"15 İyun Milli Qurtuluş Günü milli dövlətçiliyimizin bərpası günüdür. 15 iyun Azərbaycan xalqının yenidən siyasi təşkilatlanma üçün qədəm qoyduğu və vahid milli lider ətrafında birləşdiyi gündür". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.Baş redaktorun sözlərinə görə, əgər 1993-cü ilin 15 iyununda Azərbaycan xalqı Ümummilli Lider Heydər Əliyev ətrafında yenidən siyasi təşkilatlanmanı bacarmasaydı, bu gün müstəqil, qüdrətli inkişaf etmiş Azərbaycandan danışmaq mümkün olmazdı: "Olsaydı belə formal bir Azərbaycandan danışmaq mümkün olardı. Məhz bu tarix ölkəmizin sonrakı iqtisadi, siyasi, mədəni inkişafını təmin etməklə onu regionun qüdrətli dövlətinə çevirdi. Əlbəttə ki, müstəqillik çətin bir prosesdir. Ulu Öndərimizin qeyd etdiyi kimi müstəqilliyin qorunması daha da çətin prosesdir. Çünki özlüyündə müstəqil xarici siyasət formalaşdırmaq və milli maraqları müəyyən etmək müasir beynəlxalq münasibətlər sistemində ən mürəkkəb və çətin məsələlərdən biridir. Çünki beynəlxalq münasibətlər sistemində mövcud olan qlobal aktorlar milli dövlətlərin müstəqilliyinə qısqanclıqla yanaşırlar. Onların iqtisadi, siyasi, mədəni intellektual resurslarını istismar etməyə çalışırlar. Məhz sadaladığımız milli resursları təqdir edərək milli gücün ətrafında cəmləşdirmək, ondan bir vasitə kimi istifadə edərək müstəqilliyi gücləndirmək yalnız böyük tarixi şəxsiyyətlərə nəsib olan məsələdir. Təbii ki, bunu da Ümummilli Lider Heydər Əliyev bacardı. Bundan sonra da Azərbaycan daimi inkişaf mərhələsinə çıxdı".Millət vəkili əlavə edib ki, təsadüfi deyil ki, dahi şəxsiyyətin qurduğu dövlətlə bu gün bütün Azərbaycan xalqı fəxr edir: "Bu gün Azərbaycan dövləti regiondan dominantlığı, eyni zamanda Avropa İttifaqı kimi böyük bir siyasi təşkilatlanma ilə bərabərtərəfli tərəfdaşlıq və əməkdaşlıq etməyi bacarır. Bu mərhələdə Azərbaycanın əldə etdiyi ən böyük nailiyyətlərdən biri də milli dövlətin ideoloji, siyasi əsaslarının formalaşdırılması oldu ki, məhz bu əsaslar üzərində hazırda Prezident İlham Əliyev tərəfindən Azərbaycanın müstəqil dövlətçiliyi daha da inkişaf etdirildi. Bu gün Azərbaycan regionun ən fərqli dövlətinə çevirilib".
sia.az