PDF Oxu

Siyasət

  • 31

4 iyun qiyamının görünməyən tərəfləri

4 iyun qiyamının görünməyən tərəfləri

Sabiq müdafiə naziri kimləri ifşa etdi?

Tariximizə qara ləkə kimi düşən və "Gəncə qiyamı" kimi adlandırılan 4 iyun hadisələrindən 23 il keçməkdədir. Belə ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində işğala uğrayan torpaqlarımızın növbəti təhlükələrə məruz qaldığı bir zamanda, onu xilas etmək yerinə xarici qüvvələrin buyruq qullarına çevrilən o zamankı xəyanətkar AXC-Müsavat iqtidarı yenicə əldə etdiyimiz müstəqilliyimizin itirilməsində xüsusi rol oynayırdı.

"Facebook" qəhrəmanlığı edən mikrofon aşiqləri 23 il öncə Vətəni satmaq üçün sıraya düzlənib ağızlarını sulandırırdılar

Məhz dövlətimizi parçalayaraq ona sahib çıxmaq istəyən xarici qüvvələrə stimul daxili düşmənlər ac çaqqallartək "nə qədər çox qopardımsa qənimətdir" prinsipilə Azərbaycanı məhv etmək astanasına gətirib çıxarmışdılar. Bu gün "ana müxalifət" adı uğrunda bir-birlərini didən, mitinq və aksiyalarında "uca xalq", "ulu millət", "turançılıq ideologiyası" və s. bənzər ifadələrlə boğazadan yuxarı pafoslara qaplıb "facebook" qəhrəmanlığı edən mikrofon aşiqləri 23 il öncə Vətəni satmaq üçün sıraya düzlənib ağızlarını sulandırırdılar. Və bunu biz deyil, həmin dövrlərdə üzdə gedən simalardan olmuş sabiq müdafiə naziri Rəhim Qazıyev mətbuata verdiyi müsahibəsində deyib. Daha dəqiq desək, özünün də bu hadisədə payı olduğunu yaxşı bilən, amma bunu hər vəchlə inkar edən Qazıyev, əslində özünü "təmizə" çıxarmaqdan ötrü qiyamın görünməyən tərəflərini açıqlamış olub. Necə deyərlər, cəhənnəmə gedən özü ilə yoldaş apardığı kimi, R.Qazıyev də həmin vasitədən istifadə edərək, bəzi real detalları açıqlayıb.

Pəhan Hüseynin əsas məqsədi prezident Elçibəyi devirib, onun yerinə İsa Qəmbəri prezident seçdirmək planı idi

Məsələn, bəlli olub ki, R.Qazıyev müdafiə naziri olduğu dönəmlərdə onun yanında hərlənən Arzu Səmədbəyli AXC-Müsavat iqtidarında təmsil olunurdu. Qazıyev vəzifəsindən istefa verəndən sonra o, A.Səmədbəylini yanına çağıraraq həmin vaxt hakimiyyətdə təmsil olunan digər cəbhəçi Fərəc Quliyevi də evinə dəvət edib. Ancaq onlar vəziyyətin stabilləşməsi üçün heç bir addım atmayıblar. Belə ki, həmin vaxt baş nazir vəzifəsini daşıyan P.Hüseynin əsas məqsədi prezident Elçibəyi devirib, onun yerinə İ.Qəmbəri prezident seçdirmək planı idi.

Rəhim Qazıyev: "Pənah Hüseyn artıq özünə sığmırdı"

SİTAT: "26-27 fevral 1993-cü ildə vəziyyət gərginləşirdi, mən də bir həftə idi ki, istefa vermişdim. O dövrdə mənim yanımda olan Arzu Səmədbəyliyə dedim ki, "Fərəc Quliyevi də götür, gəl bizə". Onlar bizə gəldilər. Mən F.Quliyevə dedim ki, səngərdə olan adamsan. Surətin də yanında barıt iyi görən uşaqlar var. Qarşıdurmaya getməyin, oturun Surətlə məsələləri birdəfəlik həll edin. Bunu evimdə onlara demişəm. Ancaq onlar heç bir addım atmadılar. Sonra mart ayında vəziyyət gərginləşdi, P.Hüseyn artıq özünə sığmırdı. Martın 21-də Gəncəyə gəldi və əlində fərman var idi. Prezidentin elan olunmamış və Gəncədə fövqəladə vəziyyət elan etmək fərmanından danışıram".

Sabiq hərbi nazir belə olan vəziyyətdə P.Hüseynə ağıl qoyduğunu da dilə gitirib və belə anda daha bir maraqlı məqam üzə çıxıb. Sən demə, həmin vaxtlar hər kəs dövlət sturkutlarında çalışan yüksək vəzifəli şəxslərə, nazirlərə, hətta prezidentə məsləhət verə bilərmiş (?!-R.R.).

