"Ölkəyə son üç ayda heç bir investisiya yatırılmayıb". Bu acı gerçəyi bu gün işğalçı Ermənistanın ekspert və rəsmləri açıq etiraf edirlər. Həmçinin, erməni ekspertləri onu da bildirirlər ki, Dağlıq Qarabağdakı müvəqqəti hərbi qələbədən doğan eyforiya artıq çoxdan işğalçı Ermənistanda dərin məyusluqla əvəzlənib.
Ermənistanın sabiq prezidenti Robert Koçaryan Sarkisyan hakimiyyətinin uğursuz iqtisadi siyasətindən danışarkən bildirib ki, ölkənin xarici borcları artmaqda davam edir: "8 ildən çox hakimiyyətdə olan Serj Sarkisyanın səviyyəsiz siyasəti ölkəni getdikcə uçuruma aparır. Artıq insanların sabaha olan ümidlərinin qırılması, təbii ki, əhalinin kütləvi şəkildə ölkədən köç eləməsini stimullaşdırmaqdadır. Gedənlər isə, əsasən, iş qabiliyyətli insanlardır. Yəni orta və cavan nəslin nümayəndələri, yerdə qalanlar isə kasad dövlət büdcəsi üçün yük sayılan yaşlı nəslin təmsilçiləridir".
Ermənistan Milli Konqresi parlament fraksiyasının rəhbəri Levon Zurabyan isə qiymət artımları ilə bağlı bildirib ki, ölkədə ən vacib məhsullar əhaliyə 250 faizə qədər artırılmış qiymətlərlə satılır. Dövlət idxalçıların inhisarçılığına göz yumur. Sarkisyan hakimiyyəti imtiyazlı biznesmenlər üçün xüsusi şərait yaradıb və onlar yoxsul əhalini daha da soyurlar: "Serj Sarkisyan iqtidarının ölkədən qanunsuz yolla çıxardığı 5,7 milyard dollar Ermənistanın kasad büdcəsinə xeyli ziyan vurub. Ermənistana son üç ayda heç bir investisiya yatırılmayıb. Ölkədəki rejim bura kapital qoyan insanları sığortalamır. Zamanla Ermənistan tam iqtisadi böhranla üz-üzə qalacaq".
Sadalananları nəzərə alan praqmatik erməni siyasətçiləri və təhlilçiləri haqlı olaraq hesab edirlər ki, bu minvalla Ermənistan çox tezliklə Rusiyanın əyalətinə çevriləcək - təxminən anklav Kalininqrad vilayəti kimi. Sadəcə, bir fərqlə - Ermənistan adlı əyalətin hələ ki, formal olaraq öz bayrağı, himni və gerbi var. Ancaq bu dövlət atributları 22 ildə sadə vətəndaşa rifah gətirməyibsə, qara qəpiklik dəyərdə deyilsə, onları saxlamağa dəyərmi?
Ermənistan deputatı: "Hazırda Ermənistan əhalisinin 70-80%-i yoxsulluq içində yaşayır"
Ermənistan parlamentinin deputatı Armen Rustamyan Ermənistan iqtisadiyyatının çökdüyünü bəyan edib: "Erməni xalqı xaricdən gələn kreditlər və ianələrin hesabına yaşayır. Hazırda Ermənistan əhalisinin 70-80%-i yoxsulluq içində yaşayır. Bu, çox acınacaqlı rəqəmdir, bizim iqtisadiyyat vaxt keçdikcə, daha da pisləşir. Ölkənin rəhbəri heç bir tədbir görməyi belə düşünmür".
Göründüyü kimi, ölkədə baş verən iqtisadi tənəzüll Ermənistanın əhalisinin ilbəil azalmasına səbəb olub. Belə ki, 2001-2011-ci illərdə (10 ildə) Ermənistan əhalisinin sayı 190 min nəfərə qədər azalıb. Belə ki, siyahıyaalmanın keçirildiyi 2011-ci ilin oktyabrında Ermənistanda 2,8 milyon nəfərdən az adam yaşayıb. Halbuki 10 il əvvəl bu rəqəm 3 milyon nəfər təşkil edib. 2015-ci ildə isə ölkəni tərk edən 54 min Ermənistan vətəndaşı geri qayıtmayıb.
Ermənistan iqtisadiyyatının ən böyük problemlərindən biri də xarici borclardır. Məsələn, hazırda dövlət borcunun ÜDM-ə nisbəti 40 faizdən artıqdır ki, bu da yetərincə mənfi göstəricidir. Hətta 2008-ci ildəki məşhur böhran zamanı ölkə o qədər pis vəziyyətə düşüb ki, bir çox strateji obyektləri borc qarşılığında Rusiyaya vermək məcburiyyətində qalıb. Bunlar, əsasən, elektrik stansiyaları və zavodlar idi.
Erməni ekspertləri bildirirlər ki, bütün bunlar Ermənistan prezidentinin həyata keçirdiyi işğalçılıq siyasəti üzündən baş verir. Nəticədə, regional təcrid vəziyyətinə düşən Ermənistanda şərait getdikcə daha gərgin mərhələyə qədəm qoyur. Xüsusən də, sürətlə davam edən bahalaşma insanların sosial durumunun daha acınacaqlı hal almasına rəvac verir.
Ermənistan Milli Statistika Xidmətinin verdiyi məlumata görə, hazırda ölkədə yoxsulluq səviyyəsi 35,8 faiz təşkil edir ki, bu da 1,2 milyondan artıq insanın dilənçi vəziyyətində yaşaması deməkdir. Erməni mətbuatı müstəqil tədqiqatlara söykənərək bildirir ki, Ermənistanda yoxsulluq səviyyəsində yaşayan əhalinin həcmi 48 faizdən bir qədər artıqdır və bu göstəricinin getdikcə artacağı da gözləniləndir. Erməni analitiklərinin fikrincə, hazırda ölkədə hər hansı iqtisadi inkişafdan söhbət gedə bilməz.
Bütün bunlar bir daha onu göstərir ki, sosial-iqtisadi sferada böyük problemlər yaşayan Ermənistan regional sülh və inkişafa öz işğalçılıq siyasəti ilə böyük təhlükə yaradır. Bu səbəbdən, Ermənistanın işğalçı siyasətinə son qoyulması üçün bu ölkəyə beynəlxalq birlik tərəfindən sərt formada təzyiqlər göstərilməsi vacib sayılır.
A.SƏMƏDOVA