PDF Oxu

Siyasət

  • 43

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir

Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirilir

İlham Əliyev: "Azərbaycanlılar tarixi Vətənlə əlaqələri kəsməməlidirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalıdırlar"

İyunun 3-də Bakıda, Heydər Əliyev Mərkəzində Dünya Azərbaycanlılarının IV Qurultayı işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qurultayın açılış mərasimində nitq söyləyib. Dünya Azərbaycanlılarının IV Qurultayının açılışı münasibətilə təbriklərini çatdıran Prezident İlham Əliyev bu qurultayın soydaşlarımızın birləşməsi üçün mühüm addım olduğunu bildirdi.

Dünya azərbaycanlılarının həmrəyliyinin hər zaman diqqət mərkəzində olduğunu deyən dövlətimizin başçısı ulu öndər Heydər Əliyevin bu sahədəki xidmətlərindən danışdı. Ümummilli Liderin uzaqgörənliyi sayəsində hər il minlərlə gəncin SSRİ-nin müxtəlif şəhərlərinə göndərilərək ali məktəblərdə oxuduqlarını, bunun da sonrakı dövrdə diaspor fəaliyyətinə mühüm töhfə olduğunu deyən Prezident İlham Əliyev məhz Heydər Əliyevin təşəbbüsü ilə 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunduğunu, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra diaspor quruculuğunun daha da sürətlə aparıldığını bildirdi. Hazırda dünyada 462 diaspor təşkilatının fəaliyyət göstərdiyini, diaspor qurumlarının daha da gücləndiyini deyən dövlətimizin başçısı nitqində gələcək fəaliyyətlə bağlı fikirlərini bölüşdü. "Azərbaycanlılar tarixi Vətənlə əlaqələri kəsməməlidirlər. Soydaşlarımız yaşadıqları ölkələrin ictimai-siyasi həyatında daha fəal olmalıdırlar", - deyən Prezident İlham Əliyev diaspor təşkilatları arasında əlaqələndirmə işinin aparılmasının, birlik və həmrəyliyin əldə olunmasının vacibliyini vurğuladı.

Diaspor təşkilatları ilə dövlət orqanları, həmçinin səfirliklər arasında əlaqələrin daha da gücləndirilməsinin əhəmiyyətinə toxunan Prezident İlham Əliyev son illərdə ölkəmizdə gedən inkişaf proseslərindən də danışdı, siyasi, iqtisadi və digər sahələrdə aparılan islahatların artıq öz bəhrələrini verdiyini dedi. Ölkəmizdə ictimai sabitliyin və iqtisadi inkişafın təmin edildiyini bildirən Prezident İlham Əliyev Azərbaycanın yürütdüyü xarici siyasətin də uğurlu olduğunu dedi, indi dünyada ölkəmizin 92 diplomatik nümayəndəliyinin və 62 səfirliyinin fəaliyyət göstərdiyini bildirdi. Dövlətimizin başçısı soydaşlarımızı yaşadıqları ölkələrdə yerli özünüidarəetmə orqanlarında və mətbuatda fəal olmağa çağırdı. Bunun Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrin ictimai dairələrinə çatdırılması baxımından əhəmiyyətli olduğunu dedi. "Diasporumuzun xarici media orqanları ilə əlaqəsi yaxşı təşkil olunmayıb". SİA-nın xəbərinə görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayının açılışında çıxışı zamanı söyləyib. Dövlət başçısı söyləyib ki, Azərbaycanın xarici mediaya çıxışı yaxşı vəziyyətdə deyil: "Bu vəzifə də diasporumuzun üzərinə düşür, buna dövlət müdaxilə edə bilməz. Ermənilər həmin mətbu orqanlarla geniş əlaqələr qurublar. Xaricdə böyük azərbaycanlı jurnalist təbəqəsi yetişməsi vacibdir: "Həmin jurnalistlər istər-istəməz Azərbaycan həqiqətlərini çatdıracaqlar. 21-ci əsrdə informasiya savaşı mühümdür. Hansı ölkəyə qarşı çirkin kampaniya aparılırsa, ictimai fikir ona qarşı gedir. Bu istiqamət prioritetdir və qurultayda müzakirə olunmalıdır. Əgər Azərbaycan dövləti buna dəstək verə bilərsə, buna hazırıq. Azərbaycan diaspor təşkilatları olan məsələdə bu, birinci məsələ olmalıdır".

