"Almaniya dünya siyasətində və iqtisadiyatında yüksək rola malik ölkədir. Bu ölkə ilə münasibətlərin yüksək səviyyədə qurulmasını vacib sayıram". Bunu SİA-ya millət vəkili Azər Badamov deyib.Onun sözlərinə görə, cənab Prezident İlham Əliyevin Almaniya Federativ Respublikasına işgüzar səfəri iki ölkə arasında münasibətlərin və iqtisadi əlaqələrin möhkəmlənməsinə xidmət edəcək: "Bu səfər çərçivəsində Prezident İlham Əliyevin və Almaniyanın vitse-kanslerin rəhbərliyi ilə keçirilən İqtisadi Forumda Azərbaycanın iqtisadi imkanları təqdim olunub. Düşünürəm ki, forum iki ölkə arası iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edəcək. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzsiz rola malik ölkədir və ona görə də Almaniyaya da Azərbaycan əvəzolunmaz iqtisadi tərəfdaşdır".A.Badamov əlavə edib ki, federal kansler Angela Merkellə dövlət başçımızın görüşü zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etməklə torpaqlarımızın işğaldan azad edilməsi istiqamətdə fikir mübadiləsinin aparılmasının da böyük əhəmiyyəti var: "Çünki, Almaniya ATƏT-in sədridir, münaqişənin Minsk qrupu çərçivəsində sülh yolu ilə nizamlanmasında maraqlıdır və mövcud status- kvonun dəyişdirilməsinin tərəfdarıdır. Almaniya-Azərbaycan əlaqələrinin uğurlu inkişafı bütün regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət edəcək".
sia.az