Dünən Milli Kitabxanada Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi ilə Argentinanın Azərbaycan Respublikasındakı səfirliyinin birgə layihəsi olan Adolfo Bio Kasaresin "Morelin ixtirası" kitabının təqdimat mərasimi keçirilib.
Tədbiri giriş sözü ilə açan Argentinanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Carlos Dante Riva Adolfo Bio Kasaresin Azərbaycanda ilk dəfə nəşr olunan kitabın tərcüməsinin Argentina Xarici İşlər və Etiqad Nazirliyinin dəstəyi üzrə "Sur (Cənub)" Proqramı çərçivəsində həyata keçirildiyini söyləyib. O, 1940-cı illərdə yazılmış bir əsərin Azərbaycan dilinə tərcümə olunaraq oxuculara təqdim edilməsindən məmnunluq duyduğunu vurğulayaraq, bu əsərin ərsəyə gəlməsinə görə Azərbaycan Tərcümə Mərkəzinə minnətdarlığını bildirib.
Tədbirdə çıxış edən Azərbaycan Tərcümə Mərkəzinin direktoru Afaq Məsud əvvəlcə mərkəzin fəaliyyəti haqqında qısa məlumat verərək, Azərbaycan ədəbiyyatının dünyada təbliği və dünya ədəbiyyatının Azərbaycanda təbliği sahəsində gördükləri işlərdən danışıb. Argentina və Latın Amerikası ədəbiyyatından, təqdimatı keçirilən kitabdan danışan A.Məsud səfirə əsərləri tərcümə olunmaq üçün yazıçı Adolfo Bio Kasaresi təqdim etdiyinə görə təşəkkürünü bildirib.
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov Tərcümə Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib, bu kitabın tərcüməsinə görə oxucular adından minnətdarlığını bildirdi.
Çıxışçılar Azərbaycan Yazıçılar Birliyinin katibi, "525-ci qəzet"in redaktoru Rəşad Məcid, Tərcümə Mərkəzi Aparatın rəhbəri Yaşar Əliyev və digərləri Latın Amerikası Argentina ədəbiyyatından danışaraq, Azərbaycan oxucusuna yeni ad tanıtdıqlarına görə minnətdarlıqlarını bildiriblər.
ZÜMRÜD