Ölkə başçısı qeyd edib ki, ermənilər Azərbaycanı işğalçı, Ermənistanı yazıq ölkə kimi təqdim etməyə çalışırlar: "Buna müəyyən qədər nail ola biliblər. Belə olmasaydı, ABŞ Konqresi məşhur, eləcə də mənfur 907-ci düzəlişi qəbul etməzdi. Azərbaycan torpaqları işğal olunub, soyqırımı törədilib, ancaq bu düzəlişi qəbul ediblər ki, guya Azərbaycan Ermənistanı blokadada saxlayır. O dövrdə Azərbaycanı idarə edənlər də idarəçiliyin nə demək olduğunu bilmirdilər. Bu gün də həmin düzəliş qüvvədədir. Əvvəllər bu düzəlişin qaldırılmasına çalışsaq da sonradan qərara gəldik ki, buna ehtiyac yoxdur.

Çünki bizim kiminsə yardımına ehtiyacımız yoxdur, özümüz ayaqda durmağı bacarırıq. Biz dünya ictimaiyyətinə çatdırmalıyıq ki, Qarabağ tarixi torpaqlarımızdır, ermənilər XIX əsrin sonlarında Dağlıq Qarabağa, digər Azərbaycan torpaqlarına Şərqi Anadoludan, İrandan köçürülüb. Hətta Qarabağda ermənilərin köçürülməsinin 150 illiyi ilə bağlı abidə vardı. Ermənistan ərazisi də tarixi Azərbaycan torpağıdır, toponimləri sonradan dəyişdirirlər".

Dövlət başçısı deyib ki, xaricdə hələ də çoxları Dağlıq Qarabağın Azərbaycan torpağı olduğunu bilmirlər: "Biz bu istiqamətdə iş aparırıq, həqiqətlərimizi çatdırırıq. Diaspor təşkilatlarımız da internet saytları açmalı, Azərbaycan qəzetləri dərc etməli, həmin ölkələrin ictimaiyyətləri üçün bu media orqanları maraqlı olmalıdır. Dünyada informasiya əsrində yaşayırıq. Erməni diasporu bunu özü edir, səfil Ermənistan dövləti bunu edə bilməz, öz büdcəsi üçün pul tapa bilmir. Azərbaycan dövləti isə diaspor təşkilatlarına bu məsələdə kömək edə bilər".

Müstəqilliyin ilk illərində üzləşdiyimiz problemlərdən, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən danışan Prezident İlham Əliyev tarixi Azərbaycan torpaqlarında məskunlaşan ermənilərin keçmişi saxtalaşdırdıqlarını, qədim Azərbaycan toponimlərini dəyişdiklərini bildirdi. Ermənistanın işğalçılıq siyasəti nəticəsində ərazilərimizin 20 faizinin zəbt olunduğunu, 1 milyondan çox insanın qaçqın və məcburi köçkünə çevrildiyini, Xocalı soyqırımının törədildiyini diqqətə çatdırdı. Bu məsələdə informasiya mənbələrinin genişləndirilməsinin, diasporun internet və yazılı mətbuat resurslarından daha geniş yararlanaraq münaqişə ilə bağlı həqiqətlərin geniş miqyasda yaymasının zəruriliyinə toxunan dövlətimizin başçısı aprel döyüşlərində ermənilərin yalan informasiyaya əl atmaq niyyətlərinin puça çıxdığını, bu döyüşlərin Ermənistanın növbəti təxribatı olduğunu, Azərbaycan Ordusunun onlara layiqli cavab verərək düşməni yerində oturtduğunu bildirdi.

