Bu gün Bakıda Dəmir Yolları Əməkdaşlıq Təşkilatına (DYƏT) üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyası keçirilib. SİA-nın məlumatına görə, tədbirin birinci və ikinci iş günlərində işçi qruplarının iclasları keçirilmiş, sessiyanın gündəliyinə çıxarılacaq sənədlərə bir daha baxılıb.9 iyun 2016 -cı ildə isə dəmir yolları administrasiyaları rəhbərlərinin iştirakı ilə Dəmir Yolları Əməkdaşlıq Təşkilatına üzv olan ölkələrin Nazirlər Müşavirəsinin 44-cü sessiyasının plenar iclası öz işinə başlayıb. Iştirakçılar öncə Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini yad etmiş, məzarı önünə əklil qoyublar. Sonra görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın məzarını ziyarət etmiş, məzarı önünə gül-çiçək dəstələri düzmüş, Şəhidlər Xiyabanında torpaqlarımızın müqəddəsliyi uğrunda canından keçən şəhidlərimizin məzarını ziyarət ediblər.Tədbiri giriş sözü ilə açan "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov qonaqları salamladı və sessiyanın gedişi üçün hər cür münbit şəraitin yaradıldığını bildirib.Sonra sessiyanın işində iştirak edən Azərbaycan Respublikası Baş nazirinin müavini Abid Şərifov iştirakçıları Azərbaycan hökuməti adından salamlayaraq tədbirin işinə uğurlar arzulayıb.Daha sonra tədbir iştirakçıları Azərbaycan dəmir yolunun inkişaf tarixindən bəhs edən filmə baxış keçiriblər.Sessiyanın gündəliyinə daxil edilən aşağıdakı məsələlərin mazakirəsinə başlanılıb. Koreya Respublikasının DYƏT-ə üzv olması haqqında; DYƏT-in 2015-ci ildəki fəaliyyəti haqqında; DYƏT-in Təftiş Komissiyasının 2015-ci ildəki fəaliyyəti haqqında; DYƏT-in nəqliyyat hüququ Komissiyasının 2015-ci ildəki fəaliyyəti haqqında; Birbaşa dəmir yolu bağlantısı Konvensiya layihəsinin mətninin qəbul edilməsi üzrə Beynəlxalq Konfransa hazırlıq haqqında; BMT-nin İqtisadi Komissiyasının "Ümumavropa və Avrasiya nəqliyyat dəhlizlərində vahid dəmir yolu hüququna doğru" işi üzrə DYƏT-in Komitə sədrinin məlumatı; DYƏT-in 2017-ci və qarşıdakı illər üçün fəaliyyət proqramı haqqında; üzvlük haqlarının ödənilməsi haqqında; DYƏT Komitəsinin 2016-cı il üçün yekun və 2017-ci il üçün ilkin büdcəsi haqqında; DYƏT-in Təftiş komissiyasının üzvlərinin tərkibi və ardıcıllığı haqqında; DYƏT-in Nazirlər Müşavirəsinin 45-ci sessiyasının tarixi, keçirilmə yeri və gündəliyi haqqında.Nazirlər Müşavirəsinin 44-cü sessiyası çərçıvəsində DYƏT-in 60 illik yubileyi də qeyd olunub.Qeyd edək ki, Dəmir Yollarının Əməkdaşlığı Təşkilatı (DYƏT) 28 iyun 1956-cı ildə Sofiya şəhərində (Bolqarıstan Respublikası) dəmir yoluna rəhbərlik edən nazirlərin nazirlər müşavirəsində yaradılmışdır. DYƏT-in mövcud olması və işi beynəlxalq xarakter daşıyan DYƏT haqqında Əsasnaməyə əsaslanır. 27 ölkənin dəmir yolu nəqliyyatına rəhbərlik edən nəqliyyat nazirlikləri və mərkəzi dövlət orqanları DYƏT-in üzvləridir.DYƏT-in Əsasnaməsinə əsasən bu qurumun işində bilavasitə dəmir yollarının fəaliyyəti ilə əlaqədə olan təşkilatın digər formada iştirak etməsi də mümkündür.DYƏT-in ali rəhbər orqanı Nazirlər Müşavirəsi, dəmir yolu müəssisələri səviyyəsində DYƏT-in dəmir yolları baş direktorlarının Konfransıdır. DYƏT-in icra orqanı Komitədir.Azərbaycan Dövlət Dəmir Yolu 1993-cü ilin iyul ayından Dəmir Yollarının Əməkdaşlığı Təşkilatının (DYƏT) üzvüdür.
sia.az