PDF Oxu

Siyasət

  • 26

Dördgünlük müharibə: "Ermənistan ictimaiyyəti Sarkisyanın istefasını tələb edir"

Dördgünlük müharibə: "Ermənistan ictimaiyyəti Sarkisyanın istefasını tələb edir"

Cari ilin aprel ayının ilk dörd günü baş verənlərə işğalçı ölkənin əhalisi Sarkisyanın istefasını tələb edərək bildiriblər ki, nə qədər Serj var erməni xalqı xoş gün görməyəcək. Ermənistan Milli Məclisinin deputatı, sabiq baş nazir Qrant Baqratyan da bu fikirlərlə həmfikir olduğunu bildirib və müdafiə və xarici işlər nazirlərinin parlamentə gələrək, onlara birbaşa hesabat verməsi tələbini irəli sürüb: "Biz hamımız Rusiyanı Azərbaycana silah satmaqda ittiham edirik. Amma orduda rabitə vasitələrinin, gecəgörmə cihazlarının çatışmazlığının səbəbkarı kimdir? Müdafiə naziri bura gələrək, bununla bağlı hesabat verməlidir".

Deputat Xaçatur Kokobelyan isə xarici siyasət idarəsinin işini tənqid edib. Bildirib ki, Ermənistan hakimiyyəti "Kazan sənədi" üzrə aparılan danışıqları ictimaiyyətdən gizlədir: "Xarici işlər naziri aparılan danışıqlarla bağlı hesabat verməlidir".

Erməni generalı: "Azərbaycan Ordusu daha güclü və təcrübəlidir"

Ermənistanın keçmiş müdafiə naziri, general-leytenant Vaqarşak Arutunyan da bu günlərdə "1in.am" saytına verdiyi müsahibəsində bildirib ki, 1991-ci ildə Rusiyadan göndərilərək Ermənistan Müdafiə Komitəsi sədrinin birinci müavini olmuş Vaqarşak Arutunyan bunun səbəblərini izah edib: "Səbəb silah-sursat idi və 1992-ci ildə erməni-rus münasibətlərini normal səviyyəyə salandan sonra bizim uğurlar başladı".

Erməni generalı, həmçinin Rusiyanın Ermənistana dəstək verdiyini söyləyib: "Silah satışına gəldikdə isə təkrar edirəm, indi mövcud olan hərbi balans, məhz Rusiyanın sayəsində qorunur. Əgər biz bu münasibətləri korlasaq, imkanlardan məhrum olacağıq və 1991-ci ilin statusuna qayıdacağıq. Əgər bizim Rusiya ilə münasibətimiz olmazsa, bizə kim silah satar?"

Amma bununla belə erməni generalı onu da etiraf edib ki, Azərbaycan Ordusunun daha güclü və təcrübəlidir. Azərbaycanın bir sıra silah növləri üzrə taktiki üstünlüyü var".

"Rusiya bizi hər şeylə, Azərbaycanın bazar qiyməti ilə aldığı silahla da təmin edir", - deyən Vaqarşak Arutunyan bildirib ki, Ermənistan bu silahları heç zaman bazar qiyməti ilə ala bilməz. Yəni indi Rusiya Müdafiə Nazirliyinin daxili qiymətləri ilə alır. Bunun üçünsə Yerevan çox şeylərə görə güzəştə getməli olub: "1992-ci ildə biz Rusiya ilə birlikdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) girdik. Biz vəziyyəti analiz edib gördük ki, bizim döyüşən dövlətimizin ayrı heç bir iqtisadi və hərbi-siyasi dəstəyi yoxdur. Qoy indi həmin günləri xatırlasınlar. Görsünlər ki, niyə Levon Ter-Petrosyan KTMT-yə girdi, çox sayda Ermənistan-Rusiya sənədləri imzalandı. Biz sərhəd qoşunlarının statusu barədə saziş bağladıq, 1995-ci ildə isə hərbi baza barədə sazişə imza atdıq".

Göründüyü kimi, Gürcüstanda doğulmuş və Bakıda ali hərbi təhsil almış Vaqarşak Arutunyan bu gerçəkləri söyləməklə Ermənistanda son zamanlar Rusiya əleyhinə başlamış hərəkatı söndürmək məqsədi daşıyır. Həmçinin, Rusiya hərbi dairələrinə yaxın olan əksər erməni zabitləri də çox narahat olublar. İndiyə kimi erməniliyini danan, özünü Rusiya patriotu kimi göstərən məşhur KQB zabiti Sergey Kurqinyan hətta Yerevana gələrək, təbliğata başlayıb.

"Müharibə olsa könüllü olaraq, Azərbaycan tərəfə keçəcəyik"

Bu fikri Qarabağ erməniləri deyib. Qarabağ erməniləri, həmçinin cinayətkar rejim rəhbəri Serj Sarkisyanın qarşısına bir şərt də qoyublar. Ya torpaqları qaytar, ya da müharibə olarsa, biz Azərbaycan tərəfə keçəcəyik. Həmçinin, Qarabağ erməniləri münaqişə zonasında hərbi əməliyyatların başlamasını istəmirlər. Onlar Azərbaycanın işğal olunan torpaqlarının azad edilməsini və Ermənistan silahlı qüvvələrinin bu ərazilərdən çıxarılmasını tələb edirlər. Qarabağ erməniləri onu da bildirirlər ki, "həyatla risk etmək zərurəti yarananda, hakimiyyətdəkilərin yadlarına düşürlər və bundan sonra da birlikdən, vəhdətdən danışılır: "Bu vətən hamımızındır, onu bir nəfər kimi qorumalıyıq" kimi şablon ifadələr işlədilir".

Erməni mətbuatının yazdığına görə, Dağlıq Qarabağdakı "dördgünlük müharibə"dən sonra Qarabağ erməniləri arasında psixoloji inqilab baş verib. Onlar deyirlər ki, varlılar davranışlarını dəyişməsələr, hər şeyi, hətta öz mülkiyyətlərini saymaqda davam etsələr, sadə camaat buna dözməyəcək. Partlayış olacaq".

Beləliklə, məhz söylənilən bu amillər deməyə əsas verir ki, artıq Ermənistanın özündə də ciddi qarşıdurmalar yaşanmaqdadır. Müharibədən, aclıq və səfalətdən bezən xalq Sarkisyan rejiminə nifrətini gizlətmir. Digər tərəfdən, dünya birliyinin də bu məsələdə artıq real həqiqətləri görməyə başlaması işğalçı rejimi çox pis vəziyyətdə qoymaqla yanaşı, onları dalana dirəyir. Artıq hər şey Ermənistanın istədiyi kimi deyil və bu dəfə Azərbaycan öz qüdrətli, güclü ordusu ilə sözünü deyir və beynəlxalq aləm bunu dərk edir.

A.SƏMƏDOVA

Digər xəbərlər