliyi (TKBB), Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutu, İstanbul Sabahattin Zaim Universiteti (İZU), İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi (İRÖİB) və İqtisadi Araşdırmalar və Tədris Mərkəzi (İATM) olublar.Müxtəlif dövlət və özəl sektorda fəaliyyət göstərən mütəxəssislərin, tədqiqatçıların, 50-dən çox nümayəndələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İnstitutun direktoru Vilayət Vəliyev iştirakçıları və qonaqları salamlayaraq, treyninqin təşkilatçılarına öz minnətdarlığını bildirməklə sertifikata layiq görülmüş şəxsləri təbrik edib.Daha sonra təlimin işinin müvəffəqiyyətlə başa çatdırılması münasibətilə təşkilatçıları, məruzəçi və dinləyiciləri təbrik edən TİKA-nın Bakı Proqram koordinatoru Mustafa Haşim Polat TİKA-nın Azərbaycanda gördüyü işlər barəsində danışdıqdan sonra İslam Bankçılığının iqtisadiyyatın inkişafındakı rolu və bu treyninqin də mühüm əhəmiyyətini bir daha vurğulayıb.İROİB-nin sədri Ruslan Atakişiyev təlimin proqramı, təşkili ideyası haqqında iştirakçılara məlumat verərək, treyninqin təşkilində dəstəyi olan bütün qurumlara öz minnətdarlığını bildirib.Tədbirə diskussiya şəklində yekun vurulub.
sia.az