Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın iyunun 3-də rəsmi qarşılanma mərasimi olub. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Türkiyənin Baş nazirinin şərəfinə Fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Türkiyənin Baş naziri Binəli Yıldırımı və xanımı Semiha Yıldırımı qarşıladılar. Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirildi. Azərbaycanın dövlət və hökumət nümayəndələri Baş nazir Binəli Yıldırıma, Türkiyə nümayəndə heyətinin üzvləri isə Prezident İlham Əliyevə təqdim olundu. Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, Türkiyənin Baş naziri Binəli Yıldırım və xanımı Semiha Yıldırım rəsmi foto çəkdirdilər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iyunun 3-də Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə olundu. Türkiyənin Baş naziri Binəli Yıldırımın Azərbaycana səfərinin əlaqələrimizin daha da genişləndirilməsinə töhfə verəcəyi qeyd edildi. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım ilə geniş tərkibdə görüşü olub.
Azərbaycan Prezidenti İlham Əliyev:
-Hörmətli cənab Baş nazir. Hörmətli qonaqlar.
Mən sizi Azərbaycanda bir daha səmimiyyətlə salamlayıram. Azərbaycana xoş gəlmisiniz. Hörmətli Baş nazir, ilk növbədə, Sizi bu yüksək vəzifəyə təyin olunmağınız münasibətilə Azərbaycan xalqı adından bir daha ürəkdən təbrik edirəm. Sizə bu məsuliyyətli vəzifədə böyük uğurlar arzulayıram. Biz indi Sizinlə təkbətək görüşümüzdə ikitərəfli məsələlərin həlli ilə bağlı fikir mübadiləsi apardıq. Bir daha görürük ki, bizim aramızda heç bir fikir ayrılığı yoxdur. Bizim istəyimiz, məqsədimiz Türkiyə-Azərbaycan birliyini daha da güclü etmək və möhkəmləndirməkdir. Biz həm siyasi, iqtisadi, nəqliyyat sahələrində və həm də bütün başqa sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu gün Türkiyə və Azərbaycan əlaqələri ən yüksək zirvədədir.
Görüləcək işlər də var. Bizi birləşdirən önəmli nəqliyyat, enerji layihələri icra edilir və şadam ki, vaxtında icra edilir. Əminəm ki, yaxın zamanlarda biz bu önəmli, dünya miqyaslı layihələrin açılışlarını qeyd edəcəyik. Türkiyə-Azərbaycan əlaqələri həm xalqlarımız, dövlətlərimiz və həm də bölgə üçün böyük əhəmiyyət daşıyır. Bizim birliyimiz bölgədə sabitliyi daha da möhkəmləndirir. Mən şadam ki, Siz Azərbaycana böyük heyətlə gəlmisiniz, yeni nazirlər Azərbaycan nazirləri ilə ünsiyyətdə olacaqlar və bütün lazımi danışıqları aparacaqlar. Bir daha Azərbaycana xoş gəlmisiniz.
* * *
Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım:
-Hörmətli cənab Prezident. Hörmətli nazirlər. Bu gün artıq Türkiyə Respublikası üçün bir ənənə halı alan səfəri həyata keçiririk. Türkiyədə yeni hökumət qurulduğu zaman Baş nazirin ilk işi Şimali Kiprə, ondan dərhal sonra "bir millət, iki dövlət" olan qardaş Azərbaycana səfər etməkdir. Bu baxımdan mən də yoldaşlarımla birlikdə bu səfəri həyata keçiririk. Bu səfər zamanı dost və qardaş Azərbaycanda Sizdən gördüyümüz bu gözəl, mehriban qarşılanma, ev sahibliyi üçün təşəkkür edirik.
* * *
Baş nazir Binəli Yıldırım Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırdı. Görüşdə Azərbaycan və Türkiyə arasında enerji layihələri, o cümlədən "Cənub Qaz Dəhlizi", TAP, TANAP layihələrinin həyata keçirilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin inşası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, regional əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Türkiyə dövlətinin başçısına çatdırmağı xahiş etdi. İyunun 3-də geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım mətbuata birgə bəyanatlarla çıxış ediblər.
