PDF Oxu

Siyasət

  • 28

Erməni yalanlarını alt-üst edən əsər

Erməni yalanlarını alt-üst edən əsər

Məlum olduğu kimi, Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları sovet dövründə -1920-1991-ci illərdə Azərbaycana və Türkiyəyə qarşı əsassız ərazi iddiaları irəli sürüb, məqsədə nail olmaq üçün uydurma erməni soyqırımını dövriyyəyə buraxıb, 80-ci illərin sonlarından isə Azərbaycana hərbi təcavüz edərək, Dağlıq Qarabağ regionunu və ətraf rayonlarını işğal edib. Ermənistanın və erməni təşkilatlarının bütün iddialarının əsassız olduğunu ən mötəbər mənbələr əsasında sübut etmək Azərbaycan tarixçilərinin başlıca vəzifələrindən biridir.Bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir neçə il əvvəl müəyyənləşdirdiyi hücum diplomatiyası taktikası öz bəhrəsini verməkdədir. Millət vəkili, görkəmli Azərbaycan tarixçisi, AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlının Moskvada rus dilində nəşr edilmiş "Azərbaycan, Ermənistan və Türkiyə 1920-1994-cü illərdə: real tarix" (Moskva, İNSAN, 2016. 616 səh.) adlı irihəcmli əsəri müstəsna əhəmiyyət daşıyır. Qeyd etmək lazımdır ki, M.Qasımlının Azərbaycanda və xarici ölkələrdə nəşr edilən əsərləri elmi ictimaiyyətin dərin marağına səbəb olur.Bilindiyi kimi, sovet dövründə, 1920-1991-ci illərdə Azərbaycan və Ermənistan müstəqil dövlətlər deyildilər, onların xarici siyasəti Mərkəzin əlində cəmlənmişdi. Buna baxmayaraq, Ermənistan SSR və xarici ölkələrdəki erməni təşkilatları Azərbaycan və Türkiyə əleyhinə fəaliyyətlərini müxtəlif üsullarla davam etdiriblər. Fəaliyyətlərin başlıca məqsədi nə olmuşdur? Məqsədə nail olmaq üçün hansı üsullardan istifadə edilib? Azərbaycan ərazisində süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayəti necə yaradılıb? Böyük dövlətlər öz maraqlarını reallaşdırmaq naminə erməni təşkilatlarından və Ermənistandan necə istifadə ediblər? Ermənistan və erməni təşkilatları öz yalanları ilə Mərkəzi və böyük dövlətləri necə aldadıblar? Azərbaycan ərazilərinin işğalı necə həyata keçirilmişdir və nəticələri hansılardır?Professor Musa Qasımlının bu monoqrafiyasında Azərbaycan, Rusiya, Gürcüstan, Türkiyə, ABŞ, Böyük Britaniya və digər ölkələrin arxiv materialları və sənədli mənbələri əsasında, sovetləşdirildikdən sonra Ermənistanın irəli sürdüyü əsassız ərazi iddiaları, Moskva və Kars konfranslarında ərazi məsələlərinin, Lozan konfransında "erməni məsələsi"nin həlli, sovet rəhbərliyinin erməniləri xarici ölkələrdən gətirərək yerləşdirməsi, süni surətdə Dağlıq Qarabağ Muxtar Vilayətini yaratması, İrəvanda Türkiyə nümayəndəliyinə hücum, 20-30-cu illərdə xarici ölkələrdən ermənilərin gətirilməsi, İkinci dünya müharibəsindən sonra Ermənistan SSR rəhbərliyinin Azərbaycandan DQMV-ni qopartmaq cəhdləri, Türkiyəyə qarşı ərazi iddialarını irəli sürməsi, bunlar baş tutmadıqda isə xarici ölkələrdən ermənilərin Ermənistana gətirilməsi, gəlmələrin yerləşdirilməsi üçün şərait olmadığından azərbaycanlıların tarixi torpaqlarından deportasiya edilməsi, onların hər cür şəraiti olan evlərinə və təsərrüfatlarına yerləşdirilmələri, 50-60-ci illərdə xarici ölkələrdəki erməni diasporasının və Ermənistan SSR rəhbərliyinin əsassız iddiaları və fəaliyyətləri, 70-80-ci illərdə erməni terror təşkilatlarının törətdikləri terror aktları, Azərbaycan torpaqlarını ələ keçirtmə cəhdləri, Ermənistanın hərbi təcavüzünün başlanması, gedişi və Azərbaycan ərazilərinin işğalının nəticələri məsələləri araşdırılmışdır. Problemə beynəlxalq münasibətlər, böyük dövlətlərin siyasəti və regionda baş verən proseslər baxımından yanaşan müəllif yeni və maraqlı bir elmi baxış ortaya qoyub.Mənbələrin əksəriyyəti ən mötəbər olmaqla, elmi dövriyyəyə ilk dəfə gətirilib. Əsər tarixçi, siyasətçi, diplomat və bu məsələ haqqında tarixi gerçəkləri bilmək istəyənlər üçün nəzərdə tutulub.Əsərin redaktoru görkəmli alim, professor Əli Həsənov, rəyçiləri isə dünyada tanınmış tarixçilər – Gürcüstanın Suxumi Universitetinin professoru Quram Marxuliya, Türkiyənin İpək Universitetinin prorektoru, professor Kamal Çiçək, Böyük Britaniya Mərkəzi Asiya İşləri üzrə Kral Cəmiyyətinin əməkdaşı, professor Mixail Basxanovdur.Qeyd etmək lazımdır ki, monoqrafiya əvvəlcə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən Azərbaycan dilində nəşr edilmiş və böyük maraq doğurmuşdur. Əsər Türkiyədə türk dilində nəşrə hazırlanır.

sia.az

Digər xəbərlər