Dünən YAP Qusar rayon təşkilatı 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə rayonun Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirib. Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar. Sonra Heydər Əliyev Mərkəzində yerləşən eksponatlara baxış keçirilib.
Tədbiri giriş sözü ilə açan YAP Siyasi Şurasının üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar tədbir iştirakçılarını təbrik edərək, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişi ilə müasir Azərbaycanın həyatında ən mühüm taleyüklü rol oynadığını bildirib.
Rayon təşkilat sədri qeyd edib ki, Ulu Öndərin xalqın təkidli xahişi ilə hakimiyyətə qayıdışından sonra, həyatın bütün sahələrində inkişafa və tərəqqiyə nail olundu:"Azərbaycan beynəlxalq məkanda özünə layiqli yer qazandı, qlobal layihələrə imza atıldı, xalqın yaşayışında müsbət dəyişikliklərə nail olundu. Əldə olunan bu uğurlar davamlı və dönməzdir. Çünki Ulu Öndərin əsasını qoyduğu bu siyasət ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir".
Sonra Ümummilli Lider Heydər Əliyevin fəaliyyəti haqqında sənədli filmə baxış keçirilib.
Tədbirin sonunda general Mahmud Əbilov meydanında rayon incəsənət ustaların ifasında bayram konserti təşkil olunub.
NƏZAKƏT