Samux rayon Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 15 İyun Qurtuluş Gününə həsr edilmiş istedadlı gənc rəssam Xumar Kazımlının fərdi rəsm sərgisi keçirildi. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Samux rayonundakı Heydər Əliyev Mərkəzində Gəncə, Naftalan şəhərləri, Daşkəsən, Göygöl, Samux və Kəlbəcər rayonlarının vətəndaşlarını qəbul edib. Görüşdən öncə nazir Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsi önünə tər gül dəstəsi qoyaraq, xatirəsini ehtiramla yad edib, sonra mərkəzin ekspozisiyasına baxıb. Mərkəzdə istedadlı gənc rəssam Xumar Kazımlının fərdi sərgisi ilə tanış olan nazir ona yaradıcılıq fəaliyyətində uğurlar arzulayıb. Sərgidə nazirlə birgə Samux rayon icra hakimiyyəti başçısı Alı Qocayev də iştirak edib.
Bundan başqa, növbəti gün Samux rayon Heydər Əliyev Mərkəzinin Rəsm Qalereyasında keçirilən sərginin açıq qapı günündə mərkəzin rəhbəri Aygün Həsənzadə, Samux rayon icra hakimiyyətinin nümayəndələri, gənc rəssam Elçin Cəfərov , ailə üzvləri və digər qonaqlar iştirak ediblər.
Sərgidə təbiət mənzərələrini əks etdirən rəsmlər, milli və müasir üslubda işlənmiş əsərlər, portretlər, dekorativ kompozisiyalardan ibarət 30-dan çox rəsm işi nümayiş olunub. Əsərlər rəngkarlıq və qrafika janrlarında işlənilib.
Samux rayon Heydər Əliyev Mərkəzinin direktoru Aygün Həsənzadə ölkəmizdə yaradıcı gənclərə göstərilən dövlət qayğısından söhbət açaraq, belə sərgilərin uşaqların istedadının üzə çıxarılmasında mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Gənc rəssam Xumar Kazımlı: "Mən çox xoşbəxtəm və çox həyəcanlıyam. Mənə dəstək olduqlarına görə hər kəsə, xüsusən də, valideynlərimə təşəkkür edirəm".
Tədbirdə çıxış edən digər qonaqlar gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yaradıcılıq uğurları arzulayıblar. Mərkəzin adından gənc rəssama Fəxri Fərman və hədiyyə təqdim edilib. Onu da qeyd edək ki, Xumar Kazımlı Nizami qızı Samux rayon İnstitut qəsəbəsində yaşayır, Samux rayon İstitut qəsəbə tam orta məktəbin 7- ci sinif şagirdidir. Rəssamlıq Məktəbində təhsil alan gənc rəssam 6 yaşından rəsm çəkməyə başlayıb. Əsasən, əsərlərində milli- vətənpərvərlik hisslərini daha çox nümayiş etdirir.
RƏFİQƏ