"Bu gün Türkiyənin Baş naziri Azərbaycana rəsmi səfər gəlib, bu səfər iki ölkə arasında münasibətlərin inkişafı üçün önəmlidir". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırımla geniş tərkibli görüşdən sonra mətbuat üçün birgə bəyanatda Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Prezident Türkiyə hökumətinin əlaqələrin inkişafı üçün Azərbaycanla çalışacağına əminliyini bildirib: "Bu gün Azərbaycan və Türkiyə arasında əlaqələr ən yüksək səviyyədədir. Cari ildə 3 dəfə Türkiyəyə səfər etmişəm, qarşılıqlı səfərlər də nəzərə alınanda ümumilikdə 5 yüksək səviyyəli görüş keçirilib. Bütün bunlar iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğundan xəbər verir. Dünyada Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın iki ölkə tapmaq çətindir. Bu yaxınlarda İslam Əməkdaşlıq Təşkilatının zirvə görüşü çərçivəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı kontakt qrupu yaradılıb. Bu qərarın qəbul olunmasında Türkiyənin böyük rolu olub. Türkiyə Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanındadır" Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu xatırladan dövlət başçısı söyləyib ki, BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamənin qəbul olunmasına baxmayaraq, hələ də məsələ həllini tapmır: "BMT-nin qətnamələrində göstərilir ki, erməni işğalçı qüvvələri işğal olunmuş torpaqlardan dərhal çıxarılmalıdır. Lakin qətnamələr kağız üzərində qalıb, çünki ikili standlartlar var. Bəzi hallarda BMT qətnamələri 1 gün ərzində icra edilir. Amma Azərbaycana gəlincə, 20 ildir ki, qətnamələr icra edilmir. Bu, böyük ədalətsizlikdir". Prezident İlham Əliyev bildirib ki, Azərbaycan aprel ayında hərbi-siyasi üstünlük əldə edib: "Apreldə Azərbaycan ordusu əks-hücum əməliyyatı keçirib, 2000 hektar ərazi düşməndən təmizlənib. Biz məsələnin sülh yolu ilə həllinin tərəfdarıyıq. Amma status-kvo dəyişməlidir".
"Azərbaycan Almaniya Bundestaqı tərəfindən qondarma "erməni soyqırımı" ilə bağlı qəbul edilən, yalan üzərində qurulan qətnaməni pisləyir. Bu, ədalətsizlik, ikili standart, tarixin təhrif edilməsidir. Biz buna dözə bilmərik və dözmürük". Dövlət başçısı qeyd edib ki, Almaniya Bundestaqının qərarı siyasi sifarişdir: "Yəqin Türkiyənii nəyəsə məcbur etmək, onun həyata keçirdiyi müstəqil siyasətinə təsir etmək istəyirlər. Erməni məsələsi böyük dövlətlərin əlində alətə çevrilib. Azərbaycan da ötən il oxşar vəziyyətlə üzləşdi. Belə ki, ötən ilin iyunun 12-də Almaniya parlamenti Azərbaycana qarşı ədalətsiz, yalana əsaslanan qətnamə qəbul edərək bildirdi ki, guya Azərbaycanda insan haqları pozulur. Amma bu, yalandır. Çünki, ölkəmizdə demokratiya inkişaf edir, azad internet və sərbəst toplaşma azadlığı var. Sözügedən qətnamə ötən il ölkəmizdə keçirilən Birinci Avropa Oyunlarının açlışı günü Almaniya parlamenti tərəfindən qəbul edilmişdi. Azərbaycan və Türkiyəyə qarşı bu qətnamələri qəbul edənlər böyük tarixi və siyasi səhv buraxdılar. Bizə qarşı aparılan təxribatlar göstərdi ki, biz ancaq birlikdə güclü ola bilərik. Türkiyə və Azərbaycan birliyi faktordur, bu faktoru heç kim inkar edə bilməz".
