Prezident Kitabxanasında "MEHRİBAN ƏLİYEVA. Azərbaycanın birinci xanımının fəaliyyəti mətbuat səhifələrində" adlı elektron nəşrin təqdimat mərasimi keçirilir. SİA-nın xəbərinə görə, Prezident Kitabxanasının müdiri Mayıl Əhmədov, AMEA-nın prezidenti Akif Əlizadə, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digərləri iştirak edirlər.
Tədbiri giriş sözü ilə açan Prezident Kitabxanasının direktoru Mayıl Əhmədov bildirib ki, Mehriban xanım Əliyeva Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı və xoşməramlı səfir kimi, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında, Azərbaycan mədəniyyətinin xarici ölkələrdə təbliği, maddi və qeyri-maddi irsimizin qorunması sahəsində, xeyriyyəçilik və humanist addımların atılması istiqamətində çox böyük işlər görür. Mehriban xanımın çoxşaxəli fəaliyyəti artıq Avropa və Asiya qitəsi, eləcə də Azərbaycanın bəzi qonşu ölkələri də daxil olmaqla geniş bir coğrafiyanı əhatə edir və bu coğrafiya gündən-günə genişlənir.
Təqdim olunan elektron nəşr haqqında məlumat verən kitabxana direktoru söyləyib ki, nəşr 6 əsas bölmədən - "Azərbaycan Mədəniyyətinin Dostları Fondu", "Azərbaycan Gimnastika Federasiyası", "Azərbaycanın birinci xanımı", "Heydər Əliyev Fondu", "Xoşməramlı səfir", "Millət vəkili" bölmələrindən ibarətdir: "Elektron nəşrin ana səhifəsində Birinci xanımın qısa bioqrafiyası təqdim olunub, ona həm ölkəmizdə, həm də xarici dövlətlər və mötəbər beynəlxalq təşkilatlar tərəfindən verilən mükafatların, orden və medalların, fəxri adların və təltiflərin xronologiyası verilib. Nəşrin ilk bölməsində Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinə verdiyi dəstək öz əksini tapıb. İkinci bölmədə Mehriban xanımın Bakıda keçirilən I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri kimi göstərdiyi böyük təşkilatçılıq fəaliyyəti, Azərbaycanın idman ölkəsi kimi tanınması sahəsindəki gərgin əməyi barədə mətbuat səhifələrində dərc olunmuş materialların tam mətnləri öz əksini tapıb. Birinci xanım statusunda onun 2003-cü ildən başlayan fəaliyyətinə dair bütün materiallar - görüşləri, müsahibələri, çıxışları, səfərləri, eləcə də onun haqqında olan müəllif yazıları elektron nəşrin üçüncü bölməsində toplanıb. Mehriban xanımın Heydər Əliyev Fondunun prezidenti kimi, ölkəmizin sosial-iqtisadi və mədəni inkişafı istiqamətində gördüyü işlər dördüncü bölmədə öz əksini tapıb. Fəaliyyət sahəsinin genişliyi nəzərə alınaraq, resursda toplanmış materiallar iki bölmədə təqdim olunur. I bölmədə Fondun Prezidenti kimi, Mehriban xanımın bilavasitə fəaliyyətinə dair materiallar, II bölmədə isə Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın iştirakı ilə, eləcədə Fondun digər rəhbər işçilərinin iştirakı ilə keçirilən tədbirlərə dair materiallar toplanıb".Mayıl Əhmədov həmçinin bildirib ki, nəşrin beşinci bölməsində Mehriban xanım Əliyevanın UNESCO və ISESCO-nun Xoşməramlı səfiri kimi fəaliyyəti ayrı-ayrılıqda təqdim olunur. 2004-cü ildən UNESCO-nun, 2006-cı ildən ISESCO-nun Xoşməramlı səfiri olan Mehriban xanımın milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanılması, ölkə və dünya əhəmiyyətli tarixi abidələrin bərpası, yeni mədəniyyət obyektlərinin inşası, Azərbaycan mədəniyyətinin dünya ictimaiyyətinə tanıdılması kimi fəaliyyətinə dair materiallar, müəllif yazıları öz əksini tapıb. Məclisin deputatı kimi Mehriban xanımın çoxşaxəli fəaliyyətinə dair materiallar altıncı bölmədə toplanıb. Hazırda 2000-dən çox materialın tam mətnini əhatə edən bu elektron nəşr mütəmadi olaraq yenilənir. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan elektron nəşr http://www.mehribanaliyeva.preslib.az domeni vasitəsilə istifadəçilərə təqdim olunur.Tədbir davam edir.
sia.az