İclasda "2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihəsi qəbul edilib
Dünən Milli Məclisin 2016-cı ilin yaz sessiyasının sonuncu plenar iclası keçirilib. İclası spiker Oqtay Əsədov açaraq, gündəliyi elan edib. Qeyd olunub ki, iclasın gündəliyinə 12 məsələ daxildir.
Milli Məclisin iclasına bir qrup uşaq qatılıb
1 İyun - Beynəlxalq Uşaqların Müdafiəsi Günü ilə əlaqədar Milli Məclisin keçirilən iclasına bir qrup uşaq qatılıb. 20-yə qədər uşaq iclası izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: "Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında, Milli Məclisdə təmsil olunan nümunəvi deputatlar çıxacaq".
Uşaqlar öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.
Milli Məclis "2015-ci il dövlət büdcəsinin icrası haqqında" layihəsini qəbul edib
Milli Məclisin iclasında Şəki Apellyasiya Məhkəməsinin hakimi Hümbət Qamuna oğlu Səlimov vəzifəsindən azad edilib. Səsvermə nəticəsində H.Səlimov Balakən rayon Məhkəməsinin hakimi təyin olunub.
İclasda çıxış edən millət vəkili Zahid Oruc qeyd edib ki, SOCAR Gürcüstanın yaşayış məntəqələrini aktiv şəkildə qazla təchiz etsə də, Azərbaycanın bəzi kəndləri hələ də qazsızdır: "Azərenerji" ASC-nin borcu 1 milyard manata yaxınlaşır və bu, artıq düşündürücü rəqəmdir. Eyni zamanda, qeyd edim ki, elə kəndlərimiz var ki, 90% qazlaşdırılıb, işlər yarımçıq saxlanılıb. Bu işləri yarımçıq saxlamaq olmaz".
Millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov isə bildirib ki, informasiya müharibəsi dövlət üçün də önəmli olduğu üçün maliyyə baxımından KİV-ə daha çox diqqət ayrılmalıdır.
Deputat Qənirə Paşayeva isə bildirib ki, turistik sahəyə daha çox diqqət ayrılmalıdır: "Mövcud iqtisadi durumda ölkəyə turist axınına töhfə verilməlidir. Xüsusilə, qardaş Türkiyədən gələnlər üçün hava limanında sadələşdirilmiş viza qaydaları tətbiq etsək, daha yaxşı olar".
Sonra plenar iclasda "Azərbaycanın 2015-ci il dövlət büdcəsinin icrası haqqında" sənəd müzakirəyə çıxarılıb. İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə büdcənin icrası barədə məlumat verərək bildirib ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi iqtisadiyyata da öz mənfi təsirini göstərib. O, qeyd edib ki, 2015-ci ildə iqtisadi inkişafa nail olunub və bu, özlüyündə böyük nailiyyətdir: "Ötən ildə büdcənin icrasında vergi və gömrük komitəsi proqnozu artıqlaması ilə yerinə yetirib. Vergi-gömrük sistemindəki iqtisadi islahatların nəticəsində büdcənin gəlirləri üzrə proqnozlar uğurla həyata keçirilib. Ölkənin müdafiəsi ilə bağlı xərclərində heç bir azalma olmayıb. Təhsil, səhiyyə, mədəniyyət xərclərinin xüsusi çəkisi artıb. Son 5 ildə aqrar sektorun inkişafına 2,5 mlrd. manat ayrılıb. Dövlət büdcəsində Dövlət Neft Fondu üstünlük təşkil edir. 2013-cü ildə transfert 11,3 mlrd. manat, 2015-ci ildə 8 mlrd. manat təşkil edib. Gələcəkdə Dövlət Neft Fondunun gələcək nəsillər üzrə optimal bölüşdürülməsi təmin ediləcək.
Dövlət büdcəsinin icrasına Hesablama Palatı da müsbət rəy verib.
Müzakirələr zamanı çıxış edən millət vəkilləri 2015-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin qanunverciliyə uyğun hazırlandığını vurğulayaraq bildirdilər ki, ötən il də qarşıya qoyulan bütün məqsədlərə nail olunub. Sənədi müsbət xarakterizə edən cəhətlərdən biri ötən il də bütün sosial proqramların və layihələrin yerinə yetirilməsidir.
Maliyyə naziri Samir Şərifov da millət vəkillərinin çıxışlarında qaldırdıqları bəzi məsələlər münasibət bildirərkən dedi ki, ötən il də büdcə öhdəlikləri və vəzifələri tam yerinə yetirilib. Nazir dövlət başçısının pensiya islahatı konsepsiyasına uyğun müvafiq qanun layihəsinin hazırlandığını dedi.
İclasda "Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında" yeni qanun layihəsi qəbul olundu. "Hərbi vəzifə və hərbi xidmət", "Məlumat azadlığı", "Terrorçuluğa qarşı mübarizə", "Dövlət qulluğu", "Məhkəmələr və hakimlər" haqqında qanunlara, Mülki, Cəzaların İcrası, Cinayət Məcəllələrinə dəyişikliklər edildi. İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" yeni qanun layihəsi də ikinci oxunuşda müzakirə olundu. Yeni qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq olacaq.
"Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi ikinci oxunuşda qəbul olunub
İclasda "Kənd təsərrüfatı kooperasiyası haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb. Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, layihə birinci oxunuşdan sonra təkmilləşdirilib, yeni maddələr əlavə edlib. Qeyd olunub ki, qanun layihəsi kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkilinin və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanunun məqsədi Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabiliyyətli kənd təsərrüfatı məhsulları istehsal etmək və məhsuldarlığı artırmaq, kənd təsərrüfatı kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştirakçılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Qanunda yeni yaradılacaq kooperativlər üçün kredit fondlarının yaradılması da nəzərdə tutulur.
Layihə 5 fəsil 18 maddədən ibarətdir.
Qanun layihəsi müzakirələrdən sonra ikinci oxunuşda da qəbul olunub.
Bununla da Milli Məclisin yaz sessiyası başa çatdı.
RƏFİQƏ KAMALQIZI