"Əgər onların kişiliyi varsa, desinlər ki, Rəhim bütün bunları yalan deyir"

Məsələn, R.Qazıyevin təkcə bu fiikirlərinə diqqət yetirək: "Dedim, Pənah, ağlını başa yığ (!-R.R.), ölkəni qana aparmayın. Get (?-R.R.) prezident Ə.Elçibəyə de (??!!-R.R.), eləcə də Gəncədə sözü keçən ağsaqqalları toplayaraq, problemi yoluna qoyun (Demək, dövlət idarəsiz bir formadaydı və ağsaqqalların ümidinə qalmışdı?-R.R.). P.Hüseyn getdi. Sonra İsmayıl Şıxlı, Nəcəf Nəcəfov və Sabir Bağırov gəldi. Bu, yanvarın 25-də oldu. Onlar oturub ikinci korpusun qərargahında söhbət etdilər. Mən də N.Nəcəfova dedim ki, bunlar Ə.Elçibəyi yıxmaq istəyirlər".

Təbii ki, atalar misalında da bildirildiyi kimi, balıq başından iylənər. R.Qazıyevin dediklərində həqiqətin oduğu danılmazdır. Məsələn, danılmaz faktlardan biri prezident Elçibəyə qarşı işlədilən plan və həmin planın icraçılarının kimlərin olmaları idi. SİTAT: "...S.Hüseynovla prezident Elçibəyin görüşünə şərait yaradılmadı. Əsl xəyanət budur! 4 iyuna gedən yol buradan başladı. Daha sonra Surəti həbs etmək istədilər, vəziyyət dəyişdi, əks-qüvvələr Surətin ətrafına toplaşdı və Surət qayıdıb 4 gün boş qalan hərbi hissədə oturdu, tərəfdarlarını başına topladı. Əgər onların kişiliyi varsa, desinlər ki, Rəhim bütün bunları yalan deyir. Niyə istəmirlər ki, bu məsələlər açılsın".

Növbəti adlar İsa Qəmbər, Sülhəddin Əkbər və Arif Hacılıdır, yaxud Pənah Hüseyn "SAQQALLINI UZAQLAŞDIRACAĞIQ" deyəndə, kimi nəzərdə tutub?

Elçibəyə xəyanət edənlərin yaxın ətrafı olduğunu israrla deyən Qazıyev adları da açıqlamağı unutmayıb - P.Hüseyn, İ.Qəmbər, S.Əkbər, A.Hacılı! Xüsusilə, P.Hüseynin adını hallandıran R.Qazıyev əlində əsaslı faktların olduğunu bildirib: "2000-ci ildə Kəlbəcərin işğalı ilə bağlı çəkilən videoya diqqətlə baxın. Orada bir kəlbəcərli deyir ki, P.Hüseynov, sən ayın 1-də Kəlbəcərə gəldin və dedin ki, "saqqallını kənarlaşdıraq, hər şey yaxşı olacaq". Bunun qarşılığında Pənah Hüseynov quzu kimi susur və cavab da vermir. Bunlar uydurma deyil, həqiqətdir".

1998-ci ildə Ə.Elçibəyin verdiyi müsahibədə qiyama dəstək verən şəxslərin adını çəkərkən, R.Qazyevin də adı üzərində xüsusi dayanmasına münasibət bildirən sabiq hərbi nazir deyib ki, onun qiyama dəstək söhbəti olmayıb: "Mən daima demişəm ki, qarşıdurmaya getməyin, məsələni danışıqlar vasitəsilə həll edin. İkincisi, S.Hüseynov cəbhəçi, hərəkatçı idi? Yox! Bəs Ə.Elçibəy hakimiyyətə gələndən 10 gün sonra S.Hüseynova iki vəzifəni qəfildən kimin təklifi əsasında verib? Kimin təklifi əsasında Surət baş nazirin müavini və prezidentin Qarabağ üzrə səlahiyyətli nümayəndəsi təyin edib?-P.Hüseyn! Bunu araşdırın. Yaxşı bu halda mənim nə günahım var? Surət bunlara düşmən kəsildisə, bunda mənim suçum nədir?"

R.Qazıyev daha bir vacib detala toxunaraq deyib ki, vaxtilə Ə.Elçibəy haqqında Gəncədə həbs qərarı verən şəxsi hörmətli məclislərdə başda oturdurlar. Beləliklə, o zamankı baş prokuror İxtiyar Şirinin də bostanına daş ataraq, onu ittiham edən sabiq nazir indi belələrinin özlərini "yaxşı oğlan" hesab etmələrini doğru bilir: "O da deyir ki, Elçibəyin həbsi haqqında sanksiya verməmişəm. Həmin sanksiyanın orijinalı məndədir. Sadəcə, indi hamı özünü mehriban və yaxşı kişi hesab edir".

Göründüyü kimi, 4 iyun qiyamı barədə bir çox ifşaedici məqamlar mövcuddur. R.Qazıyev bu barədə çox sübut və dəlillərə sahib olduğunu desə də, hətta ortaya faktlar qoysa da, qarşı tərəf növbəti dəfə "hakimiyyətə gəlmək" xəyalları ilə alışıb-yanır, mövcud iqtidarın yürütdüyü uğurlu siyasətə öz təbirlərincə, müxalifətçilik edir, bununla da işlərini birmiş bilirlər. Amma tarixə qara ləkə kimi düşmüş 4 iyun qiyamını xalq unutmayıb. Artıq xalqın qarşısında cavab verməyin zamanı çatıb, "möhtərəm bəylər"…

Rövşən RƏSULOV

Digər xəbərlər