Prezident İlham Əliyev dedi ki, Ermənistan prezidenti bu yaxınlarda Avrasiya İqtisadi İttifaqının zirvə görüşündə yalan danışaraq bildirib ki, qondarma "Dağlıq Qarabağ ordusu" vəziyyətə nəzarət edir və Azərbaycan döyüşlərin dayandırılması ilə bağlı guya Rusiyadan xahiş edib. Bu iddianın tamamilə cəfəngiyata söykəndiyini deyən Prezident İlham Əliyev Dağlıq Qarabağın "ordusu"nun bir mif və ermənilərin beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün atdığı addım olduğunu konkret faktlarla əsaslandırdı. Əslində isə atəşkəsin bərpa edilməsi ilə bağlı Ermənistanın xahişi Rusiyanın baş qərargah rəisi və dövlət başçısı tərəfindən Azərbaycana təklif olunub:

"Yeri gəlmişkən, Ermənistan nə qədər çalışsa da ki, aprel döyüşləri barədə yalan məlumatları dünyaya ötürsün, buna nail ola bilməyiblər. Yalnız erməni diasporuna satılmış xarici jurnalistlər aprel döyüşlərini ermənilərin qələbəsi kimi qələmə verməyə çalışdılar. Ancaq bacarmadılar. Hamı bilir ki, aprel döyüşlərində nə baş verib və nəticəsi nədir. Ermənistan rəhbərliyi xalqını və dünya ictimaiyyətini aldatmağa çalışır. Gah dedilər ki, heç bir torpaq itirməyiblər, guya qələbə qazanıblar, sonra da dedilər ki, torpaq itiriblər, ancaq əhəmiyyəti yoxdur. Sonra da dedilər ki, Azərbaycan alınmış torpaqları qaytarmalıdırlar. Gülünc vəziyyətə düşüblər. Bunun son ifadəsi Ermənistan prezidenti Serj Sarkisyan Avrasiya İttifaqının sammitində çıxışı zamanı oldu. Serj Sarkisyan dedi ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmaq barədə xahiş edib, Qarabağ ordusu vəziyyəti nəzarətə alıb. Dəfələrlə yalan danışıb. Birincisi, aprel döyüşlərinin səbəbkarı Ermənistandır. Status-kvonu saxlamaq istəyir, təxribatlara əl atır. Ermənistan Dağlıq Qarabağda, o cümlədən Qazax istiqamətində təxribata əl atıb. Ermənistan 1 il əvvəl də təxribata əl atmışdı və buna görə bir vertolyotlarını itirdilər. Apreldə də Azərbaycan ordusu layiqli cavab verdi, Ermənistan yerinə oturdu. İkincisi, təmas xəttində nəzarəti necə ələ alıblar ki, 800 hektar torpaq itirdiklərini bildirirlər?! Həm də 800 hektar yox, 2000 hektardan çox ərazi azad edilib, bundan böyük əraziyə Azərbaycan ordusu nəzarət edir. Üçüncü yalan odur ki, Dağlıq Qarabağ ordusu yoxdur. Qarabağda erməni silahlı birləşmələrində xidmət edənlərin 80 faizi Ermənistan vətəndaşlarıdır. Dördüncü yalan odur ki, guya Azərbaycan Rusiyadan döyüşləri dayandırmağı xahiş edib. Bu, yalandır, Azərbaycan Rusiyadan xahiş etməyib. Azərbaycan ordusu əks-həmlə ilə torpaqlarımızı azad edib, 2-3 gün də Ermənistan itirilmiş torpaqları azad etməyə çalışıb. Sonra Rusiyadan xahiş edib. Rusiya Baş Qərargahı bildirdi ki, Ermənistan xahiş edir ki, döyüş dayandırılsın. Mən bir cümlədə 4 yalan danışan prezident görməmişəm, Ermənistan prezidenti bu baxımdan mənfi mənada Ginnesin rekord kitabına düşəcək. Aprel döyüşləri bir daha Azərbaycan ordusunun qüdrətini göstərdi. Qəhrəman Azərbaycan ordusuna eşq olsun! Yaşasın Azərbaycan!"- deyə, Azərbaycan prezidenti əlavə edib.

İki gün davam edəcək Dünya Azərbaycanlılarının IV Qurultayında 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibəti ilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılıb. Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparacaq, rəy və təkliflərini səsləndirəcəklər. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunacaq. Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay isə 2011-ci ildə keçirilib.

Digər xəbərlər