YAP Ağdam rayon təşkilatı və rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Ağdam Olimpiya İdman Kompleksində 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bərdə, Yevlax, Ağcabədi, Beyləqan, Biləsuvar, Şirvan, Şuşa, Göyçay, Goranboy və ətraf rayonların iştirakı ilə sərbəst güləş üzrə açıq birincilik yarışına start verilmişdir.
İdman yarışını giriş sözü ilə açan Ağdam rayon Gənclər və İdman İdarəsinin rəisi Elnur Əhmədov yarışın qrafiki barədə idmançılara məlumat verib.
Tədbirdə çıxış edən YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev tədbir iştirakçılarını 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib. Milli Qurtuluş Günü ilə bağlı məlumat verən İ.Quliyev bildirib ki, 23 il öncə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı Azərbaycanı xaos və hərc-mərclikdən, parçalanmaq təhlükəsindən, vətəndaş müharibəsindən xilas etdi:"Qısa vaxtda ölkədə siyasi sabitliyə, atəşkəsə nail olandan sonra Dahi Rəhbər bütün sahələrdə ölkənin sosial-iqtisadi inkişaf konsepsiyasını hazırlayıb həyata keçirmək imkanı qazandı. Qonşu ölkələrlə pozulmuş münasibətlər bərpa olundu, dünyanın inkişaf etmiş ölkələri ilə xalqımızın və dövlətimizin milli maraqlarına uyğun əlaqələr quruldu".
İ.Quliyev bildirib ki, əbədiyaşar Lider Heydər Əliyevin siyasi xəttinin ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində son illər həyatımızın bütün sahələrində qazanılan nailiyyətlər Ulu Öndərimizin dövlətçilik ideyalarının təntənəsidir. Azərbaycanın müasir tarixində uğur faktoru kimi özünü təsdiqləmiş Heydər Əliyev yolu Onun ardıcılları və xalqı tərəfindən uca tutulur.
Çıxışlardan sonra yarışa start verilib. Yarış yekunlaşandan sonra qaliblər mükafatlandırılıb.
ZÜMRÜD