"Yaxın gələcəkdə Avropanın bir çox ölkəsində siyasi, koordinasiya mərkəzləri yaradılacaq. Diaspor işinə dövlətin qayğısı var. Biz işimizi elə qurmalıyıq ki, dövlətdən vəsait istəyəndə ala bilək". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.Onun sözlərinə görə, vəsaitlərin səmərəsiz istifadəsi diaspor işini geri apara bilər: "Amma diaspor işi daxildən gələn təşəbbüs üzərində qurulmalıdır. Bu, təkcə Azərbaycan dövlətinin vəsaiti ilə qurulmamalıdır. Diaspor təşkilatlarının gücü eyni olmadığından, tarixi faktların işıqlandırılması bir qədər axsayır".Komitə sədri həmçinin deyib ki, yaxın beş ildə Azərbaycan diaspor təşkilatları daha da irəli gedəcək: "Dövlət diaspor işinə xüsusi nəzarət edir. Xarici kütləvi informasiya vasitələrində çalışan erməni əsilli jurnalistlər, Ermənistana yaxın insanların sayı çoxdur. Azərbaycanlılar isə azlıq təşkil edirlər".N.İbrahimov əlavə edib ki, ermənilər lobbiçilik siyasətinə yüz il öncədən başlayıblar: "Biz 2001-ci ildən aktiv fəaliyyət göstəririk. Zamanla bunun öhdəsindən gələcəyik, həmin gün uzaqda deyil. Bunun üçün xarici ölkələrdə yaşayan azərbaycanlılar fəal olmalıdırlar. Onların fəaliyyətlərinə biz də dəstək versək, nəticə əldə edəcəyik".
sia.az