"Uzun illərdir ki, Avropa Parlamenti Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirərək, ölkəmizə qarşı böhtan xarakterli, qeyri-obyektiv və qeyri-insanı hərəkət və davranışlar sərgiləyir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, Azərbaycan tərəfi bununla bağlı dəfələrlə xəbərdarlıq edərək, belə hallara son qoyulmasını tələb etsə də, Avropa Parlamenti ölkəmizə qarşı ənənəvi münasibətindən əl çəkmir: "Məhz bunun nəticəsidir ki, Azərbaycan haqlı olaraq Avropa Parlamenti ilə əlaqələrini kəsib. Xüsusilə də AP-nın rəhbərliyində olan şəxslərin Azərbaycana qarşı düşmənçilik mövqeləri səngimək bilmir. Avropa Parlamentinin liberal-demokratlardan ibarət fraksiya - ALDE qrupunun Azərbaycanın AŞPA-da səsvermə hüququnun dayandırılması ilə bağlı qərarı buna əyani sübutdur".Millət vəkili qeyd edib ki, qətnaməyə qarşı sərt mövqe nümayiş etdirməklə yanaşı, onun qəbul edilməsinə imkan vermək olmaz: "Mən ümidvaram ki, Avropa Şurası özünə hörmət edərək AP-nın bu qətnaməsinə rədd cavabı verərək, onu qəbul etməyəcək. Lakin ola bilsin ki, Avropa Parlamentində olduğu kimi, Avropa Şurasında da olan anti-Azərbaycan qüvvələri faəllaşsın. Biz bütün imkanlardan istifadə edərək, Avropa Şurasında həmkarlarımızın qüvvələrini səfərbər etməliyik. Sənədin qəbul edilməsinə imkan vermək olmaz".F.Ağamalının fikrincə, AP-da qəbul edilən sənəd erməni lobbisinin səyi nəticəsində həyata keçib: "Heç şübhəsiz anti-Azərbaycan qüvvələrinin içərisində erməni lobbisi mühüm rol oynayır. Onların arxasında erməni lobbisi ilə yanaşı ölkəmizi istəməyən, özündə islamafobiya düşüncələrini daşıyan, xristianlıq təəsübkeşliyinə üstünlük verən qüvvələr də var. Lakin burada ən təəssüfedici məqam onların arasında Azərbaycada fəaliyyət göstərən anti-milli qüvvələrin yer almasıdır. Həmin qüvvələr Azərbaycana qarşı bu cür qərəzli qətnamələrin çıxarılmasında ciddi rol oynayırlar".
sia.az