PDF Oxu

Siyasət

  • 19

TANAP ölkəmiz, region və Avropa üçün çox əhəmiyyətli layihədir

TANAP ölkəmiz, region və Avropa üçün çox əhəmiyyətli layihədir

Bu gün Azərbaycan müstəqil iqtisadi siyasət yeridir, bir sıra qlobal enerji və nəqliyyat layihələrinin təşəbbüskarı və fəal iştirakçısı rolunda çıxış edir. Özünün zəngin karbohidrogen ehtiyatları hesabına enerji təhlükəsizliyini tam təmin etmiş ölkəmiz uzun illərdir ki, Avropanın da enerji təhlükəsizliyinə mühüm töhfələr verir. Artıq dünyanın potensial qaz ixracatçısına çevrilmiş ölkəmiz regionun və Avropanın enerji xəritəsini zənginləşdirir, XXI əsrin əsas qaz təchizatçısı kimi diqqəti özünə daha çox cəlb edir.

Həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində beynəlxalq aləmdə böyük nüfuz qazanmış Azərbaycan artıq özünü zəngin qaz ölkəsi kimi də təqdim edə bilmişdir. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Təsadüfi deyil ki, son illər "mavi yanacağa" getdikcə artmaqda olan tələbatının ödənilməsinə çalışan Avropa və bir sıra dünya ölkələri əsas qaz təchizatçısı kimi məhz Azərbaycana ümid bəsləyirlər. Bu isə ölkəmizə qaz ehtiyatlarını dünya bazarına çıxarmaq üçün şaxələndirilmiş ixrac marşrutlarının yaradılmasına imkan yaradır.

Azərbaycanın zəngin təbii ehtiyatlarının dünya bazarlarına çıxarılmasında önəmli rola malik olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərləri transmilli layihələrdəndir. 2012-ci il iyunun 26-da isə Azərbaycan ilə Türkiyə arasında daha yeni iri layihənin - Trans-Anadolu təbii qaz boru kəmərinin (TANAP) reallaşdırılması üçün təşkilati məsələlərə dair ilk razılaşma və hökumətlərarası sazişin imzalanması qardaş ölkələrin gələcəyə doğru birgə addımladığını göstərdi.

Təxminən 10 milyard dollar dəyərində olan TANAP layihəsi üzrə tikinti işləri hazırda fasiləsiz davam etdirilir. Təməli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Qarsda qoyulan və Azərbaycanın təbii qazını Türkiyədən keçməklə Avropaya çatdıracaq TANAP-ın Səlim mahalındakı tikinti sahələrində işlər sürətlə aparılır.

Azərbaycanın "Şahdəniz-2" yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın 2018-ci ildə istismara verilməsi nəzərdə tutulur. TANAP ilə Avropaya 10 milyard kubmetr, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli planlaşdırılır. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin ötürücülük qabiliyyətinin 2023-cü ildə 23 milyard kubmetrə, 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.

Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən bir ölkəyə çevrilib. "Şahdəniz-2" enerji layihəsinin reallaşdırılması isə birbaşa xarici sərmayə baxımından ən böyük layihə olacaq. Bu, Azərbaycanda əlavə 10 min iş yerinin açılması deməkdir. Qürurverici haldır ki, bütün zəruri infrastruktur Azərbaycanda inşa ediləcək. Bp şirkəti isə, öz növbəsində, Azərbaycanın enerji və hasilat bacarığının artırılmasına öz töhfəsini verəcək. Azərbaycandan kənarda daha 20 min yeni iş yeri açılacaq.

İlkin hesablamalara əsasən, Azərbaycanın "Şahdəniz" yatağının birinci və ikinci fazasının işlənməsindən əldə edəcəyi gəlirin həcmi 200 milyard dollara yaxın olacaq. Bu isə dövlətin və eləcə də ölkə əhalisinin iqtisadi gəlirlərinin kəskin artması baxımından ciddi maliyyə mənbəyidir. Digər tərəfdən, "Şahdəniz" yatağının ikinci fazası Azərbaycanın enerji resurslarının satışından əldə etdiyi gəlirlərinin stabil olaraq tənzimlənməsinə imkan verəcək və Hasilatın Pay Bölgüsü Sazişi üzrə neft ixracının mərhələli tərzdə aşağı düşməsinin iqtisadiyyata hər hansı mənfi təsirini aradan qaldıracaq. Başqa sözlə, bu anlaşma mərhələli olaraq Azərbaycanın neft dövrünün uzunmüddətli qaz dövrü ilə əvəzlənməsi deməkdir.

"Cənub" qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən "Trans-Adriatik" (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.

Xatırladaq ki, Türkiyənin Qars vilayətinin Səlim rayonunda TANAP-ın təməli qoyulub. Mərasimdə üç ölkənin rəhbərləri - Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili iştirak ediblər. 3500 kilometr məsafə qət edəcək "Cənub" qaz dəhlizinin yolu bu üç ölkənin ərazisi boyu uzanır. Başqa sözlə, dəhlizin birinci mühüm seqmenti CQBK öz çıxış məntəqəsində - Türkiyənin şərq sərhədində TANAP-a bağlanacaq. Sonra isə bu xətt Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi ərazisində "Cənub" qaz dəhlizinin üçüncü mühüm hissəsinə - TAP-a qovuşacaq.

Azərbaycan bu layihənin təşəbbüskarı olub və layihəni vaxtında icra etmək üçün tərəfdaşlarla, qonşu ölkələrlə və sərmayədarlarla fəal şəkildə işləyir. Azərbaycanın nəhəng qaz ehtiyatları var. Ölkəmizin təsdiqlənmiş qaz ehtiyatları təxminən 2,6 trilyon kubmetrdir. "Cənub" qaz dəhlizi üçün, hələlik, yeganə resurs bazası olan "Şahdəniz" yatağında 1 trilyon kubmetrdən çox qaz var.

TANAP beynəlxalq aləmdə dəstəklənən bir layihədir. Bununla bağlı ölkə Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, TANAP layihəsi ölkəmiz, region və ümumiyyətlə, Avropa üçün çox əhəmiyyətli layihədir, strateji əhəmiyyət daşıyan bir layihədir: "Bu layihə bizə imkan verəcək ki, zəngin qaz resurslarımızı dünya bazarlarına çıxaraq. Avropa isə alternativ qaz mənbəyi əldə edəcək. Tranzit ölkələr, - eyni zamanda, onlar istehlakçı ölkələrdir, - bundan böyük mənfəət götürəcəklər. Yəni bu layihənin bütün iştirakçıları böyük siyasi və iqtisadi dividend əldə edəcəklər. Bu layihənin təşəbbüskarı Azərbaycandır. Əsas iqtisadi yük bizim üzərimizə düşür və biz bu layihəni icra etməyə tərəfdaş ölkələrlə başlamışıq. Keçən il Türkiyənin Qars şəhərində TANAP layihəsinin təməl daşı qoyulub və işlər uğurla davam etdirilir. Bu il artıq kəmərin inşası başlayır".

"SƏS" Analitik Qrupu

Digər xəbərlər