Azərbaycan və Türkiyənin birgə layihələr həyata keçirdiyini dilə gətirən Prezident İlham Əliyev söyləyib ki, əgər biz TANAP-la bağlı məsuliyyəti öz üzərimizə götürməsəydik, enerji məsələsi bu gün də müzakirə mövzusu olacaqdı: "Lakin indi 45 milyard dollarlıq Cənub Qaz Dəhlizi layihəsi icra edilir. Cənub Qaz Dəhlizi layihəsi bölgəyə sabitlik gətirəcək. Həyata keçirdiyimiz birgə layihələr həm bizi, həm də bölgəni gücləndirir. Biz birliyimizi gücləndirəcəyik. Türkiyənin gücü bizim gücümüzdür, birliyimizi gücləndirəcəyik". Dünən Bakıda Dünya Azərbaycanlılarının 4-cü Qurultayının keçirildiyini xatırladan Dövlət Başçısı söyləyib ki, Azərbaycanın diaspor təşkilatlarına daim Türkiyə diaspor təşkilatları ilə birgə fəaliyyət göstərmələri ilə bağlı təlimat verilib: "Biz bölgədə və dünyada birlik ortaya qoymalıyıq"
"Ortaq tarix və mədəniyyəti paylaşdığımız Azərbaycana bu dəfə Baş nazir kimi səfər etməkdən qürur duyuram". SİA-nın xəbərinə görə, bunu Azərbaycanda rəsmi səfərdə olan Türkiyənin baş naziri Binəli Yıldırım Azərbaycan prezidenti İlham Əliyevlə geniş tərkibli görüşdən sonra keçirilən mətbuat konfransında söyləyib. Parlamentdə hökumət etimadı aldıqdan sonra Şimali Kiprə, daha sonra Azərbaycana səfər etdiyini dilə gətirən baş nazir söyləyib ki, Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət prinsipinə əsaslanır. Azərbaycan və Türkiyə münasibətləri böyük inkişaf yolu keçib. Ankarada baş verən mənfur terror olayından sonra Azərbaycan Prezidenti Türkiyəyə səfər etməsi ilə Türk xalqının qəlbində böyük yer tutdu. Azərbaycanın dostu dostumuz, düşməni düşmənimizdir. Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanı dəstəkləyir".
B. Yıldırım qeyd edib ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistana "dur" deməyin zamanı çatıb: "Artıq söz zamanı deyil, iş görülməlidir. Bir dəqiqədə qərar qəbul edib iş görənlər Azərbaycan və Türkiyəyə gəldikdə fərqli davranırlar. Azərbaycanın işğal olunmuş torpaqları qaytarılan zaman bu məsələ çözüləcək. Beynəlxalq ictimaiyyətin ikili standartdan vaz keçməsinin zamanı çatıb".
Türkiyənin baş naziri Binəli Yıldırım bildirib ki, "Almaniya parlamentinin qərarından sonra Azərbaycan mövqeyini ortaya qoyduğu üçün təşəkkür edirəm". Onun sözlərinə görə, tarixçilərin fərqli baxışı olduğu bir məsələ ilə bağlı Alimaniya Bundestaqının qərarı böyük bir yanlışlıqdır: "Bundestaqın qondarma "erməni soyqırımı" barədə qərarının tamamilə yanlışdır. Ümid edirəm ki, bu yalnışlıq tezliklə aradan qaldırılacaq Almaniyada 3 miilyon türk yaşayır. Bu qərar Almaniyadakı türkləri də məyus edib. Xocalıda bir soyqırım törədilib. Nə üçün bunu nəzərə almırlar? Almaniya tarixi xətasını, eybini adiləşdirmək üçün parlament xətti ilə belə bir qərar qəbul edib. Lakin Türkiyənin tarixi şəffafdır. Beynəlxalq ictimaiyyəti ikili standartlara son qoymağa, Yaxın Şərqdə yaşanan faciələrə müşahidəçi qalmamağa dəvət edirik. TAP və TANAP layihələrinin regionun enerji təhlükəsizliyində böyük rol oynadığını dilə gətirən Baş nazir qeyd edib ki, 2018-ci ilin əvvəlində TANAP tamamlanacaq, Türkiyə v Avropa ölkələrinin qaz ehtiyacları təmin olunacaq Binəli Yıldırım Azərbaycan Prezidentini avqustun 26-da Sultan Səlim Yavuz körpüsünün açılışına dəvət edib: "Həmin açılış mərasiminə Azərbaycan Prezilenti İlham Əliyevi də dəvət edirəm. Sizin bu mərasimdə iştirakınız bizim üçün böyük şərəf olardı".
İyunun 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırımın şərəfinə ziyafət verilib.