Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatında 15 iyun "Milli Qurtuluş Günü"nə həsr olunan tədbir keçirilib. Tədbirdə görkəmli ictimai-siyasi xadimlər, millət vəkilləri, müxtəlif qurumların nümayəndələri və tələblər iştirak ediblər. Giriş nitqi ilə tədbiri açıq elan edən Yeni Azərbyacan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov 15 iyun-"Milli Qurtuluş Günü" ilə bağlı məruzə ilə çıxış edib.O qeyd edib ki, XX əsrin 90-cı illərinin əvvəlləri Azərbaycan tarixinin ən ağır dövlərindən birini təşkil edir: "Həmin dövrdə yenicə müstəqillik qazanmış Azərbaycan dövləti daxili və xarici düşmənlərin məngənəsində sıxılırdı. Anarxiya, vətəndaş müharibəsi o həddə çatmışdı ki, Azərbaycan idarəolunmaz bir vəziyyətdə idi. Səriştəsiz, müxtəlif dairələrin mənafeyinə xidmət edən adamların Azərbaycanı saldığı ağır vəziyyətdən yalnız Ulu Öndər Heydər Əliyev çıxara bilərdi. Mərhum prezident Əbülfəz Elçibəyin dəfələrlə etdiyi xahişdən, eyni zamanda Azərbaycan xalqının təkidli tələblərindən sonra Ümummilli Lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldi. Çox qısa bir zamanda Azərbaycan bütün problemləri geridə qaldı, ölkəmizdə canlanma başladı. 1994-cü il may ayının 11-də atəşkəs elan olundu. Bununla da ermənilərin işğalının qarşısı kəsildi. Daha sonra "Əsrin müqaviləsi" imzalandı. Azərbaycan NATO-nun sülh naminə tərəfdaşlıq proqramına qoşuldu. Təsəvvür edin ki, o vaxt hakimiyyətdə olan qüvvələr qonşu dövlətlərlə də düşmən münasibətləri yaratmışdılar. Təkcə qardaş Türkiyə ilə dostluğumuz var idi. Heydər Əliyev hakimiyyətə gələndən sonra İran, Rusiya, ABŞ və digər dövlətlərlə ən yüksək səviyyəli dostluq münasibəltərinin əsasını qoydu. 15 iyun tarixi nə üçün "Milli Qurtuluş Günü"dür? Biz nədən qurtulmuşuq? Biz məhv olmaqdan, dağılmaqdan qurtulduq. Ulu Öndər Azərbaycanı xilas etdi, xalqımızın başına gətirilməsi nəzərdə tutulan bütün oyunların qarşısını aldı və Azərbaycanın gələcək inkişafını təmin etdi. Azərbaycanın inkişafının əsası elə möhkəm sütunlarla qoyulmuşdur ki, qısa bir müddətdə Azərbyacan dünyanın ən inkişaf etmiş dövlətinə çevrildiyini şahidi olacağıq".Daha sonra çıxış edən YAP Yasamal rayon təşkilatının sədr müavini İbad Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki rolundan, xalqımız, dövlətimiz qarşısında göstərdiyi xidmətlərdən danışıb.Tədbirin sonunda bir qrup şəxsə, müxtəlif qurumların nümayəndələrinə YAP-ın üzvlük vəsiqələri təqdim edilib.
sia.az