Prezident İlham Əliyev: "Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir"
Məlum olduğu kimi, Bakıda Dünya Azərbaycanlılarının IV Qurultayı keçirildi. Qurultayda 49 ölkədən 500-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edib. Qonaqların içərisində xarici ölkələrin Azərbaycana dost münasibətilə tanınan nüfuzlu siyasətçiləri, ictimai xadimləri, elm adamları və bir neçə ölkənin yüksək vəzifəli şəxsləri, parlament üzvləri də var idi. Xaricdən dəvət edilən qonaqlarla yanaşı, qurultayın işinə Azərbaycanın müxtəlif dövlət və hökumət strukturlarının, qeyri-hökumət təşkilatlarının, elm, təhsil, mədəniyyət və digər yaradıcı qurumların, siyasi partiyaların təmsilçilərindən ibarət 360 nəfərlik nümayəndə heyəti də qatılmışdı.
Qurultayda diaspor rəhbərləri müasir dövrdə informasiya müharibəsi, bu sahədə yeni fəaliyyət mexanizmlərinin tətbiqi, Azərbaycan diaspor hərəkatında gənclərlə bağlı yeni strategiyanın hazırlanması, yeni qlobal iqtisadi tendensiyalar fonunda lobbi quruculuğu, cəmiyyətə inteqrasiya, siyasi həyatda iştirak və digər bu kimi əhəmiyyətli mövzularda fikir mübadiləsi aparıb, rəy və təkliflərini səsləndiriblər. Dünya Azərbaycanlılarının IV Qurultayında Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində qarşıda duran vəzifələr, təbliğat işində müasir metodların və informasiya texnologiyalarının tətbiqi, soydaşlarımızın hüquq və azadlıqlarının qorunması istiqamətində mövcud olan problemlər və onların həlli yolları və s. prioritet məsələlər müzakirə olunub.
Xatırladaq ki, Dünya Azərbaycanlılarının I Qurultayı Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə, II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2006-cı ildə, III qurultay isə 2011-ci ildə keçirilib.
Xüsusilə, qeyd edək ki, 2001-ci il Azərbaycan diaspor təşkilatlarının formalaşdırılması işində çox önəmli il olub. Çünki birinci qurultaydan sonra 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb. Hazırda isə həmin komitənin adı Diasporla İş üzrə Dövlət Komitəsidir.
Bu gün diaspor təşkilatlarının təşkilatlanma və formalaşma prosesi daha da geniş vüsət alıb. Əgər 15 il öncə dünyada 200-dən bir qədər çox diaspor təşkilatımız var idisə, hazırda onların sayı 462-dir. Azərbaycan diaspor təşkilatları həm kəmiyyət, həm keyfiyyət baxımından böyük yol keçib, güclənib, bu gün dünya miqyasında azərbaycanlılar və onların təmsil etdikləri təşkilatlar önəmli rol oynayırlar.
Məlumat üçün bildirək ki, Ulu Öndər Heydər Əliyev bütün dövrlərdə, o vaxt Sovet İttifaqı çərçivəsində başqa respublikalarda yaşayan azərbaycanlılara həmişə diqqət göstərirdi. Məhz Onun təşəbbüsü ilə Sovet İttifaqında istisna hal kimi, Azərbaycan gəncləri imtahan vermədən Rusiyanın, digər müttəfiq respublikaların ali məktəblərində təhsil alırdılar. Hər il 800-dən çox Azərbaycan gənci ən qabaqcıl təhsil ocaqlarında təhsil alırdılar. Ondan sonrakı dövrdə - müstəqillik dövründə Ulu Öndər bu məsələni daim diqqət mərkəzində saxlayırdı. Məhz Onun təşəbbüsü ilə 1991-ci ildə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi və Birliyi Günü təsis edilmişdir. Bu gün bu bayramı bütün dünya azərbaycanlıları qeyd edirlər.
Dünya Azərbaycanlılarının IV Qurultayının rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev deyib ki, Azərbaycanda 15 il ərzində diaspor təşkilatları ilə qurulan iş, əlaqələr tam yeni bir vəziyyətə gətirib çıxardı. "Diaspor təşkilatlarının fəaliyyəti daim diqqət mərkəzindədir" - deyən Prezident İlham Əliyev qeyd edib ki, hazırda xaricdə yaşayan azərbaycanlıların sayı milyonlarla ölçülür. Əlbəttə ki, onlar yaşadıqları ölkələrin vətəndaşlarıdırlar. Mən çox istəyirəm ki, onlar yaşadıqları ölkələrdə daha da böyük mövqelərə nail ola bilsinlər. Yaşadıqları ölkələrin ictimai, siyasi və iqtisadi həyatında daha da fəal rol oynasınlar: "Yetişən gənc nəsil də Azərbaycan ilə bağlı olmalıdır. İlk növbədə, Azərbaycan dilini bilməlidirlər. Mən şadam ki, hazırda müxtəlif ölkələrdə 160-dan çox həftəsonu məktəbi fəaliyyət göstərir. Yəqin ki, biz bu məktəblərin sayını artırmalıyıq və Azərbaycan dövləti bu istiqamətdə öz səylərini davam etdirəcək".
