"Ermənistan tərəfi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlara hazır deyil. Düşmən ölkənin cinayətkar prezidentinin iyun ayının sonunda Sankt-Peterburqda keçirilməsi nəzərə tutulan Prezidentlərinin görüşü ərəfəsində bir neçə dəfə sərsəm bəyanatla çıxış etməsi buna əyani sübutdur". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov deyib. Onun sözlərinə görə, Ermənistan tərəfi hələ də dərk edə bilmir ki, Azərbaycan öz torpaqlarını işğal altında qoymayacaq: "Aprel döyüşlərində Azərbaycan ordusunun strateji əhəmiyyətli mövqeləri ələ keçirməsini anlamaq istəməyən Ermənistan tərəfi həyasızcasına danışıqlara həmin mövqelərin geri qaytarılması şərtilə gedəcəklərini bəyan edir. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, heç kimi torpağını ələ keçirməyib. Sarkisyan danışıqlara zaman qazanmaq, torpaqlarımızı işğal altında saxlamaq müddətini, status-kvonu və hakimiyyətinin ömrünü uzatmaq məqsədilə danışıqlara gedir. Bu baxımdan İyunun sonunda keçiriləcək prezidentlərin növbəti görüşündə Ermənistanla ədalətli mövqe gözləmirəm".Dağlıq Qarabağ münaqişəsinin həlli açarının Rusiyada olduğunu xatırladan E. Məmmədov söyləyib ki, Azərbaycan münaqişənin həllində dost ölkədən ədalətli mövqe gözləyir: "Həmsədr dövlətlər arasında Rusiya regionda söz sahibidir. Biz Rusiya ilə dostluq, qonşuluq münasibətlərini qoruyub saxlamaqla yanaşı, ildən-ilə inkişaf etdiririk. Bizim münasibətimizin müqabilində Rusiya problemin həllində maraqlı olmalıdır. Rusiyanın Ermənistanda hərbi bazaları var və o, regiona nəzarət etmək üçün Ermənistanı itirmək istəmir. Bundan başqa Rusiya danışıqlarda həm öz, həm də Ermənistanın adından söz sahibidir. Belə olan halda, Azərbaycan Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar Rusiyadan ədalətli mövqe gözləyir".
sia.az