Dövlət Miqrasiya Xidməti tərəfindən Gəncə Regional Miqrasiya İdarəsinin xidmət ərazisinə aid olan Şəmkirdə vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı regionda yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin, o cümlədən ictimaiyyətin, aidiyyəti dövlət qurumlarının, sahibkarların, təhsil işçilərinin nümayəndələri olan 380 nəfərin iştirakı ilə maarifləndirmə tədbiri keçirilib.
Görüşdə qeyd olunub ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkəmizin geostrateji mövqeyi, respublikamızdakı sabitlik, tolerantlıq, iqtisadi inkişaf Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Çıxış edənlər Dövlət Miqrasiya Xidmətinin Prezident Cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu bildiriblər. Bunun nümunəsi kimi istər xidmət aparatında, istərsə də regional miqrasiya idarələrində yüksək xidməti şərait yaradılmasına, mobil idarəetmə sisteminin formalaşmasına diqqət çəkilib. Xidmətə müraciət edənlərin məmnunluğunun təmin edilməsinin əsas prioritetlərdən olduğu vurğulanıb.Xidmətdə ictimai nəzarətə, ictimai iştirakçılığa geniş yer verildiyi və Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın faəliyyət göstərdiyi qeyd olunub.
Dövlət Miqrasiya Xidməti tərəfindən ölkəmizdə qanunsuz yaşayan əcnəbilərin aşkarlanması, onların qanunvericiliyin tələblərinə uyğun olaraq, respublika ərazisində olma və yaşamalarının leqallaşdırılması üçün ardıcıl tədbirlərin davam etdirildiyi və bu tədbirlərin səmərəli nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Bildirilib ki, qanunsuz miqrasiyaya qarşı keçirilmiş kompleks tədbirlər nəticəsində son 5 ay ərzində Azərbaycan ərazisindən istifadə etməklə əcnəbilərin qanunsuz yollarla İran-Türkiyə-Avropa marşurutu üzrə miqrasiya kanalını təşkil edən 5 mütəşəkkil dəstə ifşa edilərək zərərsizləşdirilib. Tədbirdə o da diqqətə çatdırılıb ki, 10 gündən artıq ölkəmizdə qalmaq istəyən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər 10 gün ərzində olduğu yer üzrə qeydiyyata düşməlidirlər.
Daha sonra Gəncə Regional Miqrasiya İdarəsinin xidmət ərazisində yaşayan 46 şəxsə səyyar xidmət göstərilib. 4 nəfərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə vəsiqələri, 12 nəfərə Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin müəyyən olunmasına dair arayış verilib. 9 şəxsə daimi yaşama icazəsinin verilməsi və şəxsin vətəndaşlıq mənsubiyyətinin müəyyən olunmasına dair müraciət etmələri üçün tələb olunan sənədlərin siyahısı təqdim edilib. 21 əcnəbi və vətəndaşlığı olmayan şəxsin vətəndaşlıq məsələsi ilə bağlı müraciətləri dinlənilib və onların hansı prosedurları necə həyata keçirmələri ilə bağlı izahedici söhbət aparılıb.
Tədbir iştirakçıları adından Filal Məmmədov və Firuzə Heydərova maarifləndirmə tədbirinin keçirilməsinə, izahedici söhbətlərə və göstərilən xidmətlərə görə minnətdarlıqlarını bildiriblər.
NƏZAKƏT