Dövlətimizin başçısı bildirib ki, xaricdə Azərbaycanın 462 diaspor təşkilatı var: "Bu, özlüyündə onu göstərir ki, azərbaycanlıların yaşadıqları hər bir ölkədə bir neçə diaspor təşkilatı var. Əlbəttə, bu təşkilatlar arasında koordinasiya işi aparılmalıdır, birlik, həmrəylik olmalıdır. Bəzi hallarda bizim diaspor təşkilatlarımız bir-biri ilə rəqabət aparırlar. Əgər bu, sağlam rəqabətdirsə, mən bunu ancaq alqışlaya bilərəm. Bu rəqabət ümumi işimizə xidmət etməlidir. Biz ölkə daxilində də, xaricdə də birlik nümayiş etdirməliyik və bizim gücümüz birliyimizdədir. Bu gün Azərbaycanda vətəndaş cəmiyyəti birlik nümayiş etdirir. Biz vahid amal uğrunda çalışırıq. Ölkəmizin gələcəyi ilə, strateji istiqamətlə bağlı cəmiyyətimizdə fikir ayrılığı yoxdur. Dövlət müstəqilliyi, iqtisadi müstəqillik, sosial məsələlərin həlli, ərazi bütövlüyümüzün bərpası, digər məsələlər ətrafında cəmiyyətdə vahid fikir var, konsensus var.
Əlbəttə, mən çox istəyirəm ki, xaricdə fəaliyyət göstərən diaspor təşkilatları da bir nöqtəyə vursunlar, birləşsinlər. Belə olan halda onların gücü də, ictimaiyyət tərəfindən onlara qarşı hörmət də artacaq. Əgər xarici ölkələrin ictimaiyyəti görsə ki, Azərbaycan diaspor təşkilatları bir-biri ilə yola getmirlər, bir-birinin əleyhinə fəaliyyət göstərirlər, əlbəttə, bu, yaxşı hal olmayacaq. Belə hallar var, onlar çox deyil. Ancaq mən istərdim ki, bu gün bu kürsüdən bu mövzuya toxunum və qeyd edim ki, birlik əsas məsələdir. Xüsusilə, nəzərə alsaq ki, bütün azərbaycanlılar, onların böyük əksəriyyəti vətənpərvərdirlər, Vətənə bağlıdırlar. Onlar istəyirlər ki, Azərbaycan dövləti daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin".
Dövlət orqanları ilə Azərbaycan diaspor təşkilatlarının əlaqələri daimi olmalıdır, güclənməlidir. Diasporla İş üzrə Dövlət Komitəsi burada koordinasiya funksiyalarını icra edir. Eyni zamanda, Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri də bu işdə çox fəal olmalıdır.
"Mən onlara da dəfələrlə tövsiyə etmişəm, göstəriş vermişəm ki, diaspor təşkilatları ilə daim əlaqədə olsunlar. Mən xaricdə fəaliyyət göstərən səfirlərlə iki ildən bir görüş keçirirəm və hər bir çıxışda, xüsusilə bu mövzuya toxunuram ki, onlar diaspor təşkilatlarına kömək göstərməlidirlər" - deyə vurğulayan Prezident İlham Əliyev əlavə edib ki, diaspor təşkilatları ilə səfirliklər arasında möhkəm əlaqələr olmalıdır və bu əlaqələr güclənməlidir. Çünki bir daha demək istəyirəm, biz bir məqsədə qulluq edirik, biz hamımız istəyirik ki, Azərbaycan daha da güclənsin. Hamımız istəyirik ki, xaricdəki azərbaycanlılar rahat yaşasınlar, yaşadıqları ölkələrdə yüksək mövqelərə malik olsunlar və Azərbaycanı ləyaqətlə təmsil etsinlər: "Bir daha qeyd etmək istəyirəm ki, dövlət, hökumət, qanunvericilik orqanlarında Azərbaycan diaspor nümayəndələrinin sayı daha da çox olmalıdır. Hesab edirəm ki, bu sahədə hələ görüləsi işlər çoxdur. Əfsuslar olsun ki, azərbaycanlılar müxtəlif dövlət və qanunvericilik orqanlarında lazımi səviyyədə təmsil olunmurlar. Bu təmsilçilik onların sayına uyğun deyil. Ona görə bu istiqamətdə də iş aparılmalıdır. Əlbəttə ki, Azərbaycan dövləti bu işə heç cür müdaxilə edə bilməz və etməməlidir. Bu vəzifəni ancaq diaspor təşkilatları özləri həll etməlidirlər. Necə? Yenə də birlik hesabına. Əgər misal üçün, bir ölkədə bütün diaspor təşkilatları arasında vahid koordinasiya və qarşılıqlı dəstək, anlaşma varsa, deməli, bu məqsədə çatmaq üçün daha da asan yollar müəyyən ediləcək".
"SƏS" Analitik Qrupu